PDF Oxu

Siyasət

  • 2 089

Paşinyanın komandası “günah keçisi” axtarışında - TƏHLİL

Paşinyanın komandası “günah keçisi” axtarışında - TƏHLİL

Normal olan ölkələrdə ordu generalları məğlubiyyətə görə günahlarından utanaraq özlərini güllələdiyi faktları dünya ictimiyyəti üçün sirr deyil. Bir çox hallarda gəmi kapitanlarının batmaqda olan gəmidə özlərini qurban verdikləri, xilasedicilərdən istifadə etmədikləri, birmənalı olaraq günahkar kimi özlərini cəzalandırmaları faktları barədə də çox bilirik. Yəni, həqiqətən də bəzi məqamlarda rəhbərlərin əksəriyyəti günahlarına görə birbaşa cavab verməli olduqlarının fərqində olublar ki, bunun da özlərinə cəza vermələri ilə nəticələndiyi bəllidir. Məsələ burasındadır ki, normal olmayan ölkə sayılan Ermənistanda müharibədə uduzan generallardan tutmuş, baş nazirə qədər, hətta qaçıb gizlənən müxalifətə qədər hamı məqam, vəzifə, üstün yerlər uğrunda vuruşurlar, amma nə utanmaq, nə də heç olmasa nəticə çıxarmaq niyyətində deyillər.

Çox gülünc bir mənzərənin şahidi oluruq ki, döyüş zamanı silahlarını, hərbi texnikalarını, papaqlarını belə qoyub qaçan, aradan çıxan erməni hərbçiləri indi, yəni təslim olmalarının fonunda döyüş bitdikdən sonra yumruqlarını yelləməkdən utanmırlar. Həm erməni siyasətçilərinin, həm də hərbi rəhbərlərinin açıq-aşkar uduzmasından, olmayan erməni tarixinin ən biabırçı məğlubiyyətindən sonra nə üzlə ortaya çıxdıqları sadəcə maraq doğurur. Əlbəttə ki, onlarda hansısa üzün olması da mümkün deyil, əks halda bunu bircə nəfər müşahidə edərdi və görərdi ki, məğlub olanlar özlərini elə məğlub kimi aparırlar, ağıllarına gələn kimi yox. Sözsüz ki, necə aparmaları nəyə isə dəlalət edən deyil, çünki, məğlubiyyət hər zaman, həmişə yetimdir. Məsələ burasındadır ki, sentyabrın 27-də başlayan və Ermənistan silahlı qüvvələrinin rüsvayçı məğlubiyyəti ilə nəticələnən 44 günlük müharibənin şəraitini öyrənmək üçün Ermənistanda Milli Məclisin İstintaq Komissiyasının yaradılması təşəbbüsü ilə hakimiyyət orqanları bu yetimin “atası”nı tapmağa çalışır.

Doğrudur, məğlubiyyətdə kimin günahkar olduğunu və necə deyərlər, kimin cəzalandırılmalı olduğunu təyin etmək heç vaxt gec deyil. Amma məğlubiyyətdən təxminən il yarım sonra 44 günlük müharibənin vəziyyətini araşdırmaq üçün komissiya yaratmaq heç də normal görünmür, tamam başqa mətləblərdən xəbər verir. Əslində, hələ də şokdan ayılmayan, buna görə də başını itirən erməni cəmiyyəti günahkarların tapılıb cəzalandırılmasını çoxdan tələb edir, amma, qeyd olunduğu kimi, yaşadığı şok səbəbindən bunun ardınca düşə biləmdi. Ermənistan rəhbərliyi də bundan sui istifadə edərək, günahkarların tapılıb cəzalandırılması istiqamətində məsuliyyətli iş aparmadı. Çünki, bu hakimiyyət bilavasitə özünün günahkar olduğunu hamıdan yaxşı bilir və öncə qeyd olunduğu kimi nə kapitanların özlərini gəmidən atmaq fikrində olduqları, nə də hərbçilərin özlərini güllələmək niyyətinə düşdükləri müşahidə olunmur. Əksinə, onlar vəzifə iddialarındadırlar, sanki bunlar mükafatlandırılmalı imişlər. On minlərlə erməninin qanına susayan, ölümünə bais olan Arayik Arutyunyandan tutmuş, müdafiə naziri Tonoyana, Ermənistanın Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Onik Qasparyana, müharibə zamanı döyüş bölgəsində bircə dəfə də olmayan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana, dabanına tüpürüb qaçan erməni ordu generallarına, rəislərinə qədər hamısı vəzifə eşqinə düşüblər, ittiham olunmalarını yox, məqamlarının ucaldılacağını gözləyirlər, hətta görünən odur ki, buna iddialıdırlar da. O zaman, günahkar kimdir və Ermənistan tərəfi günahkar axtaranda kimi nəzərdə tutur? Bəlkə Ermənistan hökuməti özünü mühakimə edəcək? Şübhəsiz ki, buna nə inanan olar, nə də normal yanaşan.

Bəli, yenə də normal ölkələri misal çəkmək lazım gəlir və bu rakursda da diqqətə çatdırmaq yerinə düşərdi ki, müharibədəki məğlubiyyətindən, itgilərindən sonra hərhansı bir ölkənin hökuməti istefa verir. Amma, bir daha qeyd edək ki, normal ölkələrdə bu belədir. Ermənistanda isə tamam başqa şeylər müşahidə olundu. Müharibədə məğlub olan hakimiyyət dərhal növbədənkənar seçkilər elan etdi, hətta seçkiləri “uğurla” keçirən hakimiyyət qalib də gəldi. İndi də erməni generalları özlərinə “layiq bildikləri” yerlər uğrunda vuruşurlar. Yenə də həmin sual təkrar olaraq ortaya çıxır ki, bu Ermənistan hakimiyyəti kimi günahkar elan etmək qərarındadır və kimi günhkar biləcək? Bəlli olur ki, bu hakimiyyət Ermənistanda Milli Məclisin İstintaq Komissiyasının yaradılması təşəbbüsü ilə sadəcə “günah keçisi” axtarışındadır. Təbii ki, belə olan halda nəinki Ermənistan müxalifətinin, heç adi vətəndaşlarının da, əhalisinin də bu komissiyaya zərrə qədər inamı ola bilməz. Buna ümumiyyətlə heç kim inanmaz axı.

Tutaq ki, bir-iki nəfəri elə həbsdə olan Tonoyanın yanında oturtmaq niyyəti var işğalçı ölkə hakimiyyətinin, bəs siyasi qərarlardan tutmuş, silahlanmaya, kəşfiyyata, nəzarətə, qərarların qəbulunda yol verilən nöqsanlara qədər Ermənistan tərəfində buraxılan səhvlərə görə cavabdehlik nəzərdə tutulmurmu? Görəsən, Şuşada içkinin təsirindən başı dumanlanaraq şıllaq atıb oynayan, sonra da ağlına gələni sayıqlayan, məsələnin danışıqlar yolu ilə həllinə əngəl olan, nəticədə müharibənin başlamasına baiskar olan Paşinyanın məsuliyyəti, onun günahkarlığı ümumiyyətlə nəzərdə tutulmurmu? Maraqlıdır, baş nazir və erməni silahlılarının baş komandanı kimi məğlubiyyətdə məsuliyyət daşıyan Paşinyanın özünə qarşı, lap elə üzünə komissiya üzvlərindən hansınınsa cəsarəti çatacaqmı ki, ittiham irəli sürə? Siyasəti də, hərbi məsələləri anlamayan, əsgərlərə çiyələk paylayan, işğal etdikləri torpaqlarda sərxoş vəziyyətdə şıllaq atıb oynayan birinə ittihamın irəli sürüləcəyi gözləniləndirmi? Heç inandırıcı görünmür və bu ölkənin kütləvi informasiya vasitələrində yazılanlanlar, yayımlananlar təsdiq edir ki, buna heç ermənilər özləri də inanmırlar. Belə olan halda bu ölkədə yaradılan həmin o komissiya, yaxud Ermənistan hakimiyyəti kimin axtarışındadır, günah keçisinin?

Digər xəbərlər