"Xocalı qətliamı 20-ci əsrin sonlarında dinc əhaliyə qarşı törədilmiş ən böyük qətliamdır. Hadisə nəticəsində 613 azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Bunların içərisində uşaq, qadın, qocalar var idi". Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin (İB) Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.Onun sözlərinə görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı “Xocalıya ədalət” kampaniyası uğurla davam etdirilir: "Düşünürəm ki, Türkiyə də buna mütləq dəstək verəcək. Bu günə qədər Xocalı soyqırımı bir çox ölkələrin parlamentində soyqırım olaraq qəbul edilib. Qışın ən şiddətli çağında insanlar ayaqyalın şəkildə öz dədə-baba torpaqlarından didərgin düşdülər. Bütün bu hadisələrə qərb mətbuatı susdu. Xocalıda baş verən soyqırım haqqında heç bir qərb mətbuatı hər hansı bir informasiya vermədi. Amma Xocalının qisası 44 günlük Vətən müharibəsində misli ilə alındı. Biz bu qətliamı şiddətli şəkildə qınayırıq. Xocalı soyqırımını bütün dünya tanımalıdır. Çünki açıq-aşkar şəkildə Xocalıda cinayət işlənib və bu cinayəti törədənlər Beynəlxalq Ədalət Məhkəməsinə çıxarılaraq məsuliyyətə cəlb olunmalıdırlar. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı “Xocalıya ədalət” kampaniyasını dəstəkləyir və bunun uğurla nəticələnəcəyinə inanıram".
Arzu Qurbanzadə