YAP Yasamal rayon təşkilatında qazi və Vətən müharibəsi iştirakçıları ilə gənclərin görüşü keçirilib. Görüşdə ilk öncə Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev iştirakçıları salamlayıb və qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbə Azərbaycanın dünyadakı şöhrətini daha da artırdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycan tarixinə yeni bir səhifə yazdı. Vətən müharibəsində şücaət göstərmiş şəhidlərimiz və qazilərimiz həmişə ehtiramla yad edilir və onlar yetişən gənc nəslə nümunə göstərilir. Həyat durduqca belə mərd oğul və qızlarımız yaşayacaqlar. Çıxış edən Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, "91-lər"in nümayəndəsi Şahlar Əsgərov müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə silahlı qüvvələrimizin İkinci Qarabağ müharibəsində əldə etdiyi tarixi zəfərdən söhbət açıb və bildirib ki, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda əsgər və zabitlərimizin göstərdikləri qəhrəmanlıq hər birimizdə sonsuz iftixar hissi yaradır.Sonra çıxış edən şəhid Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Nurlan Mustafayevin anası Rəhilə Ramazanova bildirib ki, oğlu ilə fəxr edir. Şəhid anası olması ilə çox böyük qürur duyduğunu bildirib: "Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Bütün vətənpərvər oğullar, qızlar mənim övladlarımdır"- deyən Rəhilə Ramazanova şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.Sonra Vətən müharibəsi zamanı yaralı olduğu halda "Anadır arzulara hər zaman Qarabağ" mahnısını ifa edən Məbud Əhmədova dair qısa videoçarx nümayiş olunub. Məbud Əhmədov da öz çıxışında "Anadır arzulara hər zaman Qarabağ" mahnısını canlı ifa edib və hər kəsə öz təşəkkürünü bildirib.Məbud Əhmədova YAP Yasamal rayon təşkilatı tərəfindən Fəxri Fərman təqdim edilib. Daha sonra qazi Vüqar Məmmədovun doğum günü qeyd olunub. Vüqar Məmmədova doğum günü münasibətilə YAP Yasamal rayon təşkilatı tərəfindən Fəxri Fərman, hədiyyələr təqdim olunub. Vüqar Məmmədov çıxışında öz təşəkkürünü bildirib və qeyd edib ki, Azərbaycan hər zaman mərd və vətənpərvər oğul və qızların diyarıdır: "Şəhid anaları bizim baş tacımızdır, onların hər biri həm də bizlərin anasıdır"- deyə bildirib.Sonra Vətən müharibəsi iştirakçıları və qazilər keçdikləri döyüş yollarından danışıb, öz təəssüratlarını bölüşüblər. Qeyd olunub ki, onlar Vətən və dövlət qarşısında öz vətəndaşlıq borclarını yerinə yetiriblər. Bununla belə, Azərbaycan xalqının dəstəyi, yüzlərlə, minlərlə gəncin könüllü döyüşlərə yollanması onlara əlavə güc verib. Daha sonra gənclərlə müzakirə formatında keçən görüşdə gənclər öz ürək sözlərini bölüşərək, sualları cavablandırıblar. Sual-cavabda fəal iştirak edən gənclərə Şahlar Əsgərov kitab hədiyyə edib.Sonda xatirə şəkli çəkdirilib.
NƏZAKƏT ƏLƏDDİNQIZI