“Kollektiv əməkdaşlığın uğurlu kombinasiyası yeni perespektivlər yaradır”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, fevralın 4-də "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin VIII toplantısında səsləndirilən fikirlər dəhlizin istismara verilməsindən ötən bir il ərzində qət edilən məsafə və əldə olunan nəticələrin xeyli sayda Avropa ölkəsinin yenidən bu layihəyə marağının artmasına səbəb olduğunu ortaya qoydu: “Cənub Qaz Dəhlizini cazibədar edən çoxsaylı səbəblərdən biri isə unikal alternativ enerji kəməri kimi təhlükəsiz və sabit olması, hər cür siyasi spükuliyasiyalardan uzaq tutulmasıdır. Bu isə mənbə və ixracatçı ölkə olan Azərbaycanın həyata keçirdiyi strateji enerji siyasəti ilə bağlıdır. Üstəlik yeni perspektiv qaz mənbələrinin kəşf edilməsi və təsdiq edilmiş qaz yataqlarının nəhəng ehtiyatları hazırda Avropada hər gün bir az daha bahalaşan və bəzən qlobal siyasi gündəmin də mövzusuna çevirilən qaza tələbatın daha da artması Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir. Yəni Avropa Azərbaycanı özünün enerji təhlükəsiziliyini təmin edən etibarlı tərəfdaş və strateji partnyor kimi görür.
Doğurdan da istər 44 günlük müharibə dövründə, istərsə də post-müharibə dövründə yeni reallıqların qəbul edilməsi prosesinin gərgin vaxtlarında belə Azərbaycan sabit və etibarlı tərəfdaş kimi bütün beynəlxalq öhdəçiliklərini yerinə yetirməklə ən çətin geo-strateji vəziyyətdə belə enerji kommunikasiyalarının təhlükəsiziliyini yüksək səviyyədə təmin etməyi bacardığını nümayiş etdirdi. Bütün bunlar şübhəsiz ki, nəticə etibarilə Aİ üçün Azərbaycan ilə tərəfdaşlıq münasibətlərinin böyük əhəmiyyət kəsb etdiyinin etiraf olunmasına və bu münasibətlərin daha da gücləndirilməsi üçün iqtisadi sərmayə planı çərçivəsində Azərbaycana 2 milyard avroluq maliyyə paketinin ayrılmasına gətirib çıxardı. Ona görə də Avropa İttifaqı ilə qarşılıqlı etimada söykənən münasibətlərə toxunan Prezident İlham Əliyev qeyd etdi ki, enerji siyasətimizin arxasında heç bir siyasi gündəm olmayıb: “Bizim enerji siyasətimiz həmişə çox açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub, əməkdaşlığa və qarşılıqlı dəstəyə gətirib çıxarıb”. Hazırda isə Azərbaycanda daxili enerji tələbatını ödəmək üçün çox mühüm yaşıl enerji layihələri həyata keçirilməyə başlanılır ki, bu da nəticə etibarilə Aİ ölkələrinə daha çox qaz ixrac edilməyi mümkün edəcək. Beləliklə ölkəmiz iki strateji hədəfə yəni həm yaşıl və bərpa olunan enerji mənbələri ilə öz enerji təlabatını ödəməyə, həm də hazırki qaz ehtiyatlarından maksimum səmərəli istifadə etmək hədəflərinə nail olmağa çalışır”.