“Öz xalqını zaman-zaman “dənizdən-dənizə Ermənistan” xülyası ilə qanlı cinayətlərə aparmış erməni millətçi başbilənlər xarici dairələrin əlində alətə çevrilərək həmişə avantüralar girdabına yuvarlanmışlar. 30 ildən artıq davam etmiş növbəti belə təcavüzkar siyasətin ötən ilin payızında Azərbaycan xalqının Vətən müharibəsində tarixi Qələbəsi ilə puça çıxarılması, görəsən, bu başabəlatopluma birdəfəlik dərs olacaqmı?”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ülviyə Həmzəyeva deyib.Onun sözlərinə görə, çağdaş dünyanın gözü qarşısında əlləri Xocalı və Birinci Qarabağ müharibəsində Şəhid düşmüş qardaş-bacılarımızın qanına batan cəlladlar dəqiq bilirdilər ki, qeyrətli Azərbaycan xalqı hər tökülən damcı-damcı qanı yerdə qoymayacaq, qisasını alacaqdır: “Xocalı soyqırımı XX əsrin böyük bir faciəsidir!Ulu Öndər Heydər Əliyev deyirdi: Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir". Bu sözləri ilə Ulu Öndər bizim bir xalq kimi, hiss etdiklərimizi və ürəkdən hayqırdıqlarımızı dilə gətirmişdir”.Deputat sözlərinə belə davam edib: “Xocalı, təkcə Azərbaycan xalqına qarşı deyil, bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilmişdir bir cinayətdir. Bu illər ərzində dövlətimiz tərəfindən Xocalı faciəsi haqqında dünya ictimaiyyətinə doğru məlumatlar çatdırılır, bir çox tədbirlər keçirilir və kompaniyalar aparılırdı.Ölkə rəhbəri cənab İlham Əliyev deyirdi: "Mən əminəm ki, gün gələcək Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər".Dünənki, yurd-yuvalarından didərgin düşmüş uşaqlar bu gün Vətən uğrunda döyüşlərdə iştirak edərək, öz dədə-babalarının qisasını aldılar. Torpaqlarımızın təxminən 30 faizini itirmiş Azərbaycan 1994-cü ildə Bişkekdə imzalanmış atəşkəs razılaşmasından sonra 25 ilə yaxın müddət ərzində Ermənistan ilə uzunmüddətli sülh danışıqları apardı. Lakin bu danışıqlar 2018-ci ildə Ermənistanda inqilab yolu ilə hakimiyyətə gəlmiş baş nazir Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” kimi çıxışları və digər təxribatçı fəaliyyətlər nəticəsində pozuldu. 2020-ci il sentyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının videoformatda keçirilən 75-ci sessiyasında çıxış edərkən, 2020-ci ilin iyulundan sentyabrınadək Ermənistana hərbi yük təyyarələri ilə min tondan artıq hərbi avadanlığın daşındığını bəyan etdi. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozması ilə bağlı bəyanat yaydı. Həmin gün səhər saatlarında Ermənistan silahlı qüvvələrinin təmas xəttində Azərbaycan Ordusunun mövqelərinə və yaşayış məntəqələrinə hücuma keçməsindən sonra, Prezident, Ali Baş Komandan İlham Əliyev Ermənistana qarşı sülhə məcburetmə əməliyyatına başlamaq haqqında qərar verdi.Ermənistan ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir.Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir.2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edilmişdir.Bu gün biz Zəfər tariximizi yaşayırıq, lakin Xocalı faciəsini, I Qarabağ müharibəsini unutmarıq və unutdurmarıq! Azərbaycan xalqı bir daha göstərdi ki, heç bir cinayət cəzasız qalmamalıdır!
Ayşən Vəli