Prezident İlham Əliyev dördtərəfli görüşdə qalib Azərbaycanın tələb və şərtlərini bildirdi
Fevralın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə 5 saata yaxın davam edən videoformatda görüş keçirildi ki, Brüsseldə Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə baş tutan üçtərəfli görüşü nəzərə almasaq, bu görüş Qərbin vasitəçiliyi ilə reallaşdırılan sayca ikinci olsa da, görüş əsnasında müzakirə edilən məsələlər və Şarl Mişel və Emmanuel Makronun birgə bəyanatı üzrə qəbul edilən sənəd mahiyyət və məzmun etibarilə daha öncəki görüşlərin ruhuna tamamilə uyğun idi. Bu görüşdə də, Brüssel sülh gündəliyinin davamı olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair ətraflı müzakirələr olub. Görüş zamanı əvvəlcə Prezident Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə 2021-ci il dekabrın 14-də Brüsseldə keçirilmiş birgə görüşün əhəmiyyəti vurğulanıb. Sonra Brüssel sülh gündəliyinin davamı olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair ətraflı müzakirələr keçirilib. Bu xüsusda, tədbirin əvvəlcədən müəyyən edilmiş gündəliyinə uyğun olaraq, iki ölkə arasında münasibətlərin müxtəlif aspektləri, o cümlədən humanitar məsələlər, etimad quruculuğu, Azərbaycanın üzləşdiyi mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlərə dair fikir mübadiləsi aparılıb. Eyni zamanda, Azərbaycan və Ermənistan arasında humanitar məsələlər, etimad quruculuğu, Azərbaycanın üzləşdiyi mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlərə dair fikir mübadiləsi aparılıb. O cümlədən, görüşdə UNESCO-nun Azərbaycana və Ermənistana missiyasının göndərilməsinə dair razılıq ifadə olunub.
Azərbaycan öhdəliklərinə sadiqdir
Prezident İlham Əliyev bundan əvvəl keçirilən Soçi və Brüssel görüşlərində olduğu kimi məğlub və çarəsiz görünən Nikol Paşinyandan fərqli olaraq, qalib və mövqeyini daha da möhkəmləndirmiş lider kimi əsl həqiqətləri səsləndirdi. İlham Əliyev Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılması, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması məsələsinə xüsusi olaraq diqqət yetirib.Dövlət başçısı Birinci Qarabağ müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla ümumilikdə 3890 Azərbaycan vətəndaşının itkin düşməsini qabardıb. Prezident İlham Əliyev qeyd edib ki, Vətən müharibəsinin başa çatmasından bəri mina partlayışı nəticəsində 36 nəfər Azərbaycan vətəndaşı həlak olub, 165 nəfər isə yaralanıb. Görüşdə, həmçinin UNESCO-nun Azərbaycana və Ermənistana missiyası məsələsi də müzakirə olunub və missiyanın hər iki ölkəyə göndərilməsinə dair razılıq ifadə edilib. Bir sözlə, budəfəki 4 tərəfli görüş də Prezident İlham Əliyevin növbəti diplomatik uğuru kimi qiymətləndirilməlidir. Hadisələrin gedişi bir daha göstərir ki, regionda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında dövlətlər arasında siyasi, iqtisadi, ekoloji, sosial və mədəni sahələrdə münaqişə dövrünün bütün mərhələlərində və təhlükəsizliyin həyata keçirilməsi tədbirlərində etimad quruculuğu məsələsi mühüm əhəmiyyət kəsb edir. Bu isə həm sistemli yanaşma, həm də beynəlxalq dəstək tələb edən bir məsələdir. Həll edilməmiş məsələlərin davamlı həllinə zəmin yaratmaq üçün etimad quruculuğu işində qarşılıqlı siyasi iradə olmalıdır. Azərbaycan tərəfi davamlı olaraq siyasi iradə və qətiyyət göstərir. Xüsusən də, Zəngəzur dəhlizinin açılması istiqamətində Azərbaycanın həyata keçirdiyi layihələr bunu bir daha təsdiqləyir. Ermənistanda da yaxşı anlayırlar ki, çıxış yolu Azərbaycanla hesablaşmaqdır. Əks təqdirdə, bu ölkə yenə də acınacaqlı duruma düşəcək.
Fransa regionda yaranmış yeni reallığı qəbul edir
Qeyd edək ki, fevralın 4-də Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsi və hətta Qarabağ kimi ifadələr yer almadı. Digər bir önəmli məqam isə Fransa bu görüşdə ATƏT-in Minsk Qrupunun həmsədri kimi deyil, Avropa İttifaqına sədrliyi qəbul etmiş ölkə kimi iştirak edib. Şarl Mişel və Emmanuel Makronun birgə bəyanatında da Minsk Qrupuna istinad yer almadı.Məsələ ilə bağlı Trend-in suallarını cavablandıran Prezident yanında Dövlət İdarəçilik Akademiyasında müşavir, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirib ki, dünən Brüssel görüşünün nəticələrinin alqışlanması və bu görüşün davamı olaraq Azərbaycan-Ermənistan arasında dialoqun davam etdirilməsinin vurğulanması, eyni zamanda, Soçi və Moskva görüşlərinin xatırlanması bir daha onu göstərir ki, danışıqlar Azərbaycanın istədiyi istqamətdə davam etməkdədir.“11 yanvar Moskva görüşündən sonra Azərbaycanın tələbi ondan ibarət idi ki, tez bir zamanda Zəngəzur dəhlizinin açılması məsələsi gündəlikdə olmalıdır, eyni zamanda, demarkasiya, delimitasiya prosesi və minalanmış ərazilərin xəritələri Azərbaycana verilməlidir. Minalanmış ərazilərin xəritələrinin bir qismi Azərbaycana verilsə də və eyni zamanda, Zəngəzur dəhlizi ilə bağlı razılıq əldə edilsə də, görünən odur ki, hələ də demarkasiya və delimitasiya prosesində Paşinyan qərar qəbul etməyib. Amma bu görüşün baş tutması və görüşdə Dağlıq Qarabağ, status və Minsk qrupu ifadəsindən istifadə edilməmisi Azərbaycanın uğurudur. 4 fevral görüşündə Ermənistanın heç bir maraq və istəyi Şarl Mişel və Fransa Prezindeti Makron tərəfindən dilə gətirilmədi. Bu, özü-özlüyündə Fransa prezidentinin də yeni reallığı qəbul etməsi ilə bağlıdır’, - deyə o bildirib.Ekspertin sözlərinə görə, son zamanlar Qərbin Azərbaycana artan maraqlarının şahidi oluruq. Dünən Avropa İttifaqı tərəfindən Azərbaycan Prezidentinin tələbinə uyğun olaraq 2 milyard avronun Azərbaycana verilməsi ilə bağlı qərarın qəbul edilməsi də Ermənistan tərəfindən təsadüfi deyil ki, çox böyük narahatlıqla qarşılandı.“Çünki bundan əvvəl Azərbaycana 150 milyon avronun, Ermənistana isə 2 milyard 600 milyonun verilməsindən söhbət gedirdi. Lakin cənab Prezident İlham Əliyevin Şarl Mişel qarşısında bu məsələni prinsipial olaraq qaldırması dünən öz nəticəsini verdi. Hər bir halda, Avropa İttifaqı istər ABŞ, istərsə də Rusiya arasında artan geosiyasi çəkişmə kontekstində Azərbaycanın geosiyası çəkisi artmaqdadır”, - deyə Z.Məmmədov əlavə edib.Beləliklə, hadisələrin gedişatı onu deməyə əsas verir ki, Brüsseldə təsbit olunmuş uğurlu sülh gündəliyi davam edir. Bu gündəliyin əsasını Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, Zəngəzur dəhlizinin açılması, itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi, minaların təmizlənməsində Azərbaycana yardım və etimad quruculuğu kimi məsələləri özündə ehtiva edir. Və budəfəki 4 tərəfli görüş də İlham Əliyevin növbəti diplomatik uğuru kimi qiymətləndirilməlidir. Ermənistanda da yaxşı anlayırlar ki, çıxış yolu Azərbaycanla hesablaşmaqdır. Əks təqdirdə, bu ölkə yenə də acınacaqlı duruma düşəcək.
RƏFİQƏ KAMALQIZI