PDF Oxu

Siyasət

  • 3 279

İctimai-siyasi fəaliyyəti ilə uğurlara imza atan Mehriban Əliyeva - TƏHLİL

İctimai-siyasi fəaliyyəti ilə uğurlara imza atan Mehriban Əliyeva - TƏHLİL

Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam". Bu fikri Azərbaycanın Birinci xanımı Mehriban xanım Əliyeva Respublikasının Birinci vitse-prezidenti təyin edilərkən bildirib. Azərbaycan Prezidenti İlham Əliyevin ona göstərdiyi yüksək etimada görə dövlət başçısına dərin minnətdarlığını bildirən Mehriban Əliyeva "Bu vəzifəyə təyin olunmaqla öhdəmə düşən məsuliyyətin ciddiliyini tam şəkildə dərk edirəm və inanıram ki, Cənab Prezident, Sizin və mənə inanan bütün insanların etimadını doğrultmağı bacaracağam", - deyə qeyd etmişdir. Artıq həmin ildən 5 il ötüb. Əlbəttə ki, həmin zamana qədər Mehriban xanım Əliyeva ölkəmizin ictimai-siyasi, mədəni həyatında həyata keçirdiyi layihələri ilə insanların sevimlisinə çevrilmiş, hər əməli fəaliyyətində xoşməramlı missiyasını reallaşdırmışdır. Mehriban Əliyeva Azərbaycan Respublikası Milli Məclisinin deputatı olduğu illərdə də çox böyük işlər görərək, təmsil etdiyi dairənin sosial-iqtisadi problemlərinin həlli istiqamətində çox böyük addımlar atıb. "Siz mənə səs verməklə, sizin və balalarınızın ümidlərinin gerçəkləşməsinə səs vermisiniz" – deyən Mehriban Əliyeva öz fəaliyyəti ilə sübut etdi ki, əzmkarlıq, işləri düzgün qurmaq bacarığı olan yerdə həlli mümkünsüz sayıla biləcək heç bir problem yoxdur. Mehriban Əliyevanın Milli Məclisin deputatı kimi fəaliyyətində yaddaqalan məqamlardan biri onun ədalət, humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq genişmiqyaslı amnistiya aktının qəbul edilməsi təşəbbüsü ilə çıxış etməsidir. 2007-ci il 8 mayda Mehriban xanımın hazırladığı "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında" qərar layihəsinin müzakirəsində o, öz çıxışında qeyd etmişdir ki, "Səhv etmiş, cinayət törətmiş insanlara bir daha imkan verməliyik ki, onlar azad həyata qayıtsınlar, ailələrinə, yaxınlarına qovuşsunlar, cəmiyyətdə öz yerlərini tapa bilsinlər. Ağır cinayət törətməyən insanları bağışlayaraq, biz həm onları normal həyata qaytarırıq, həm də müstəqil Azərbaycanın humanizm prinsipləri əsasında inkişaf etdiyini nümayiş etdiririk". Azərbaycan parlamentarizmi tarixində ilk dəfə olaraq Milli Məclisin deputatı tərəfindən irəli sürülmüş və geniş ictimai dəstək almış bu amnistiya aktı böyük mənəvi-əxlaqi və siyasi məzmun daşımışdır. Mehriban xanım Əliyeva bu təşəbbüsü ənənəyə çevirərək 2009 və 2013-cü illərdə də eyni müraciətlə çıxış etmiş və nəticədə 2009-cu ildə 9564, 2013-cü ildə isə təqribən 9000 nəfər azadlığa buraxılmışdır.

"GƏNC NƏSLİN TƏRBİYƏ OLUNMASINDA MİLLİ-MƏNƏVİ DƏYƏRLƏR, ƏNƏNƏLƏR XÜSUSİ ROL OYNAYIR"
Əlbəttə ki, Mehriban Əliyevanın fəaliyyətinə nəzər salarkən 2004-cü il 10 mayda - Ümummilli Lider Heydər Əliyevin doğum günündə təsis edilmiş Heydər Əliyev Fondunun Prezidenti kimi həyata keçirdiyi layihələri diqqətə çəkməmək mümkün deyil. Fondun məqsədi milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılmasına kömək etmək, əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş müxtəlif proqram və tədbirləri, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələri dəstəkləmək, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin reallaşdırılmasına yardım göstərməkdən və s. ibarətdir. Heydər Əliyev Fondu müxtəlif sahələri əhatə edən layihələri reallaşdırmağa, dünyanın nüfuzlu təşkilatları ilə əməkdaşlıq etməyə, möhtəşəm beynəlxalq konfrans və festivallar keçirməyə müvəffəq olmuşdur. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır.İnsanlara yardım etmək, kimsəsizə əl tutmaq prinsipi ilə yaşayan Mehriban xanım Əliyeva respublikanın işıqlı gələcəyi üçün böyük işlər görür. Fəaliyyəti ilə mərhəmətini, sadəliyini, insanlara sevgisini ifadə edən Mehriban Əliyeva "İstərdim ki, mərhəmətlilik insanlara, peşə fəaliyyətindən asılı olmayaraq, xas olsun", - deməklə istənilən bir insanın ən ali keyfiyyətləri sırasında mərhəmətin olmasını arzulayır. Azərbaycanın maddi və mənəvi irsinin YUNESKO-nun nadir əsərləri sırasına daxil edilməsi beynəlxalq əməkdaşlığın əsas göstəriciləridir. Belə ki, hazırda muğam ifaçılığı sənəti, Azərbaycan aşıq sənəti, Novruz Bayramı, Azərbaycan xalçası, Tar ifaçılığı sənəti, "Kəlağayı simvolizmi və ənənəvi sənəti" və s. YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına, Çövkən-Qarabağ Atüstü Oyun ənənəsi isə YUNESKO-nun təcili qorunmaya ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alması Azərbaycanla bu təşkilat arasında olan əməkdaşlığın davamlığını diqqətə çatdırır. Sözsüz ki, sadaladığımız nadir irsin bu siyahıya daxil edilməsində Heydər Əliyev Fondunun prezidentinin rolu xüsusidir. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi "Heydər Əliyev Fondunun mədəniyyətlə, incəsənətlə bağlı layihələri bizim mənəvi, tarixi, mədəni irsimizin qorunması işində əvəzolunmaz rol oynamışdır. Bizim milli sərvətimiz olan muğam sənətinin yenidən inkişafı və beynəlxalq arenaya çıxarılması, məhz Heydər Əliyev Fondunun və Mehriban Əliyevanın şəxsi təşəbbüsü nəticəsində mümkün olmuşdur. Azərbaycanda keçirilən muğam müsabiqələri artıq həyatımızın ayrılmaz hissəsinə çevrilmişdir. Bu, sadəcə olaraq sənət növü deyil, bu, bizim mədəni sərvətimizdir. Gənc nəslin tərbiyə olunmasında milli-mənəvi dəyərlər, ənənələr xüsusi rol oynayır. Bu baxımdan belə təşəbbüslər çox böyük ictimai məna daşıyır. Eyni zamanda, dünya miqyasında muğamın məhz Azərbaycan sənəti kimi təqdim olunmasında Heydər Əliyev Fondunun çox böyük rolu olmuşdur".Azərbaycan cəmiyyətində gənc nəslin biliklərə yiyələnməsini və ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasını prioritet məsələlərdən hesab edən təhsilin inkişafına yönəlmiş genişmiqyaslı proqram və layihələri qısa bir zaman məsafəsində, böyük uğurlara səbəb oldu. "Uşaq evləri və internat məktəblərinin inkişafı" Proqramı çərçivəsində respublika üzrə uşaq müəssisələri əsaslı şəkildə təmir edilmiş, yeni avadanlıqla təchiz olunmuş, əlavə yardımçı binalar tikilmiş və kommunal şərait yaxşılaşdırılmışdır. Azərbaycanın Birinci Xanımının təşəbbüsü ilə uşaq evlərində tərbiyə almış, yaşı 18-dən yuxarı olan qızlar üçün Bakının Nizami rayonunda 50 mənzilli yaşayış binası tikilib istifadəyə verilmişdir.Heydər Əliyev Fondunun fəaliyyət göstərdiyi sahələrdən biri də elm və texnologiyadır. Azərbaycan həqiqətlərinin internet şəbəkəsi vasitəsilə dünyaya yayılması və xalqımızın min illər boyu yaratdığı maddi-mənəvi dəyərlərin dünyada tanıdılması məqsədi ilə fond tərəfindən materialların həcminə, zənginliyinə və əhatəliliyinə, habelə, istifadə olunmuş internet texnologiyalarına görə ölkəmizdə analoqu olmayan "Azərbaycan" internet portalı yaradılıb. Azərbaycan, ingilis və rus dillərində tərtib olunan "Azərbaycan" portalı ölkəmizin beynəlxalq aləmdə təbliği işinə, dünyada Azərbaycan haqqında tam, həqiqi və dolğun təsəvvür yaradılmasına böyük kömək göstərir. Eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən müxtəlif saytlar və multimedia diskləri hazırlanıb.
"ÇOXSAYLI TƏDBİRLƏR NƏTİCƏSİNDƏ DÜNYA İCTİMAİYYƏTİ ÖLKƏMİZİ DAHA YAXINDAN TANIMAĞA, ÖYRƏNMƏYƏ, GÖRMƏYƏ BAŞLAMIŞDIR"
Qeyd etmək yerinə düşər ki, Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığı sayəsində Azərbaycan mötəbər beynəlxalq tədbirlərə, o cümlədən mədəniyyət və idman tədbirlərinə uğurla ev sahibliyi edib. "Eurovision-2012" beynəlxalq mahnı müsabiqəsi Bakıda ən yüksək səviyyədə keçirilib, bu, ölkəmizin dünyada tanıdılması işinə xüsusi töhfələr verib. Eyni zamanda, 2015-ci ildə paytaxtımızda keçirilən ilk Avropa Oyunları zamanı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə çalışan "Bakı-2015" Birinci Avropa Oyunları Təşkilat Komitəsinin yüksək əzmkarlığı sayəsində Azərbaycan Avropa Oyunlarının standartlarını müəyyənləşdirdi. Oyunların möhtəşəm açılış və bağlanış mərasimləri dünyaya Azərbaycanın güclü potensialını, eləcə də yüksək nüfuzunu və qüdrətini bir daha nümayiş etdirdi. 2017-ci ildə paytaxt Bakıda keçirilən IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsi də Mehriban xanım Əliyevanın rəhbərliyi ilə uğurla fəaliyyət göstərdi. Azərbaycan IV İslam Həmrəylik Oyunlarına da müvəffəqiyyətlə ev sahibliyi etdi. Beləliklə, Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığı sayəsində ölkəmizdə uğurla keçirilən tədbirlər Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına müstəsna töhfələr verib.Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Heydər Əliyev Fondu Azərbaycanı dünyada tanıtmaq üçün müxtəlif təqdimatlar, sərgilər, tədbirlər keçirilmişdir: "Çoxsaylı tədbirlər nəticəsində dünya ictimaiyyəti ölkəmizi daha yaxından tanımağa, öyrənməyə, görməyə başlamışdır ki, Azərbaycan müasir, dinamik inkişaf edən ölkədir. Eyni zamanda, Azərbaycan xalqı öz tarixi köklərinə çox bağlı olan xalqdır".Mehriban xanım Əliyevanın fəaliyyəti həm ölkə miqyasında, həm də beynəlxalq müstəvidə olduqca yüksək qiymətləndirilir. Bunun göstəricisidir ki, Mehriban xanım Əliyeva indiyədək mədəniyyətin təbliği və beynəlxalq mədəniyyət mübadiləsi, elm, səhiyyə, idman, təhsil, texnologiya və ekologiyanın inkişafı işinə verdiyi töhfəyə, həmçinin ictimai, sosial və mədəni həyatda fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, mədəniyyətimizin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə müxtəlif nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb. Təltif olunduğu çoxsaylı nüfuzlu beynəlxalq mükafatlar - Fransanın "Şərəf legionu" ordeni, UNESCO-nun "Qızıl Motsart" medalı, Rusiyanın Yüzillik Messenatları Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut xaç" ordeni, II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni onun dünyadakı nüfuzunun göstəricisidir.
"GÜNDƏLİK FƏALİYYƏTİMİZDƏ İNSANSEVƏRLİK, MƏRHƏMƏT, QARŞILIQLI HÖRMƏT, MEHRİBANÇILIQ UNUDULMAMALIDIR"
Bu gün artıq Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti seçilməsindən 5 il vaxt ötür. Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı müvafiq Sərəncama əsasən, Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunub. Təhlükəsizlik Şurasının iclasında Birinci vitse-prezidenti təqdim edən Prezident İlham Əliyev deyib: "Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır". Bu illər ərizində görülən işlər Mehriban Əliyeva ətrafında yüksək imic formalaşdırıb. "Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar", - deyən Mehriban Əliyeva onu da bildirmişdir ki, Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Bu, belə də oldu. Mehriban xanım Əliyevanın həyata keçirdiyi irimiqyaslı layihələrin hər biri humanizm prinsiplərinə söykənərək, xalqın sosial rifahının yüksəlməsinə yönəlib.Qeyd edək ki, Mehriban xanım Əliyevanın yeni vəzifəsində ilk müşavirəsini 2017-ci il 9 mart tarixində Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış keçmiş qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr etməsi heç də təsadüfi deyil. Bu fakt bir daha təsdiqləyir ki, Azərbaycanın dövlət siyasətinin prioritet istiqaməti olan sosial sfera yeni funksional təsisat olan Birinci vitse-prezidentlik institutunun da fəaliyyətində önəmli yer tutur. Həmin müşavirədə Mehriban xanım Əliyeva çıxışında ağır vəziyyətdə, qəzalı və yararsız binalarda məskunlaşan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını vermişdi. Çox keçmir ki, 2017-ci ilin may ayında Qaradağ rayonunda "Ümid" yaşayış kompleksinin təməli qoyulur. Layihə üzrə hər biri 2 bloklu, 9 mərtəbəli, 1026 mənzilli 11 yaşayış binası inşa olunub və 1026 keçmiş məcburi köçkün ailəsi mənzillə təmin olundu. Mehriban xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsində fəaliyyət göstərdiyi müddət əhalinin həssas təbəqələrinə qayğını təcəssüm etdirən bu kimi faktlarla zəngindir. Eyni zamanda, Birinci vitse-prezidentin iştirakı ilə 2017-ci il 3 aprel tarixində təqdim olunan "2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi" layihəsi ciddi sosial əhəmiyyət daşıyır.Son vaxtlar Azərbaycanın işğaldan azad olunan ərazilərinə Azərbaycan Prezidenti İlham Əliyevlə birgə səfərlərindən tarixi və əzəli torpaqlarımızla bağlı etdiyi paylaşımları hər kəsdə maraq oyadır. Belə ki, özünün "İnstaqram"dakı rəsmi hesabında Kəlbəcər və Laçın rayonlarından paylaşımlar edərək belə yazıb: "İşğaldan azad olunmuş rayonlarımıza səfərlərimiz davam edir. Bu gün biz Kəlbəcər və Laçın rayonlarında olduq. Böyük məmnuniyyətlə səfərimizin görüntülərini sizinlə paylaşıram", - yazaraq dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN ifadəsini işlətməsi həqiqətən də onun saysız insanların qəlbində yer aldığının təzahürüdür. Son illərin tarixi gerçəkliklərinə nəzər salsaq görərik ki, O, həqiqətən də xalqla birgə yaşayır. Vətən müharibəsi dövründə bunun bir daha şahidinə çevrildik. "Azərbaycan xalqı öz Prezidentinə inanır və əmindir ki, Prezident nəyi necə, nə vaxt etmək lazım olduğunu bilir", - deyən Mehriban xanım Əliyeva bildirib ki, buna görə də biz bütün hərəkətlərimizdə və fəaliyyətimizdə həmişəkindən daha çox həmrəyik: "Şübhəsiz, bizim əsgərlərimiz bu dəstəyi hiss edirlər. Bilirlər ki, onların arxasında bütün Azərbaycan xalqı dayanır".Qarabağ torpaqlarının erməni işğalından azad olunması yolunda 44 günlük müharibədə Mehriban Əliyeva hər qələbə sevincini xalq ilə birgə yaşadı. Şəhid analarının kədərini bir ana kimi yaşadı, şəhid analarının yanında oldu, onlara təsəlli verdi. Qazilərimizə mərhəmət əlini uzatdı. Həssas qəlbi, iradəsi ilə bütün hadisələrə münasibətində onun xalqa sevgisini, məhəbbətini görürük. Artıq Heydər Əliyev Fondu qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başlayıb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi "Instagram" səhifəsindəki paylaşımında qeyd edirdi: "Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcəkdir… Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçələcək və bütün Qarabağ ərazisindəki məscidlərimizdə azan səsləri eşidiləcək, dualar oxunacaqdır!"44 günlük müharibəni Zəfərlə başa vuran Azərbaycanda reallaşacaq layihələrə Mehriban Əliyeva öz töhfəsini verir. Möhtəşəm "Xarı Bülbül" festivalına rəhbərlik etməsi bütün dünyaya səs saldı.Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Azərbaycanın çiçəklənməsi, beynəlxalq nüfuzunun artmasına böyük töhfələr verir. Gələcək fəaliyyətinin əsasında da qeyd etdiyimiz məsələlərin daha da geniş bir planda, layihələr əsasında həyata keçirilməsi dayanacaq.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər