"Azərbaycan Prezidenti dəfələrlə Ermənistana müraciət edib və Azərbaycan tərəfinin ilkin şərt qoymadan kommunikasiyaların açılması məsələsini gündəmə gətirib". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.Onun sözlərinə görə, Azərbaycan artıq Dağlıq Qarabağ münaqişəsi deyilən məsələni özü həll edib: "Dağlıq Qarabağ adında Azərbaycanda hər hansı ərazi olmadığına görə, ermənilərin bu günə qədər irəli sürdüyü bütün iddialar aradan qalxıb. Təbii ki, Azərbaycan istəyir ki, kommunikasiyalar açılsın. Bundan əlavə Zəngəzur dəhlizi açıldıqdan sonra həm dəmir yolu daşımaları, həm də quru yolu daşımaları gündəmə gələcək. Eyni zamanda gediş-gəliş məsələsi də həll olunacaq. Həmçinin Naxçıvana quru yolumuz açılır. Bunun böyük bir rəmzi mənası var. Ona görə də Azərbaycan tərəfindən hər hansı bir problem yoxdur. Həm 10 noyabr 2020-ci il, hm 11 yanvar 2021-ci il, həm 26 noyabr 2021-ci il üçtərəfli bəyanatlarında kommunikasiyaların açılması ilə bağlı Azərbaycan tərəfinin münasibəti bildirilib. Ermənistan da bu məsələyə müsbət yanaşır. Çünki Paşinyan dəfələrlə bəyan etdi ki, biz də kommunikasiyaların açılmasının tərəfdarıyıq. Bilirsiniz ki, bu ay artıq Avropada Türkiyə və Ermənistanın səlahiyyətli nümayəndələrinin görüşü keçiriləcək. Bu görüş də bir çox məsələlər müzakirə ediləcək. Türkiyənin özü də Ermənistan ilə bağlı isti münadibətlərin gündəmə gətirib Ona görə də hazırda prosesin müsbət istiqamətdə irəlilədiyini qeyd etmək olar".
Arzu Qurbanzadə