PREZİDENT İLHAM ƏLİYEV: "Biz heç vaxt imkan verə bilmərik ki, ərazi bütövlüyümüzə hər hansı bir təhdid yaradılsın"
Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə başa çatan İkinci Qarabağ müharibəsi müstəqillik və dövlətçilik tariximizin olduqca mühüm səhifələrindən biridir. 44 günlük müharibənin nəticəsində İlham Əliyevin Ali Baş Komandanlığı ilə ordumuz 30 ildən artıq idi ki, davam edən erməni işğalına birdəfəlik son qoydu, respublikamızın qanuni hüquqlarını bərpa etdi. Ermənistana həm də elə bir maddi və mənəvi ziyan vuruldu ki, indi bu ölkə tarixinin ən ağır və rüsvayçı günlərini yaşayır. Bu gün Ermənistan ordusu yoxdur. Əgər Ermənistan yenidən bizim üçün təhlükə mənbəyi olmağa cəhd edərsə, onların axırı İkinci Qarabağ müharibəsindəki kimi olacaqdır.
“Biz heç vaxt imkan verə bilmərik ki, xalqımıza, dövlətimizə, ərazi bütövlüyümüzə hər hansı bir təhdid yaradılsın. Ölkə hüdudlarından kənarda olsa da, əgər bu təhdidi biz görsək, heç kim bizi dayandıra bilməz. Necə ki, 44 gün ərzində nə qədər bizi dayandırmağa çalışdılar, nə qədər bizi hədələdilər, təzyiq etdilər, təhdid etdilər. Heç kim bizi dayandıra bilmədi”,-deyən dövlət başçısı yerli telekanallara müsahibəsində bu ilin əvvəlində Ermənistanın oxşar revanşist addımlarının şahidi olduq. Bəli, hər bir ölkənin ərazi bütövlüyü toxunulmazdır. Elə Azərbaycan Prezidenti İlham Əliyev də yüksək tribunalarda, müsahibələrində, çıxışlarında bildirib ki, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin edilməlidir.
Prezident İlham Əliyev yanvarın 30-da "Rossiya 24” telekanalında TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyinə və Azərbaycanın dövlət başçısının 60 illik yubileyinə həsr olunmuş "Hakimiyyət formulu” verilişində deyib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin. Bu, bizim suveren hüququmuzdur: «Avropa Şurasının, Avropa Parlamentinin qətnamələri, ATƏT-in qərarları, İslam Əməkdaşlıq Təşkilatının, digər təşkilatların qətnamələri var. Bu sənədlərin hamısında tələb eynidir – Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin. Bu, bizim suveren hüququmuzdur”.
“ERMƏNİSTAN ƏFSUSLAR OLSUN Kİ, İKİNCİ QARABAĞ MÜHARİBƏSİNDƏN AXIRA QƏDƏR DƏRS ÇIXARMAYIB”
Prezident İlham Əliyev müsahibəsi zamanı bir daha mesaj verərək qeyd etdi ki, Ermənistan və onun havadarları bilsinlər ki, onlar tərəfindən törədilən təxribatların qarşısı qətiyyətlə alınacaq və bizim qarşımızı heç bir qüvvə kəsə bilməz və bütövlükdə erməni cəmiyyəti müharibədəki məğlubiyyətindən hələ özünə gələ bilməyib: “Biz görürük ki, birincisi, dediyim kimi, müharibədən sonrakı dövr ərzində hərbi təxribatlar və bir neçə dəfə belə cəhd edilmişdir – həm noyabr ayında, ondan əvvəl, dünən və istisna deyil ki, bundan sonra da belə cəhdlər ediləcək. Təbii ki, Ermənistan rəhbərliyi və bütövlükdə cəmiyyəti müharibədəki məğlubiyyətindən hələ özünə gələ bilməyib. Onlara elə bir ciddi psixoloji zərbə vurulub, psixoloji cəhətdən elə zədələniblər ki, onların indi bütün ideoloji əsasları darmadağın edilib. Yəni, onların uydurduqları və özləri inandıqları bütün miflər dağıdılıb. Onu biz 44 gün ərzində göstərmişik. Ona görə belə meyillər Ermənistan ictimaiyyətində var və istənilən hakimiyyət ictimai rəylə hesablaşmalıdır. Ona görə belə meyillər davam edəcək. İkincisi, onu da biz unutmamalıyıq ki, indiki hakimiyyət əgər bu gün özünü daha konstruktiv aparırsa, faktiki olaraq müharibədən əvvəlki dövrdə müharibənin qaçılmaz olmasını şərtləndirdi. Axı “Qarabağ Ermənistandır və nöqtə” deyən indiki hakimiyyətin təmsilçisidir, “Yeni torpaqlar uğrunda yeni müharibə” ilə bizi hədələyən indiki hakimiyyətin təmsilçisidir. Cıdır düzündə oynayan, Azərbaycan xalqının heysiyyətinə toxunan indiki hakimiyyətin təmsilçisidir. Yəni, indi biz indiki hakimiyyətin davranışına baxmamalıyıq, özümüzü aldatmamalıyıq. Məhz onlar Azərbaycan ərazilərini daim işğal altında saxlamaq fikrində idilər, məhz indiki hakimiyyət dırnaqarası qondarma “Dağlıq Qarabağ respublikası”nın parlamentini Şuşaya köçürmək istəyirdi və hətta orada binanın daş işləri də artıq tamamlanmışdı. Biz onu yerlə bir etdik. İndiki hakimiyyət nümayəndələri deyirdi ki, biz dırnaqarası “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıyıq və dırnaqarası “Dağlıq Qarabağ respublikası” danışıqlar masasında olmalıdır. Yəni Koçaryan-Sarkisyan yox, məhz indiki hakimiyyət. Ona görə yenə də deyirəm, biz heç vaxt indiki hakimiyyətin xoş sözlərinə aldanmamalıyıq. Heç vaxt unutmamalıyıq ki, biz hansı qonşu ilə qonşuluqda yaşayırıq. Sərhəddə törədilmiş təxribatlar da bundan qaynaqlanır”.
"ÖLKƏMİZİN ƏRAZİ BÜTÖVLÜYÜ DANIŞIQLAR PREDMETİ DEYİL"
Dövlət başçısı dəfələrlə çıxışlarında bildirib ki, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin edilməlidir: “Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin edilməlidir. İşğal edilmiş bütün torpaqlar istisnasız azad edilməlidir. Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara, o cümlədən Şuşaya qayıtmalıdır. Budur mənim siyasətim!...Ona görə, ölkəmizin ərazi bütövlüyü danışıqlar predmeti deyil, olmayıb, olmamalıdır və olmayacaq. Biz öz doğma torpaqlarımıza qayıtmalıyıq və qayıdacağıq".
Prezidentin açıqlamalarında onu da vurğulayıb ki, bölgədə baş verən proseslər heç bir halda bizim mövqeyimizi dəyişə bilməz: “Bunların imkanları artıb, yaxud da haradansa dəstək ala bilərlər. Amma unutmamalıdırlar ki, İkinci Qarabağ müharibəsindəki kimi, kimin onlara yardım edəcəyindən asılı olmayaraq, biz istədiyimizə nail olacağıq”. Həmçinin, dövlət başçısı iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanımaq şərtilə sülh sazişi imzalaması ilə bağlı Paşinyan hakimiyyətinə konkret vaxt qoyub: 6 ay. Əks təqdirdə, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımayacaq və bundan irəli gələn hadisələrin fəsadlarına İrəvan qatlanmalı olacaq: “Bizim xoşniyyətli davranışımız şərt deyil ki, əbədi olacaq və şərt deyil ki, bu təkliflər əbədi masa üzərində qalacaq. Əgər bizim ərazi bütövlüyümüzü tanımaq istəmirlərsə, o zaman biz də onların ərazi bütövlüyünü tanımayacağıq” – deyən Prezident daha sonra əlavə edib ki, “Amma mən qarantiya verə bilmərəm ki, bu, altı aydan sonra da eyni olacaq. İstəmirlər, yaxşı, olmasın, onda görərik nə olacaq”.
Bəli, Prezident İlham Əliyev ölkənin rəhbəri kimi 18 illik fəaliyyəti ərzində xalqına verdiyi vədləri yerinə yetirmiş güclü siyasi lider olaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyir. Və Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi, ərazi bütövlüyümüzün bərpası və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Xüsusilə də, Azərbaycanın haqqın, ərazi bütövlüyü uğrunda apardığı İkinci Vətən Müharibəsində Azərbaycan xalqının 30 illik həsrətinə 44 gün ərzində son qoymaqla bütün dünyaya sübut etdi ki, “Dağlıq Qarabağ problemi yoxdur!” deməklə Qarabağ Azərbaycanındır, Qarabağ Azərbaycandır! Çünki bu Qələbə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə güclü iqtisadiyyat, güclü dövlət, güclü ordu, rəşadətli əsgər və zabitlərimizin igidliyi ilə nail oldu, Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, tarixi ədaləti bərpa etdi.
Və bu gün ordusu olmayan Ermənistan Azərbaycan üçün təhlükə mənbəyi ola bilməz, olduğu halda onların axırı İkinci Qarabağ müharibəsindəki kimi olacaqdır: «Biz heç vaxt imkan verə bilmərik ki, xalqımıza, dövlətimizə, ərazi bütövlüyümüzə hər hansı bir təhdid yaradılsın. Ölkə hüdudlarından kənarda olsa da, əgər bu təhdidi biz görsək, heç kim bizi dayandıra bilməz. Necə ki, 44 gün ərzində nə qədər bizi dayandırmağa çalışdılar, nə qədər bizi hədələdilər, təzyiq etdilər, təhdid etdilər. Heç kim bizi dayandıra bilmədi”.
RƏFİQƏ HÜSEYNOVA