“Cənab Prezidentin "Rossiya-24" telekanalına verdiyi müsahibə sadəcə bir xarici televiziya kanalına verdiyi müsahibə deyildi. Əslində bu bizim üçün çox yaxın qonşuluq, dostluq və strateji tərəftaşlıq səviyyəsində olan və uzun illər tarixi köklərə əsaslanan qonşuluq münasibətlərinin əksi idi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili İlham Məmmədov bildirib.

Onun sözlərinə görə, bu gün dünyanın güc mərkəzləri dünyanın idarə olunmasında və müxtəlif beynəlxalq səviyyəli problemlərin həllində dünyanın iki qütbünün mübarizəsindən ibarətdir: “Rusiya böyük dövlətdir və bu qütblərdən biri də Rusiyadır. Rusiya auditoriyasının dinlədiyi bu müsahibə tək o auditoriya üçün deyildi. Cənab Prezident ümumiyyətlə dünyada baş verən beynəlxalq münasibətlərə öz konkret fikirlərini bildirdi. Rusiya ilə qonşuluq çərçivəsində iki dövlətin biri-birinə münasibətini müəyyən edən bir çox parametrləri açıq şəkildə göstərdi. Bu parametrlər isə xüsusilə 5 sahə üzrə müəyyənləşir. İqtisadi, sənaye, turizm, energetika sahəsində olan 5 yol xəritəsinin icrasından, bu sahədə həyata keçirilən işlərdən və əlavə olaraq innovasiya və gənclər siyasəti barəsində də danışıldı. Yeni yol xəritəsinin hazırlanaraq bu yaxınlarda icra olunması da qeyd edildi. Cənab Prezident bunu qeyd etməklə əslində iki dövlət arasında dostluq münasibətlərinin artan xətt üzrə inkişafını göstərdi. Təbii ki, burada konkret olaraq ticari dövriyyənin 3 milyard dollardan yuxarı olması iqtisadi münasibətlərdə göstəricinin yüksək səviyyədə olması ilə bağlıdır.
Yeni gənclər siyasəti sayəsində yol xəritəsinin hazırlanmasını, bu il keçiriləcək Rusiya və Azərbaycan forumunun da baş tutacağını cənab Prezident qeyd etdi. Ötən əsrin əvvəllərindən vahid bir məkanda yaşadığımız müddətdə formalaşan övladlarının münasibətlərindən başqa, yeni yetişən müstəqil dövlətlər olan Rusiya və Azərbaycan dövlətlərinin gənclərinin də biri-birini yaxından tanıması, qarşılıqlı dostluq münasibətlərinin qurulmasının gələcəkdə regionun təhlükəsizliyi baxımından önəmi qeyd olundu. Bu gələcəyi düşünərək atılmış bir addımdır. Təbii ki, burada 2-ci Qarabağ müharibəsi mövzusuna da toxunuldu. 2-ci Qarabağ müharibəsində Azərbaycanın yaratdığı reallığın regiona təsirindən və aspektlər aydın şəkildə bildirildi. Ümumiyyətlə cənab Prezidentin "Rossiya-24" kanalına verdiyi müsahibədə bütün məqamlar, bütün sahələri əhatə etdiyi fikirlər öz əksini tapdı. Cənab Prezident təbii ki, bu müsahibədə yeni pandemiya şəraitində əlaqələrdə yeni münasibətlər formalaşdığını, bizim də buna əməl etdiyimizi bildirdi. Ancaq Azərbaycan multikultural dəyərlərin təbliği üçün çox geniş bir beynəlxalq platformadır. Bu sahədə öhdəliyimizdə olan bir çox məsələlər var ki, bunların hər birinin həlli üçün çalışırıq. Eyni zamanda bu proqramların həyata keçirilməsində Azərbaycanın ev sahibliyi etməyə hazır olduğu da bildirildi. Eyni zamanda Avropa İttifaqı ilə münasibətlərdə də biz Avropa İttifaqının Şərq tərəfdaşlığı çərçivəsində 9 ölkəsi ilə strateji dostluq müqaviləsi imzalamışıq. Amma təbii ki, Avropa ailəsinin tam üzvü olmaq üçün onların müəyyən etdiyi sazişlərin özü sanki bir təlimata bənzəyir".