PDF Oxu

Siyasət

  • 2 870

Rusiyanın Ukrayna ssenarisi – uğursuz siyasi teatr səhnəsi SİYASİ RAKURS+AKTUAL

Rusiyanın Ukrayna ssenarisi – uğursuz siyasi teatr səhnəsi SİYASİ RAKURS+AKTUAL

NATO-nun raketləri isə Rusiya ilə sərhədlərə çox yaxındırlar

Ukraynada gərginlik get-gedə, hətta saatbasaat artmağa başlayır. Artıq Donbasdakı kiçik silahlı toqquşmalar daha böyük qarşıdurmalara, irimiqyaslı müharibəyə doğru inkişaf edir. Təkcə atıcı silahların artilleriya və minaatanlarla, əvəzlənməyə başlaması da bu cür qənaətə gəlməyə zəmin yaradır. Bu mənzərə açıq-aydın və real Rusiya-Ukrayna savaşının ilk siqnallarıdır. Əbəs deyil ki, qarşılıqlı ittihamlar da həmin mənzərəyə rəng qatır. Misal üçün, Rusiyanın prezidenti Putin Donetsk və Luqansk əhalisinə qarşı “genosid” (?) törədildiyini deyir, əhali Rusiyanın həmsərhəd bölgələrinə təxliyyə edilir və bütün bunlar Rusiyanın ultimativ xarakterini göstərir. Halbuki, qeyd edilənlər həm də yaxşı hazırlanmış ssenari kimi də qiymətləndirilə bilər...
Rusiyanı qane etməyən nədir?
Digər fərqli bəndlər və prinsiplərə gəldikdə isə, Rusiya ABŞ-dan və NATO-dan və s. məlum Qərb ölkələrindən cavablarını alıb. Məsələn, Rusiyanın ultimatumları sırasında NATO-nun Şərqə doğru irəliləməməsi tələbi dayanırdısa, bu tələbə etina göstərilməyib və artıq NATO Şərq sərhədlərində yerləşib, ABŞ-ın raketləri Rusiya ilə sərhədlərə çox yaxındırlar.
O da məlum idi ki, ABŞ və onun nəzarətində olan NATO rəsmiləri onsuz da hərbi alyansın Şərqə doğru genişlənməsi ilə bağlı geriyə çəkiləcəklərini tələb edilən zəmanət sənədlərinə imza atmamaqları ilə sübuta yetirmişdilər. Sadəcə, bir öhdəlik götürülmüşdü ki, Ukrayna NATO-ya üzv kimi qəbul edilməyəcək. Amma göründüyü kimi, bu vəd Rusiyanı qane etmir...
Rusiya Qərbdən çox ağır, ölçüyəgəlməz və bugünə qədər tətbiq edilməyən ən böyük sanksiyalarla üzləşə bilər
Həmçinin, qeyd edə bilərik ki, Kreml Fransanın və Almaniyanın Kiyevə təsir etməsinə və müəyyən məsələlərdə razılıqlara gəlməsi üçün vəd edilən təşəbbüslərin reallaşmasına da inanmır, yəni effektli nəticə gözləmir.
Lakin daha bir məqam budur ki, Rusiya da Ukraynda məsələsində uduzacağı faktorları yaxşı bilir. Belə ki, irimiqyaslı müharibə baş verərsə Rusiya Qərbdən çox ağır, ölçüyəgəlməz və bugünə qədər tətbiq edilməyən ən böyük sanksiyalarla üzləşə bilər. Belə olan halda Rusiyanın Abxaziyada, Cənubi Osetiyada, Dnestryanıda olan mövqeləri də kifayət qədər zəifləyə bilər və hər şey anidən onun planlarının əksinə inkişaf edər ki, Kreml bu kimi faktorlardan sığortalanmayıb. Üstəlik, Çinin mövcud böhranda yaxasını kənara çəkməsi və hadisələri, sadəcə, izləməsi belə deməyə əsas yaradır ki, bu ölkə Qərb-Şərq qarşıdurmasında özəl yer almaqda maraqlı deyil. Çin yalnız öz siyasi-iqtisadi maraqlarını düşünür, eyni zamanda Qərblə olan əlaqələrinə xələl gətirmək fikrində olmadığını nümayiş etdirməkdədir.
Əgər bu faza qüvvədə qalmağa davam etsə, əsəblər son həddə çataraq partlamasa...
Daha bir amil budur ki, əgər Qərb Rusiyaya sanksiyaları işə salarsa sonradan onları geri çəkmək mümkün olmayacaq, çünki həmin proses də uzun müddət tələb edir. İndi belə qənaətə gəlmək olar ki, Ukrayna böhranı fonunda cərəyan edən proseslər əsəblərin oyunu fazasındadır. Əgər bu faza qüvvədə qalmağa davam etsə, əsəblər son həddə çataraq partlamasa yaranmış situasiyanı siyasi-diplomatik vasitələrlə həll etməyə şərait yarana bilər. Beləliklə, tərəflər zamanında dayanmasalar sonradan çərçivədən çıxan maraqların qarşısını almaq, ümumiyyətlə, mümkün olmayacaq. Bu gün Kreml müharibə etməyə maraqlı olmadığını və tarixində heç vaxt hücum etmədiyini bəyan edir, rəsmilər həmin marağın Ukraynada olduğunu bildirirlər, amma bu həqiqətənmi belədir? Günahkar həqiqətənmi Ukraynadır? Onda bu gün Gürcüstandan ayrılan Abxaziya, Cənubi Osetiya, Moldovadan qopardılan Dnestyanı kimi separatçı ocaqların da yaradılmasının günahkarları bu ölkələrdirmi? Rusiyanın verəcəyi cavabları çoxdur, amma görünür, hələ də tələsmir...

Rövşən RƏSULOV

Digər xəbərlər