PDF Oxu

Siyasət

  • 2 766

Mehriban Əliyeva - xeyirxah və müqəddəs missiya sahibi

Mehriban Əliyeva - xeyirxah və müqəddəs missiya sahibi

Tarix sərvətdir, milli irsdir, onu yaradan, yaşadan isə şəxsiyyətlərdir. Şərq xalqları bəşər sivilizasiyasına, onun mədəni mirasına mühüm töhfələr verən tarixi şəxsiyyətlər yetişdiriblər. Elə həmin şəxslər də tarix yazaraq tarixin yaddaşına əbədi həkk olunublar, milli yüksəlişə, tərəqqiyə, intibaha aparan yolda silinməz izlər buraxıblar. Tanrı uzun illər – tarix boyu müxtəlif istilalara, işğallara, assimilyasiya cəhdlərinə məruz qalan Azərbaycan xalqına da bu xoşbəxtliyi bəxş edib.Xoşbəxtliyimiz ondadır ki, xalqımızın parlaq simalarının – şəxsiyyətlərinin çiyinləri üzərində intibah zirvəsinə ucalan Azərbaycan öz övladları ilə ali məqama çatıb, ali dəyərləri – milli və bəşəri ənənələri yaşadıb.

Azərbaycan adlı məmləkətin müstəqillik dövrü isə bu baxımdan bənzərsiz nümunələrlə zəngindir.Müstəqil Azərbaycan bizim milli-siyasi sərvətimizdir. Bu sərvəti isə unikal dəyərlərimiz olan tarixi şəxsiyyətlərimiz sayəsində qorumuşuq və qoruyuruq. Mübahisəsiz qəbul edilən fikir var: müasir müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin şah əsəridir. Bəli, bu, belədir – siyasi təqvimimiz Heydər Əliyevin adı, fəaliyyəti, irsi və ideyaları ilə bağlıdır. Həmçinin Azərbaycanı yüksəldən, zənginləşdirən, gücləndirən amil Onun əvəzsiz mirasıdır. Miras isə layiqli varis sayəsində yaşayır və yaşadılır. O, güclü, qətiyyətli Lider, vətənpərvər şəxsiyyət, layiqli siyasətçi və müdrik dövlət xadimi İlham Əliyevdir.Azərbaycanın Lideri təkcə milli inkişaf modelinin müəllifi deyil, həm də son 2 əsrdə ilk dəfə torpaqlarımızı azad etmiş yenilməz Sərkərdə - Müzəffər Ali Baş Komandandır. O, Ulu Öndərin müasir simasıdır. İlham Əliyevin xoşbəxtliyi təkcə güclü və nüfuzlu Azərbaycan hədəfinə çatmaqda, milyonların sevgisini, rəğbətini qazanmaqda deyil, həm də Mehriban Əliyeva kimi Heydər Əliyev ideyalarının və milli-mənəvi dəyərlərin daşıyıcısı olan ömür-gün yoldaşına, böyük dayağa və silahdaşa sahib olmaqdadır.Yazılarımın birində Mehriban xanım Əliyevanın əslindən-nəslindən, şəcərəsindən bəhs edərək onu Qubadlının Həcəri – Azərbaycanın qeyrət simvolu adlandırmışdım. O, Əməkdar elm xadimi Nəsir İmanquliyevin nəvəsi, dəyərli alim Aida İmanquliyevanın övladı kimi böyük bir şəcərənin davamçısı – Azərbaycan xalqının, elə doğma qubadlıların fəxridir. Mehriban xanım daxili dünyası – nəcibliyi, qeyrəti, ləyaqəti və torpağına, yurduna bağlılığı ilə fərqlənir. O, həm milli dəyərlərimizi tərənnüm etdirir, həm adətlərimizi, tariximizi yaşadır, həm də yenilik, müasirlik nümunəsidir. Azərbaycanın birinci xanımı statusunu ləyaqətli daşıyan Mehriban Əliyevanın fərdi portret cizgiləri zəngin, rəngarəng, özünəməxsus və bənzərsizdir. O, həm Azərbaycan qadınının layiqli obrazı – qeyrət simvolu, həm müasir və mütərəqqi düşüncəyə malik ictimai xadim, həm də humanizm, xeyriyyəçilik ənənələrini yaşadan müsbət obrazdır. Mehriban xanım Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESKO və ISESKO-nun xoşməramlı səfiri kimi öz üzərinə düşən ictimai, siyasi, mədəni, humanitar və digər vəzifələri layiqincə yerinə yetirərək etalon yaradıb.Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı müvafiq Sərəncama əsasən, Mehriban Əliyevanın Birinci vitse-prezidenti təyin olunması cəmiyyətdə yüksək dəyərləndirildi. Əlbəttə, bu, tam yerində olan qərar idi və heç də təsadüfi xarakter daşımırdı. Bu təyinatın arxasında Mehriban xanım Əliyevanın dövlətçilik və xalqın mənafeyi naminə uzun illər boyu göstərdiyi səmərəli, məqsədyönlü fəaliyyət dayanırdı. Başqa sözlə, Vətənə sədaqət, milli dəyərlərə hörmət və uğurlu fəaliyyət Mehriban xanım Əliyevanın ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmasını şərtləndirən əsas amillər idi.
O, Birinci vitse-prezident postunda vəzifə səlahiyyətlərini uğurla yerinə yetirməklə yanaşı, xeyirxah və müqəddəs missiyasını davam etdirir. Humanizm Mehriban xanım Əliyevanın həyatından və fəaliyyətindən qırmızı xətt kimi keçir. O, yardıma ehtiyacı olanlara şəfqət, qayğı, diqqət və mərhəmət göstərir, kömək edir – dəstək verir, müsbət nümunə yaradır, ənənələrimizi yaşadır və gücləndirir. İndiyədək Mehriban xanım Əliyevanın 4 dəfə - 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya təşəbbüsü ilə çıxış etməsi də onun insani dəyərlərə, humanizm prinsiplərinə böyük önəm verdiyini təsdiqləyir.Mehriban xanım Əliyeva həm insanpərvər, həm də vətənpərvərdir. Ona görə də daim sosial məsələlərin həllinə xüsusi diqqət göstərir. Onun təşəbbüsü ilə genişmiqyaslı və ictimai əhəmiyyətli layihələr müvəffəqiyyətlə həyata keçirilir. Birinci xanım cəmiyyəti narahat edən, dövlətimiz və xalqımız üçün müstəsna əhəmiyyət daşıyan məsələlərin həlli üçün çalışır və buna nail olur.Onun missiyası sərhəd tanımır – fəaliyyəti Azərbaycanın inzibati sərhədləri, coğrafi hüdudları ilə məhdudlaşmır, bir və ya bir neçə sahəni əhatə etmir – çoxşaxəlidir. Birinci xanımın milli mədəniyyətimizin qorunması və inkişafı istiqamətində genişmiqyaslı fəaliyyəti, Azərbaycanın zəngin tarixi və mədəni irsinin dünya ictimaiyyətinə çatdırılması ilə əlaqədar işləri göz önündədir. Mehriban xanım Əliyevanın təşkilatçılıq qabiliyyəti sayəsində ölkəmiz “Eurovision-2012” mahnı müsabiqəsinə, Birinci Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, digər mühüm beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib. Bu, öz növbəsində, respublikamızın müsbət beynəlxalq imicinin daha da möhkəmləndirilməsi baxımından böyük önəm daşıyıb. Onun rəhbərliyi ilə görülən işlər, həmçinin Azərbaycana qarşı təcavüzkar siyasətin ifşa olunması, reallıqların dünya birliyinə təqdim olunmasında əvəzsiz yerə malikdir. Ümumiyyətlə, Mehriban xanım Əliyeva ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsinə həmişə xüsusi diqqət göstərib və bununla bağlı yüksək həssaslıq nümayiş etdirib. O, hər zaman Vətən uğrunda canından keçən qəhrəmanlarımızın ailələrinə, doğma torpaqlarından məcburi köçkün düşmüş vətəndaşlarımıza xüsusi qayğı ilə yanaşıb, onların sosial problemlərinin həllinə diqqət göstərib və ümumiyyətlə, cəmiyyətin nəzərini bu məsələlərə cəlb edib. Eyni zamanda, erməni işğalçıları ilə döyüşlərdə yaralanmış və əlil olmuş hərbçilərimizə və mülki şəxslərə maddi-mənəvi dəstək, onların müalicəsi və sağlamlığının bərpasına lazımi diqqət göstərilməsi də Mehriban xanım Əliyevanın humanizm fəaliyyətinin əsasını təşkil edir. Bu gün Heydər Əliyev Fondu işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə öz töhfəsini verir. Fond qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başlayıb. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondunun yaradılması, “Karabakh. Center” (“Qarabağ. Mərkəz”) layihəsinin həyata keçirilməsi tarixi Qələbəmizin diplomatik müstəvidə möhkəmləndirilməsi, Böyük Qayıdışın layiqli şəkildə həyata keçirilməsinə, Azərbaycanın beynəlxalq informasiya məkanında mövqeyinin gücləndirilməsinə mühüm töhfədir.Mehriban xanım Əliyevanın çoxşaxəli, uğurlu, səmərəli və nümunəvi fəaliyyəti həm ölkəmizdə, həm də beynəlxalq müstəvidə olduqca yüksək qiymətləndirilir. Dünya miqyasında elm xadimləri, ziyalılar, ictimai-siyasi personalar, dövlət adamları və digərləri Azərbaycanın birinci xanımının tarixi missiya yerinə yetirdiyini, bəşəriyyətin bugünkü inkişafına və gələcəyinə layiqli töhfə verdiyini ifadə edirlər. Mehriban xanım Əliyeva indiyə qədər bir çox sorğularda müxtəlif nominasiyalar üzrə qalib olub, onun fəaliyyətinə adekvat və yüksək qiymət verilib. Bu, müsbət beynəlxalq imicin, yaxud dünyada ictimai-siyasi prestijin göstəricisidir. Bunlarla yanaşı, o, Azərbaycanın ən yüksək təltiflərinə - “Heydər Əliyev” ordeninə və Heydər Əliyev Mükafatına layiq görülüb, müxtəlif ölkələrin yüksək dövlət təltifləri ilə mükafatlandırılıb. Amma Mehriban xanım Əliyevanın ən böyük mükafatı ölkəmizdə və beynəlxalq miqyasda milyonların rəğbəti – sevgisidir. O, özünün dediyi kimi, bu sevgidən ilham alır, peşəkar fəaliyyətini bu stimul əsasında uğurla, yorulmadan və böyük şövqlə davam etdirir.

Elbrus Quliyev
Dövlət Statistika Komitəsi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri

sia.az

Digər xəbərlər