“44 günlük müharibə 14 aydır ki, Azərbaycanın qələbəsi ilə başa çatdı. Tərəflər arasında Rusiya Prezidentinin də imzası olan bəyannamə imzalandı. Ermənistan kapitulyasiya aktına imza atmaqla Azərbaycanın mütləq qalibiyyətini qəbul etdiyini təsdiq etdi. Amma həm Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdikləri Qarabağda, o cümlədən Azərbaycan-Ermənistan dövlət sərhədində erməni silahlı qüvvələrinin törətdiyi təxribatçı əməllər bunu deməyə əsas verir ki, bəzi revanşist qüvvələr hələ də müharibənin bitmədiyini, silahlı müqavimət göstərmək iqtidarında olduqlarını büruzə verməyə çalışır. Kəlbəcər istiqamətində atəşkəsin pozulması da bu qəbildəndir. Ermənistan ordusundakı başıpozuqluq, xaos, anarxiya qanunsuz addımların atılmasına rəvac verir”. Bunu KİV-ə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Millət vəkili bildirib ki, Azərbaycan tərəfi daim qonşuluq münasibətlərində sabitliyin, təhlükəsizliyin tərəfdarı kimi çıxış edir: “Azərbaycan bu müharibədən qalib çıxdı, həm də müharibəni öz ərazisində apardı. Adətən qaliblər məğlubları son yuvalarına qədər təqib edir, ərazilərini tutur və ən ağır şərtlərlə sülh müqaviləsi bağlayırlar. Azərbaycan isə humanizm prinsiplərinə hörmətlə yanaşaraq müharibəni Ermənistan torpaqlarına qədər davam etdirməyi lazım bilmədi. İstəsəydi düşməni İrəvana qədər qovardı. Dünya ölkələri də gördü ki, Azərbaycan ədalətli müharibə aparır, işğalçını 30 il əlində qanunsuz saxladığı torpaqlarımızdan vurub çıxarır. Ordumuz müharibənin gedişində mülki şəxslər arasında can itkisi olmasın deyə unikal üsullar tətbiq edir, yaşayış binalarını deyil, yalnız hərbi obyektləri məhv edirdi. Ermənistan isə barbarlığını hər addımda nümayiş etdirirdi, Gəncə, Bərdə, Tərtər, Ağcabədi kimi müharibə meydanından uzaqda olan şəhərləri ballistik raketlərlə atəşə tuturdu, mülki insanları, qoca, qadın və uşaqları öldürürdü. Bu gün Azərbaycan Ermənistanın 30 ildə dağıtdığı rayonlarımızda quruculuq işlərinə başlayıb. Unikal layihələr gerçəkləşdirilir, yeni nəqliyyat infrastrukturu yaradılır, yollar çəkilir, şəhər və kəndlər yenidən qurulur, insanların öz yurdlarına qayıdışı təmin edilir. İnşası sürətlə davam etdirilən Zəngəzur dəhlizi isə təkcə Azərbaycana deyil, o cümlədən Ermənistanın bir ölkə kimi inkişafına səmərə verəcək bir meqalayihədir. Ermənistan özünün günahı ucbatından, işğalçı siyasəti səbəbindən 30 ildir blokada şəraitində yaşayır, kommunikasiya xətlərindən məhrumdur. Azərbaycana qarşı ərazi iddiaları səbəbindən regional layihələrə qoşulmaq imkanını itirib. Budur, Ermənistana növbəti şans verilir, yeni nəfəslik açılır. Ermənistanın indiki rəhbərliyi bunu yalnız sözdə qəbul etsə də, reallıq başqadır. Yəni, bütün beynəlxalq tribunalarda çıxışı zamanı Ermənistanın baş naziri Azərbaycanla sülh şəraitində yaşamanın tərəfdarı kimi çıxış edir, sərhədlərin delimitasiya və demarkasiya prosesinin başlanmasını istəyir, amma əməldə bunu görmürük. Basarkeçər ərazisindən Kəlbəcərin sərhəd kəndlərinin atəşə tutulması da ikili yanaşmanın nəticəsi kimi qəbul edilməlidir”.
A.Hüseynov əlavə edib ki, Fransa prezidenti Emanuel Makron, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyevin videoformatda keçirilən görüşündə də iki ölkə arasında münasibətlərin yeni konturlarından danışılıb: “Azərbaycanın qətiyyətli mövqeyi Avropa İttifaqının rəhbərlərinin konstruktiv mövqe sərgiləmələrinə güclü təkan verdi. Prezident İlham Əliyevin dəyişməz prinsipiallığı, atdığı məqsədli addımları hərb meydanında qazanılan qələbənin diplomatik cəbhədə də davam etməsini təmin etdi. Danışıqlar zamanı “Dağlıq Qarabağ” və “Minsk qrupu” ifadələrindən ümumiyyətlə istifadə olunmadı. Bu isə o deməkdir ki, proses Azərbaycanın diqtə etdiyi formatda davam edir. Ermənistanın “hərbi əsirlər” haqda fikir bildirməsi isə işğalçı ölkəynin əlavə öhdəliklər götürməsinə səbəb oldu. Prezident İlham Əliyevin diqqəti Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsinə, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsinə, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi məsələsinə yönəltməsi uğurlu addımlardandır. Bundan sonra Ermənistan tərəfi I Qarabağ savaşı zamanı qətlə yetirdiyi minlərlə insanın dəfn edildiyi kütləvi məzarlıqların yerini deməli olacaq ki, bu da rəsmi İrəvana yaxşı heç nə vəd etmir. Ermənistanın və dünya ermənilərinin uydirduqları qondarma “erməni soyqırımı” iddiaları fiaskoya uğrayacaq, illərlə formalaşdırdıqları “məzlum xalq” anlayışının çürüklüyü ortaya çıxacaq”.