“Xocalı faciəsi Azərbaycan xalqına qarşı törədilmiş tarixdəki bütün cinayətlərin ən dəhşətlisidir. Bu cinayət hadisəsi özünün mahiyyətinə görə vaxtilə İkinci Dünya Müharibəsində alman faşistlərinin Xatın şəhərində törətdikləri qətliam ilə 60-70-ci illərdə yunanların Kiprdə həyata keçirdikləri soyqırım hadisəsi ilə yanaşı dayanır”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
.jpg)
Onun sözlərinə görə, Xocalı soyqırımı həm Azərbaycan xalqının məruz qaldığı faciələri nümayiş etdirmək baxımından, həm erməni faşizminin əsas üzünü bütün dünyaya göstərilməsi baxımından, həm də indiki və gələcək Azərbaycan və dünya nəsillərinin öyrənməsi baxımından çox ciddi faktdır: “Xocalı faciəsinin izləri hələ də yaşayır. Xocalıda itkin düşmüş insanlar haqqında tam dəqiq şəkildə məlumat əldə olunmayıb və həmin insanların taleyi haqqında konkretlik yoxdur. Xocalı faciəsinin səbəbkarları lazımi cəzanı almayıb. Dünya bu hadisəyə laqeyd olmamalı və unutmamalıdır.
Xocalı faciəsi ilə bağlı iki məqam olduqca önəmlidir. Birincisi, Xocalı hadisələrinin daxili, siyasi araşdırmalarına o qədər də vaxt sərf etməyə ehtiyac yoxdur. Çünki Xocalı faciəsinin köklərini daxili amillərlə əlaqələndirdikcə və bununla bağlı araşdırmaları dərinləşdirdikcə istər-istəməz belə bir rəy formalaşır ki, Xocalı faciəsinin törədilməsinin ən böyük müqəssirləri Azərbaycanın öz daxilində yaşayan ermənilər olub. Məsələnin mahiyyəti tamamilə fərqlidir. Çünki Xocalı faciəsinin bütün müqəssirləri tam şəkildə Azərbaycandakı kənar faktorlarla bağlıdır. Ona görə də Xocalı hadisələrinin daxili köklərinin araşdırılmasından daha çox biz onun beynəlxalq miqyasda siyasi cəhətdən tanıdılması və hüquqi qiymət almasına nail olmalıyıq.
Bu gün Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində müəyyən addımlar atılır. Artıq dünyanın bir neçə ölkəsi, ABŞ-ın bir neçə ştatı Xocalı soyqırımını siyasi olaraq genosid akt kimi qəbul edib. Sözsüz ki, bunlar uğurlu nəticələrdir. Amma bütün dünyanın Xocalını siyasi cəhətdən genosid faktı kimi tanıması istiqamətində işləri davam etdirməliyik. Eyni zamanda Beynəlxalq Ədalət və Cinayət məhkəmələrində Xocalı ilə bağlı ayrıca proseslərin başladılmasına nail olmalıyıq. Necə ki, Serbiyada albanlara qarşı törədilən cinayətlər Beynəlxalq Cinayət məhkəməsində, Haaqa tribunalında xüsusi araşdırma preqmenti olub, eynilə də Xocalı faciəsi Beynəlxalq Cinayət məhkəməsində ayrıca araşdırma preqmentinə və prosesinə çevrilməlidir”.
Aydın Quliyev sözlərinə davam edərək həmçinin qeyd edib ki, nə qədər ki, dünyada tam şəkildə biz Xocalını genosid aktı kimi siyasi cəhətdən tanınmasına nail olmamışıq, nə qədər ki, ona Beynəlxalq Cinayət və Ədalət məhkəməsində tam hüquqi verilməyib nə Xocalı faciəsinin qurbanlarının ruhu qarşısında biz rahat ola bilərik, nə də Xocalı faciəsinin tarixdə qaldığını hesab edə bilərik: “Xocalının tam şəkildə Azərbaycan dövlətinin hüquqi nəzarətinin altına qaytarılması qarşımızdakı ən böyük vəzifəmizdir. Nə qədər ki, Xocalı yad qüvvələrin altındadır, Xocalıda xalqımızın mənəvi dəyərlərinə zidd olan parklar salınır, heykəllər qoyulur Xocalı qurbanlarının ruhu şad ola bilməz. Ona görə də Xocalının faktiki olaraq yad ölkənin nəzarətindən çıxarılması və Azərbaycan dövlətinin nəzarəti altına qaytarılması Azərbaycanın ən öndə olan vəzifələrindən biridir”.
Arzu Qurbanzadə