Bu gün Malıbəyli və Quşçular qətliamının ildönümüdür.SİA xəbər verir ki, 1992-ci ilin 10-12 fevralında erməni qeyri-qanuni silahlı birləşmələrinin Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərinə hücumu nəticəsində təxminən 50-yə yaxın dinc azərbaycanlı qətlə yetirilib.Şuşa rayonunda əhali tərkibi azərbaycanlılardan ibarət olan Malıbəyli və Quşçular kəndi rayonun inzibati mərkəzi olan Şuşa şəhərinə yaxın dağlıq ərazidə – yaylaqlarda yerləşirdi. Kəndlərdə təxminən 4 000 nəfərə yaxın əhali yaşayırdı.Qarabağ müharibəsi başlanan andan bu kəndlər erməni silahlı birləşmələrinin əsas hədəflərinə çevrilmişdi. 1991-ci ilin oktyabr ayından etibarən Malıbəyli tamamilə mühasirədə idi.Fevralın 5-də kəndlərin üzərində uçan helikopter sakinlərə üzərində yaşayış yerlərini tərk etmək üçün iki gün vaxt verildiyi yazılan bildirişlər paylayıb. Bölgə 1991-ci ildən mühasirədə olduğu üçün yeganə giriş-çıxış helikopterlə mümkün olub. Şuşaya uçan axırıncı helikopter isə yanvarın 28-də ermənilər tərəfindən vurulub.Fevralın 10-u gecə yarısı erməni silahlı birləşmələri Malıbəyliyə hücum edib. Qadın və uşaqlar Quşçular kəndinə qaçıb. Bütün evlər yandırılıb. Ümumilikdə isə hər iki kəndin sakinləri səhərə qədər düşmənlə vuruşub.
sia.az