Cənubi Qafqazda yaşanan problem Türkiyə və Azərbaycan vasitəsilə həll olunacaq
"...Mən həm 44 günlük müharibəni və həm də Ukraynanın cənub-şərqindəki münaqişəni eyni geosiyasi zəncirin həlqələri hesab edirəm. Məsələ bundadır ki, bu gün ümumi diqqət Ukrayna ətrafında ilk növbədə Böyük Britaniyanın səyləri ilə formalaşır. Əslində, bütün bunlar Kremlin postsovet məkanındakı təsirinin məhdudlaşdırılmasına hesablanıb”.
Qeyd edək ki, bu fikirləri erməni politoloq Stepan Danielyan “Armİnfo” sytına verdiyi açıqlamasında bildirib. Maraqlıdır ki, o bəzi ermni həmkarlarından fərqli olaraq, Ukrayna və Ermənistan-Azərbaycan münaqişəsini də eyni prizmadan nəzərdən keçirir. Danielyanın proqnozlarına görə, Ukraynadakı eyni məsələlərin həlli ilə paralel olaraq bütün beynəlxalq ictimaiyyətin Cənubi Qafqazdakı problemləri həll etməyə çalışmasına heç nə mane olmayacaq. Onun fikrincə, məqsəd, deyildiyi kimi eynidir - Moskvanın postsovet məkanındakı təsirinin güclənməsinin qarşısını almaq. Amma yeganə fərq ondan ibarətdir ki, Cənubi Qafqazda problemlər Türkiyə və Azərbaycan vasitəsilə həll olunacaq.
Yeri gəlmişkən, Danielyan bu gün Cənubi Qafqazda yaşanan problemin, deyildiyi kimi, məhz Türkiyə və Azərbaycan vasitəsilə həll olunacağına heç bir şübhə etmədiyini də gizlətmir.
Qeyd edək ki, 44 günlük müharibə nəticəsində NATO-ya üzv bir ölkənin- Türkiyənin Cənubi Qafqaz və eyni zamanda Mərkəzi Asiyaya təsirini gücləndirdiyini bildirən erməni politoloq, Ankaranın bu geosiyasi rəqabətdə həm alət, həm də tərəfdaş kimi çıxış etdiyini də istisna etmir.
O da maraqlıdır ki, Danielyan Türkiyənin Rusiya və İrana qarşı bölgəyə növbəti müdaxiləsi halında Ermənistanın “ilk qurban” olacağını da düşünür. Əslində, onun bu çür düşünməsinə elə bir əsas olmasa da, amma hər halda bunu onun erməniliyinə “bağışlamaq olar”. Çünki, əslində belə bir stimulu məhz ermənilər özləri yaratmağa çalışırlar.
Məsələn, bu gün ermənilər hələ də Moskvadan Qarabağakı bir-neçə minlik erməniyə rus pasportları verib onların “müstəqillik”lərini tanımalarını istəyirlər. Onların fikrincə, Kremlin belə bir addımı Qarabağdakı “məzlum erməniləri” bütün bəlalardan “hifz edə bilər”.
Təbii ki, ermənilərin ruslara olan və hələ də səngiməyən yaltqlıqları təsirli effekt verməyən təqdirdə, onlar başqa təxribatlara əl atmaqdan da qalmırlar.
Məsələn, ötən gün NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etməsi ermənilər tərəfindən elə də xoş qarşılanmayıb. Əslində bunu erməni paxıllığı kimi də qəbul etmək olar.
Deməli, Avropa İttifaqı Azərbaycana 2 milyard avro maliyyə yardımı ayırır. Ermənilər sual edirlər: niyə Ermənistana yox, məhz Azərbaycana? Təbii ki, hər vəchlə Rusiya-Azərbaycan arasına “nifaq toxumu” səpmək üçün bundan yararlanmaq lazımdır.
Budur, erməni siyasətçi Stepan Qriqoryan Azərbaycana yardım kimi ayrılan 2 milyard avronun ayrılmasına səbəb kimi, “...Azərbaycan rəhbərinin Kiyevə getməsini, orada açıq-aşkar anti-Rusiya təbliğatı aparmasını, Azərbaycanın guya Rusiyanın enerji inhisarçılıq siyasətinə zərbə vurmasını görür...”.
Amma buna baxmayaraq, erməni Qriqoryan özünə, eləcə ermənilərə də ...bu gün Ermənistanla əməkdaşlığın inkişaf etdirilməsi yolunda Avropa İttifaqı tərəfindən heç bir maneə olmadığını da deməyi yaddan çıxarmır.
Qriqoryana görə, Fransa prezidenti Emmanuel Makron və Avropa Şurasının prezidenti Şarl Mişel həmişə olduğu kimi, bu gün də erməni xalqına öz “nəvaziş və yardımlarını” göstərməyə hazırdırlar. Yəni Avropa İttifaqı “təmənnasız-filansız” Ermənistana maliyyə yardımı göstərməyə hazırdır,..sadəcə olaraq, layihələrin icrasına başlamaq istiqamətində Ermənistan hakimiyyəti bir az ləng tərpənir.
...Belə görünür ki, bunun da günahkarı, həmişə olduğu kimi, yenə də Nikoldur? Amma maraqlıdır, əslində artıq ermənilərə maliyyə yardımı ayırmaqdan bezən Avropa, Qriqoryanın yalan deməsinə baxmayaraq, pul vermək istımirsə, buna Nikol “yazıq” neyləsin?
Ağasəf Babayev