PDF Oxu

Siyasət

  • 2 511

Qarabağın Xirosiması Ağdamda sürətli bərpa işləri həyata keçirilir

Qarabağın Xirosiması Ağdamda sürətli bərpa işləri həyata keçirilir

Azərbaycanın hər bir guşəsi gözəl, əsrarəngiz və cənnətdir-desək heç də yanılmarıq. Lakin, bu cənnət guşələrin öz içində belə seçilən müəyyən ərazilərimiz var ki, bunlar haqqında ayrıca yazmamaq mümkün deyil. Bu ərazilərdən biri də Ağdam rayonudur.Ağdam rayonu 8 avqust 1930-cu ildə yaradılıb. Sahəsi 1154 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində - Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Gözəl Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatmışdır. Dəniz səviyyəsindən yüksəkliyi 410 metr, maksimum yüksəklik 1365 metrdir. İqlimi əsasən mülayim isti, quraq subtropikdir. Dağətəyi yerləyrdə yüksəklik artdıqca iqlim mülayimləşir. Ən çox yağıntı dağətəyi sahələrə düşür. İllik yağıntı 300-550 mm-dir. Rayonun ərazisindən Qarqar və Xaçın çayları axır.Ağdam rayonun ərazisi Kiçik Qafqaz dağları ilə Kür-Araz ovalığının təmas zonasında yerləşir. Rayonun sahəsi 1094 kvadratklometr, əhalisi 1998-ci ilin məlumatına görə 165 min nəfərdir. Coğrafi mövqeyi yaşayış vətəsərrüfat üçün çox əlverişli şərait yaradır. Rayon əsasən, Qarabağ düzünün dağətəyi hissəsində yerləşir.1988-ci ilin son aylarında Ermənistandan və daha sonra isə Dağlıq Qarabağdan qovulub çıxarılan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna gətirilmişdi. 1993-cü il iyulun 4-də erməni qüvvələri artilleriya ilə Ağdamı bombalamış, şəhərin əksər hissəsini məhv etmişdilər və bunun nəticəsində, əsgərlər və mülki vətəndaşlar şəhərdən evakuasiya olundu. 23 iyul 1993-cü il tarixdə Ermənistan ordusu tərəfindən Ağdam şəhəri işğal olunub. 20 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri Ağdam şəhərinə daxil olur. Bununla Ağdam şəhərinin işğalına son qoyulur.1994-cü il may ayının 12-dək davam edən hərbi təcavüz nəticəsində isə ermənilər Ağdam rayonu ərazisinin 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail oldular. Ağdamın müdafiəsi uğrunda 5 ildən artıq gedən qanlı döyüşlərdə qismətinə 5897 şəhid, 3531 nəfər əlil, 1871 nəfər yetim uşaq düşdü. Minlərlə insan fiziki şikəstlik qazanmış, 126 min nəfərdən artıq ağdamlı öz doğma ev-eşiyindən didərgin düşmüşdü.Artıq Qafqazın Xirosoması adını almış Ağdam bu gün mənfur düşmən caynağından Şanlı Ordumuzun qəhrəman əsgərləri sayəsində azad olunmuşdur. Xarabazara çevrilən Ağdam o keçmiş günləri üçün həsrətlə boylanıb, inləyən bir canlıya bənzəyir.Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin Qarabağın, o cümlədən Ağdamın dirçəldilməsi, inkişafı üçün gördüyü məqsədyönlü işlər, apardığı uğurlu siyasət artıq öz bəhrəsini verməkdədir. 2022-ci il 13 fevral tarixində Prezident İlham Əliyev və I Vitse-Prezident Mehriban Əliyeva Ağdama səfəri zamanı bir çox mesajları verməklə Qarabağın, o cümlədən cənnət Ağdamın çox qısa bir zaman dönəmində inkişaf edəcəyinə, sözün həqiqi mənasında cənnətə çevriləcəyindən xəbər verir. Prezident bildirmişdir ki, Ağdamın yenidən bərpası üçün kompleks tədbirlər planı hazırdır və bu yöndə uğurlu işlər aparılır. Ağdamın ilk bərpa işlərinə məhz ilk olaraq yaşayış binalarının tikilib istifadəyə verilməsini də Prezident xüsusilə vurğulamışdır. Rayonun, əsasən də Ağdam şəhərinin bərpasında ilk diqqətlərdən biri yeni infrastrukturların yaradılması, müasir mehmanxana, yaşayış kompleksləri, 250 çarpayılıq xəstəxananın tikilib istifadəyə verilməsi artıq ön plandadır.Respublikamızın iqtisadiyyatının günü-gündən inkişaf etməsi Azərbaycanın həqiqətən nəinki siyasi cəhətdən, eyni zamanda iqtisadi cəhətdən də suveren və müstəqil olmasını sübut edir. Qarabağın, Ağdamın dirçəldilməsi məhz Azərbaycan dövlətinin daxili vəsaiti hesabına həyata keçirilir. Tarixi və dini abidələrin yenidən bərpa edilməsində Heydər Əliyev Fondunun rolu danılmazdır. Ağdam Cümə Məscidinin yenidən tikilməsi məhz buna sübutdur.Artıq Ağdama yeni nəfəs gəlir. Ağdam-Şuşa magistral avtomobil yolu istifadəyə verilmişdir. Amma, bütün bunlara baxmayaraq düşmən düşməndir. Ermənistanla sülh müqaviləsinin vacibliyini də məhz Möhtərəm Prezidentimiz buna görə xüsusilə vurğulamışdır. Lakin, belə bir müqavilə bağlansa belə yağı düşmənin hilələrinə uymaq olmaz. Buna görə də Müzəffər Şanlı Ordumuz hər-zaman torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmışdır. Əgər mənfur erməni düşmənləri hansısa revanşist addımlar atacaqlarsa, mütlər Ordumuz tərəfindən dərhal və yerindəcə məhv ediləcəkdir.Möhtərəm Prezidentimiz İlham Əliyevin Ağdama səfəri zamanı vurğuladığı fikirləri diqqətlə analiz edəndə Qarabağın, o cümlədən Ağdamın olduqca qısa zaman dönəmində tam bərpa edilib dirçələcəyinə, həyatın ora qayıtmasına və inkişafına böyük inam və ümid yaranır. Ümidvaram ki, Qarabağ həsrətində olan minlərlə insana həmin torpaqlarda yaşamaq, yaratmaq, o əraziləri ziyarət etmək qismət olacaq. Bütün bunlar üçün Şanlı Ordumuzun Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti Möhtərəm İlham Əliyevə təşəkkür edir, Azərbaycanımızın daha da inkişaf edib çiçəklənməsi, möhkəmlənməsi yolunda apardığı işlərdə uğurlar arzulayıram.

Əliheydər Babayev
Xəzər rayonu, 117№-li tam orta məktəbin müəllimi

sia.az

Digər xəbərlər