Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycan arasında münasibətlərin rəsmi şəkildə strateji müttəfiqlik səviyyəsinə çatdırılmasının əyani nümunəsidir. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.Komitə sədri vurğulayıb ki, bu sənəd Qars müqaviləsi qədər əhəmiyyətlidir və hər iki tərəfin təhlükəsizliyinin birgə təmin edilməsi üçün imkanlar yaradır.“Azərbaycan Prezidenti cınab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən 15 iyun 2021 - ci ildə Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi bu ilin fevral ayının 1 - də Azərbaycan Parlamenti tərəfindən ratifikasiya olunubdur. Bu sənəddə diqqəti cəlb edən və hər iki ölkə tərəfindən dəyərləndirilən, xalqlarımız tərəfindən alqışlanan mühüm məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə əlaqədardır. Sənəddə qeyd edildiyi kimi, əgər bu iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edilərsə onlar bir - birini qoruyacaqlar.Əlbəttə bu, hər iki ölkə üçün çox vacibdir. Çünki istər Azərbaycan istərsə də Türkiyə uzun müddətdir ki, erməni təcavüzündən, eləcə də ermənipərəst dövlətlərin təsirlərindən əziyyət çəkir. Azərbaycan torpaqları 30 il düşmən əsarətində qaldı, şəhər və kəndlərimiz tarımar edildi, milyondan çox vətəndaşımız əzablı günlər yaşadı, minlərlə dinc sakin öldürüldü, yaralandı, şikəst edildi. Azərbaycan xalqı öz Prezidenti ətrafında birləşərək torpaqları azğın düşməndən təmizlədi, erməni təcavüzkarları torpaqlarımızdan çıxarıldı. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin düşünülmüş siyasəti, qətiyyəti, ordumuzun şücaəti, xalqımızın birliyi sayəsində əldə edilmiş bu qələbədə Türkiyə və türk xalqı daimi bizə mənəvi dəstək oldu, qələbəmizə sevindilər, zəfərimizi alqışladılar. Bununla bərabər türk vətəndaşları, qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsini imzalamaqla ən çətin günlərdə Azərbaycanın yanında olacağını rəsmən elan etdilər və buna qol qoydular. Artıq Türkiyə Böyük Millət Məclisi də Şuşa Bəyannaməsini təsdiqləyib. Bu tarixi bir hadisədir və xalqlarımızı qürurlandırır, gücümüzü artırır, birliyimizi möhkəmləndirir və dövlətlərimizi daha böyük uğura aparır”, deyə Tahir Rzayev bildirib.
Müəllif: İnam Hacıyev