"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ağdam və Ağcabədi rayonlarına səfər edib və bu səfər əsnasında bir sıra önəmli infrastruktur obyektlərinin təməli qoyulub, açılışı edilib. Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Azərenerji” ASC-nin "Ağdam 1" və "Ağdam 2" elektrik yarımstansiyalarının, Qarabağ regional elektrik şəbəkəsinin rəqəmsal idarəetmə mərkəzinin açılışınıda iştirak edib". Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.Onun sözlərinə görə, dövlət başçısı Ağdam sənaye parkında fəaliyyət göstərəcək alternativ və bərpaolunan enerji mənbələri ilə qidalanan işıq dirəklərinin, dirək qurğularının və xalça istehsalı müəsisəsinin, eləcə də "Park Forest Otel Ağdam" mehmanxanasının və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin təməlini qoyub: "Bu onu göstərir ki, Prezident İlham Əliyev işğaldan azad olunan ərazilərə xüsusi diqqətlə yanaşır və bölgənin tezliklə yenidənqurulmasının və dirçəlməsinin tərəfdarıdır. Eyni zamanda düşmən işğalından azad olunan ərazilərə həyat qaytarılması dövlətimizin strateji prioritetləri sırasındadır. Həmçinin dövlət başçısı Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə Məscidində bərpa-restavrasiya işlərinin gedişi ilə tanış olub və çıxış edib. Dövlət başçısı öz çıxışında Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalana biləcəyini diqqətə çatdırıb, lakin bildirib ki, bütün erməni terrorizmini və dağıntılarını Azərbaycan xalqı heç vaxt unutmayacaq. Biz bunu diqqətdə saxlamalıyıq, lakin sülh müqaviləsinin imzalanması bu gün mühüm əhəmiyyət kəsb edir. Çünki regionda sülhün qorunması baxımından bu addımlar mühüm əhəmiyyətə malikdir.Dövlət başçısı həm də 210 çarpayılıq Ağdam Mərkəzi Xəstəxanasının təməlini qoyub və Azərbaycan Respublukasının Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə tanış olub. Qarabağ xanlarının türbələri və yaşayış evi imarət kompleksində olub. Dövlət başçısı həm də Ağdam ilə yanaşı Ağcabədi rayonuna səfər edib. Burada "Ağcabədi Taxıl Aqropark"da yaradılan şəraitlə tanış olub. Xalqımızın ümummilli lideri Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edib. Ağcabədi yarımstansiyasının açılışını edib. Eyni zamanda xüsusi əhəmiyyət kəsb edən Afşar-Salmanbəyli-Aşağı Afşar-Xocavənd avtomobil yolunun açılışında iştirak edib. Bununla yanaşı DİN-in daxili qoşunlarının yeni inşa olunan hərbi şəhərciyində də olub. Respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunda həyata keçirilmiş işlər barədə dövlət başçısına məlumat verilib. Ümumilikdə həm işğaldan azad olunan ərazilərin yenidən qurulması, həm də çoxşaxəli şəkildə respublikamızın regionlarının inkişaf etdirilmısi baxımından bu səfər mühüm əhəmiyyətə malikdir".Politoloq həmçinin qeyd edib ki, Ağcabədi də, Ağdam da Qarabağ iqtisadi zonasına daxildir və Azərbaycan iqtisadiyyatı üçün mühüm dividentlər vəd edəcək: "Bu regionun iqtisadi perspektivləri çox genişdir. Turizm infrastrukturunun genişləndirilməsi, eləcə də daxili məhsulda payının artırılması baxımından bu regiona mühüm investisiyalar cəlb etmək olar. Azərbaycan öz dost və tərəfdaş dövlətləri çərçivəsində qarşıda olan məqsədlərə çatmağı hədəfləyib. Düşünürəm ki, Ağdamın çiçəklənməsi və dirçəlməsi ölkəmizin iqtisadiyyatına da mühüm əlavələr edəcək. Ağdamdakı əhalinin quruculuq istiqamətində addımları hər zaman xatırlanır. Bu işğaldan əvvəlki dövrlərdə də belə idi. Düşünürəm ki, torpaqların yenidən qurulması və burada zəruri infrastruktur obyektlərinin istifadəyə verilməsindən sonra Ağdam əhalisi yenidən öz quruculuq fəaliyyətini genişləndirəcəkdir".
Müəllif: Abutel İlhamqızı