“Öncə Azərbaycan və Türkiyə parlamentləri, daha sonra isə ölkə Prezidentləri tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsi ilk növbədə postmünaqişə dövründə hərbi-siyasi təhlükəsizliyə, eləcə də sosial-iqtisadi müttəfiqlik münasibətlərinin daha da gücləndirilməsinə müstəsna töhfədir”. "Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri, tanınmış QHT sədri Gülayə Səfərova mövzu ilə bağlı açıqlamasında bildirib. Onun sözlərinə görə, Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında münasibətlərin hüquqi əsaslarının daha da möhkəmləndirilməsinə yol açıb. Bu baxımdan Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyət daşıyır. Bəyannamə iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırdı və bütün dünya bu reallığın şahidi oldu: “Şuşa Bəyannaməsi keyfiyyətcə daha mütərəqqi işbirliyinin, qardaşlığın təminatıdır. Təsadüfi deyil ki, Şuşada Türkiyə lideri cənab Rəcəb Tayyib Ərdoğan ilə Bəyannamə imzalayarkən Azərbaycan Prezidenti İlham Əliyev cənabları Qars müqaviləsini xatırlatdı və bildirdi ki, yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir”.
“İki qardaş ölkə bundan sonra da hər zaman bir yerdə olacaq”, deyən Gülayə Səfərova bldirib ki, bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik: “İlk növbədə, bundan sonrakı dönəmdə Azərbaycanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə qarşı üçüncü dövlətin müdaxiləsi halı olmayacaq. Bu sənədin imzalanması ilə Türkiyə-Azərbaycan hərbi alyansının qurulması rəsmiləşdi. Bu, Azərbaycan və Türkiyə ordularının bir kontingentdə birləşməsi və birgə addımlaması deməkdir”.
Gülayə Səfərovanın sözlərinə görə, 30 il ərzində erməni vandalları bu torpaqlardan tariximizi, mədəniyyətimizi yox etməyə çalışdılar. Lakin bacarmadılar və bu gün artıq həmin torpaqların əsl sahibləri geri dönüblər. “Ölkə Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə, o cümlədən Şuşa şəhərinə hər bir səfəri bu torpaqların tarixən Azərbaycan xalqına məxsus olduğu və bundan sonra da əbədi olaraq belə qalacağı barədə bütün dünyaya verdiyi bir mesajdır”.
İctimai Birliyin sədri sonda onu da vurğulayıb ki, bu gün artıq işğaldan azad edilmiş torpaqlarda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə böyük vüsətlə quruculuq işləri aparılır. O cümlədən, 2022-ci ilin “Şuşa İli” elan edilməsi o deməkdir ki, il ərzində əsas diqqət və resurslar ölkəmizin mədəniyyət paytaxtı olan Şuşanın və ətraf ərazilərin bərpasına, yenidən qurulmasına yönəldiləcək. “Məhz bu ildə Şuşa Bəyannaməsinin qüvvəyə minməsi həm də Qarabağa qayıdışın başlanğıc ili, eyni zamanda, iki qardaş ölkənin vəhdəti kimi də dəyərləndirə bilərik”, Gülayə Səfərova vurğulayıb.
Rövşən RƏSULOV