Bu fakt sübut edir ki, qədim Azərbaycan torpaqlarında, Qərbi Azərbaycanda, İrəvanda, bütövlükdə isə bugünün “Ermənistanında” revanşist qüvvələrin kökləri kəsilməyincə bənzər təhdidlər, qışqır-bağırlar, yaxacırmalar davam edəcək
Məlum olduğu kimi, Azərbaycanın iki deputatı Ermənistanda keçirilən Avronest Parlament Asambleyasının (PA) komitə iclasında iştirak etmək üçün İrəvana səfər ediblər. SİA xəbər verir ki, İrəvana səfər edənlər Tahir Mirkişili və Soltan Məmmədovdur.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra ilk dəfə Azərbaycan təmsilçiləri Ermənistanda olan tədbirə qatılır. Bundan əvvəl isə eyni tədbirin İrəvanda keçirilən iclasına Azərbaycan tərəfi nümayəndə göndərməmişdi, amma Ermənistan tərəfindən deputatlar Avronestin Bakıda keçirilən iclasında iştirak etmişdilər və onlara qarşı heç vaxt aqressiv münasibət, yaxud təhdidlər olmamışdı.
Ermənilərin azərbaycanlılarla birgəyaşayış şəraitində yaşaya bilıməyəcəkləri təhdid dolu fikirlərlə sübuta yetirildi

Lakin məlum oldu ki, İkinci Qarabağ müharibəsində Ermənistanın silahlı qüvvələrinin tərkibində döyüşmüş terrorçular İrəvanda etiraz aksiyası keçirərək bütün dünyanın gözü qarşısında ermənilərin azərbaycanlılarla birgəyaşayış şəraitində yaşaya bilıməyəcəklərini əməlləri və təhdid dolu fikirləri ilə sübuta yetiriblər.
Erməni revanşisti: “Bir nəfər də olsun türk Ermənistana gəlməyəcək – imkan verməyəcəyik, xəbərdarlıq edirik – sərt şəkildə cəzalandıracağıq”

“Biz heç vaxt imkan vermərik ki, iki azərbaycanlı deputatın ayaqları İrəvana dəysin. İmkan verməyəcəyik ki, türk ayağı erməni torpağına toxunsun, türk görsəm məhv edəcəyəm”, deyə terrorçu qışqır-bağır salıb.
Digər müharibə iştirakçısı və erməni terrorçusu isə deyib: “Biz türklərlə dostluq etməyə qarşıyıq. Bir nəfər də olsun türk Ermənistana gəlməyəcək – imkan verməyəcəyik. Xəbərdarlıq edirik – sərt şəkildə cəzalandıracağıq”,deyə bağırıblar.

Onlar bir az da irəliyə gedərək bildiriblər ki, erməni əsgərləri mövqelərdə dayanıblar ki, türklər irəliləyə bilməsinlər: “Burada, İrəvanda isə onların qarşısında geniş qapılar açırlar. Bu hakimiyyət üçün müqəddəs heç nə yoxdur. Siz bizim nəyə qadir olduğumuzu hələ görəcəksiniz”, deyə terrorçular təhdidlərini davam etdiriblər.
Beləliklə, bu fakt sübut edir ki, qədim Azərbaycan torpaqlarında, Qərbi Azərbaycanda, İrəvanda, bütövlükdə isə bugünün “Ermənistanında” revanşist qüvvələrin kökləri kəsilməyincə bənzər təhdidlər, qışqır-bağırlar, yaxacırmalar davam edəcək. Hər halda, ölkədəki türkofobiya refleksləri necə deyərlər, diri qalıb və bu reallıq eyni zamanda, bütün Avropanın və dünyanın gözü qarşısında cərəyan etməkdədir.
Digər tərəfdən, sözügedən hadisə Avronestin iclasında iştirak edən deputatlarımıza da mövzu ilə bağlı geniş fikirlər səsləndirmələrinə kifayət qədər şərait yaradır.
Rövşən RƏSULOV