PDF Oxu

Siyasət

  • 2 648

Yeni qəbul olunan qanuna MEDİA KAPİTANLARININ BAXIŞI - SORĞU

Yeni qəbul olunan qanuna MEDİA KAPİTANLARININ BAXIŞI - SORĞU

Xəbər verdimiz kimi Prezident İlham Əliyev “Media haqqında” qanunu təsdiqləyib. Bu qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.SİA mövzu ilə bağlı media kapitanlarının fikirlərini öyrənməyə çalışıb:

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli: "“Media haqqında” yeni qanun bütün media ictimaiyyətinin iştirakı, müzakirəsi ilə hazırlanıb və qəbul edilib. Bu baxımdan Azərbaycan media ictimaiyyətinin iradəsini, arzu və istəklərini ifadə edir. Bu layihəni təsdiqlədiyi üçün cənab Prezidentə təşəkkür edirik. Qanun yeniliklərlə zəngindir. Xüsusi olaraq onlayn media sferasını tənzimləmə əhatəsinə aldığı üçün çox faydalıdır. 20 ilə yaxındır ki, onlayn media mövcuddur, amma onun hüquqi tənzimlənməsi indiyədək yetərli deyildi. İlk dəfədir ki, onlayn media sferası bu qədər əhatəli, detallı şəkildə tənzimləməyə alınır. Onlayn medianın statusu, strukturu barədə təsəvvürləri konkretləşdirir. Bu, onlayn media sferasında çalışan jurnalistlər üçün də çox faydalıdır, çünki, onların hüquq və vəzifələrinin, statuslarının tam təsnifatını verir. Qanunun gətirdiyi mühüm yeniliklərdən biri də media reyestrinin tətbiq edilməsidir.Reyestrin tətbiq edilməsi ölkədə KİV qurumları və jurnalistlərin statistikasının dəqiqləşdirilməsinə yardım edəcək, statusu bilinən jurnalistlər üçün sosial proqramların hazırlanmsını, sosial güzəştlərin tətbiqini asanlaşdıracaq. Təsadüfi deyil ki, dünən cənab Prezident "Media haqqında" qanunu imzalamaqla yanaşı, həm də ipoteka kreditlərinin verilməsi şərtlərinə əlavə və dəyişiklik edilməsi barədə sərəncam imzaldı. Bu onu göstərir ki, media sferasında nizam-intizam yarandıqca, sərhədlər bəlli olduqca, sosial proqramların tətbiqi də asanlaşacaq".
"Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev: "Ümumilikdə Azərbaycanda media qanunvericiliyində, media praktikasında yeni mərhələ başlayır. Köhnə fəaliyyətdə olan qanunun tətbiqi zamanı bir sıra boşluqlar, ziddiyyətlər meydana gəlirdi. Bunlar uzun müdddət həm mediadakı proseslərin tənzimlənməsi, həm də jurnalistlərin sosial müdafiəsinin daha fərqli şəkildə təşkil olunmasında mənfi rol oynayırdı. Ona görə də yeni qanun və Medianın İnkişafı Agentliyinin fəaliyyəti haqqında əsasnamənin yenilənməsi, dəyişdirilməsi praktikada öz müsbət nəticələrini göstərəcək. Hər şeydən əvvəl bütün jurnalistlər üçün çox vacib olan sosial məsələlərin həllində açılan yeni imkanları qeyd etmək istəyirəm. İllərdir ki, Azərbaycan jurnalistləri mənzil məsələlərinin həlli üçün ipoteka imkanına əlçatmaz zirvə kimi baxırdılarsa, bu gün yeni qanun jurnalistlərin bu arzusunu tam şəkildə həyata keçirməyə imkan verir. Digər tərəfdən çox vacib məsələlərdən biri jurnalistlərin, media orqanlarının reyestrinin tətbiqidir. Bu da media praktikasında və media qanunvericiliyində tam şəkildə yeni bir reallıqdır. Media Reyestrinin tətbiq olunmasını bəziləri çox qorxunc bir obrazda təsəvvür etsə də, əslində burada qorxulu heçnə yoxdur. Media Reyestri mediadakı proseslərin məhdudlaşdırılmasına yox, ən mütərəqqi təzahürlərin daha geniş inkişaf reyslərinə çıxmasını təmin edir. Media Reyestri ölkədə media siyasətinin daha düzgün və əhatəli müəyyən olunmasında öz təsirli rolunu göstərəcək. Bundan əlavə çap və audiovizual media ilə sosial şəbəkələrin arasında dəqiq sərhəddin müəyyənləşdirilməsi bizim yeni başlayan media praktikasının ən mühüm təzahürlərindən biridir. Açığı desək, bu günə qədər bu barədə mübahisələr çox olurdu. Çox yaxşı haldır ki, yeni qanun çap, audiovizial medianın jurnalistləri ilə sosial şəbəkə aktivlərinin arasında dəqiq sərhədləri müəyyənləşdirir və sosial şəbəkə aktivlərinin fəaliyyətinin tənzimlənməsi yönümündə hər hansı bir normativ müəyyənləşdirmir. Yeni qəbul edilən qanun media sferasında meydana çıxan çətinlikləri aradan qaldırmaqda olduqca əhəmiyyətli rol oynayır"."Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı: ""Media haqqında" qanunun qüvvəyə minməsi mətbuat camiəsi üçün çox mühüm əhəmiyyət kəsb edən bir hadisədir. Bu qanun media-cəmiyyət, media-dövlət münasibətlərinin tənzimləməsinin yeni media strukturlarının hüquqi status və öhdəliklərinin müəyyənləşməsinə xidmət edən bir qanundur. Ən əsası da bu qanunda elektron kütləvi informasiya vasitələrinin, saytların və internet üzərindən yayılan televiziyaların hüquqi statusunun müəyyənləşməsi baxımından qanunun qüvvəyə minməsinin çox mühüm əhəmiyyəti var. Baxmayaraq ki, əvvəlki qanunda yeni media strukturlarının hüquqi statusunun müəyyənləşdirilməsi maddələri yox idi. Bütövlükdə qanunun medianın iqtisadi müstəqilliklərinin genişləndirilməsinə, keyfiyyətli jurnalistikanın inkişafına təkan verəcəyinə əminəm. Media Reyestri haqqında müddəanın da qanuna salınması tamamilə qanunidir. Çünki bu gün Azərbaycanda peşəkar mediaya alternativ olmaq istəyən strukturlar artıq meydandadır. İkinci bir tərəfdən jurnalist adından şərəfsizcəsinə istifadə edən rekert jurnalistlər var. Fərdi şəkildə fəaliyyət göstərən jurnalistlərin, bütövlükdə media strukturlarının bu reyestrdən keçirilməsi gələcəkdə dövlətin, mətbuatın inkişafı üçün jurnalistlərin sosial imkanlarının, sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün atacağı addımlara bağlı bir məsələdir.Dövlətin mətbuata, jurnalistika üçün müəyyənləşdirdiyi güzəştlərdən istifadə etmək istəyənlər media reyestrindən qeydiyyatdan keçməlidirlər. Ümumiyyətlə "Media qanunu" media məcəlləsidir. Burada həm çap, həm onlayn medianın, eyni zamanda televiziyaların internet üzərindən yayılan internet televiziyalarının hüquqi statusunun müəyyənləşdirilməsi baxımından bu qanun əsas hüquqi baza olaraq qəbul olunur. Düşünürəm ki, bu qanunun qüvvəyə minməsi Azərbaycan media mühitinin şəffaflaşmasına və inkişaf etməsinə xidmət edir".
"525-ci" qəzetinin baş redaktoru Rəşad Məcid: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Media haqqında" qanunu təsdiq etdi. Hesab edirəm ki, bu qanun Azərbaycanın media sahəsinin inkişafında mühüm rol oynayacaq bir sənəddir. Bilirik ki, təxminən bir il müddətində Medianın İnkişafı Agentliyinin mütəxəssisləri və ekspertləri bu qanun üzrə işlədilər. Bu qanun müzakirəsi müxtəlif redaksiyalarda keçirildi. Eyni zamanda Milli Məclisdə bir neçə dəfə mütəxəssislər ilə, media rəhbərləri ilə müzakirə aparıldı. Müzakirələrdə çoxlu fərqli baxışlı insanlar öz fikirlərini bildirdilər. Hər halda geniş ictimai müzakirəyə səbəb olan bu qanun layihəsi göstərir ki, bizim cəmiyyətimizin mediaya marağı böyükdür. Nəhayət ki, Milli Məclisdə müzakirələrdən sonra cənab Prezident tərəfindən təsdiq olunan bu qanun medianın inkişafında mühüm rol oynayacaq. Biz informasiya texnologiyalarının inkişafı ilə bağlı tez-tez deyirdik ki, yeni media yaranıb və bu medianın tənzimlənməsi məsələsinin qanunla əhatə olunmasında problemlər və çətinliklər var. Bu baxımdan artıq yeni qanun çox əhatəli və genişdir. Bu qanun bütün media aspektini əhatə edir. Burada audiovizual media, həm də çap mediası, onlayn və informasiya agentlikləri var. Bu qanun layihəsində həm media subyektləri, həm jurnalistlərə müəyyən güzəştlərin edilməsi kimi məsələlər var. Düşünürəm ki, bu qanunun qəbul edilməsi ilə peşəkarlığın artması müşahidə olunacaq. Eyni zamanda mediadan kənar adamların, qeyri-peşəkarların mediaya axınının qarşısı alınacaq".
“Aznews.az” saytının baş redaktoru Taleh Şahsuvarlı: "Bildiyimiz kimi Azərbaycanda yeni "Media haqqında" qanun cənab Prezident tərəfindən təsdiq olunub. Fikrimcə, bu qanunun hazırlanması, qəbul edilməsi və təsdiq olunması çox böyük zərurətdən irəli gəlir. Bildiyimiz kimi kütləvi informasiya haqqında qanun çox uzun illər öncə qəbul edilmişdi. Zaman-zaman bu qanun müəyyən dəyişikliyə məruz qalıb. Baxmayaraq ki, bu qanun praktiki olaraq müasir dövrün çağırışlarına cavab vermədiyindən, media sektorunun fəaliyyətinin tənzimlənməsi baxımından o qədər də təsirli ola bilmirdi. Hazırki, qanun isə məhz yeni çağırışlara uyğun olaraq və hərtərəfli şəkildə hazırlanıb. Əlbəttə heç bir qanun ideal deyil. Gələcəkdə konkret reallığın şərtlərindən asılı olaraq bu qanunda da müəyyən dəyişikliklər edilə bilər. Ancaq bütövlükdə bu qanunun qəbulu Azərbaycanda medianın nüfuzunun yüksəkdilməsində, jurnalist hüquqlarının qorunmasına, jurnalist məsuliyyətinin artmasına, o cümlədən peşəmizin arzuolunmaz şəxslərdən təmizlənməsinə çox ciddi rol oynayacaq".

Arzu Qurbanzadə

Digər xəbərlər