PDF Oxu

Siyasət

  • 2 724

Xocalı soyqırımı Azərbaycan xalqının qəlbində bu günə qədər böyük bir yara kimi qalır - MÜSAHİBƏ

Xocalı soyqırımı Azərbaycan xalqının qəlbində bu günə qədər böyük bir yara kimi qalır - MÜSAHİBƏ

Milli Məclisin deputatı Cavanşir Paşazadə SİA-ya müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Ermənilərin azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımından 30 il ötür. Bu soyqırımın miqyası və dəhşətləri ilə bağlı düşüncələrinizi bilmək istərdik...

- Demək olar ki, Xocalı soyqırımı dünyada analoqu olmayan bir gündür. Tarixdə görünməyən vəhşilikdir. Bizim qadınlarımızın bətnində olan körpələrə qarşı hansı insan bu qədər qəddarlıq edə bilər? Düşünürəm ki, belə bir hadisə, faciə, heç yerdə görünməyib. Bu günə qədər Xocalı soyqırımı Azərbaycan xalqının qəlbində böyük bir dərd kimi, yara kimi qalır. 44 günlük Vətən müharibəsində bizim igidlərimizin, şəhidlərimizin qanı bahası ilə bu torpaqların alınması bizim xalqımıza, həmin Xocalı soyqırımının şahidlərinə təsəlli oldu. Biz bununla bağlı millət vəkili olaraq başqa dövlətlərə məktublar göndəririk. Bizə dost olan ölkələr Xocalı soyqırımını tanıdılar və bizi dəstəklədilər. Biz Xocalı soyqırımını böyük kütlələrə çatdırmaq üçün əlimizdən gələni etdik və bu gün də edirik. Bununla bağlı Heydər Əliyev Fondunun böyük rolu var. Bundan əlavə Heydər Əliyev Fondu əsirlərimizin qurtarılması, itkin düşmüş şəhidlərimizin meyitlərinin tapılması və valideynlərinə təhvil verilməsi, qazilərimizin xarici ölkələrdə müalicə olunmasını təmin etdi. Bütün bu görülən işlər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xalqımıza qarşı olan diqqət və qayğısının təcəssümüdür.

- Ümumiyyətlə qanlı qətliamdan qaçmaq mümkün idimi, Xocalı soyqırımı baş verməyə bilərdimi?

- Bildiyimiz kimi həmin dövrdə hakimiyyətdə səriştəsiz dövlət rəhbərləri var idi. Bu həm Azərbaycanın "olum-ölüm" məsələsi idi. Hamıya məlumdur ki, Ulu Öndər Heydər Əliyev xalqın çağırışı ilə hakimiyyətə gəlməsəydi, bəlkə də Azərbaycan parçalanmışdı. Ümummilli Lider hakimiyyətə gəldikdə ilk növbədə atəşkəsi saxladı. Bunun səbəbi isə daha çox rayonlarımızın işğal olmaması idi. Daha sonra işğal olunan torpaqlarda müəyyən qədər tədbirlər görməyə başladı. Belə bir dönəmdə dövlətə rəhbərlik etmək çətin idi. Bütün bunlara baxmayaraq Heydər Əliyev bildirmişdi ki, qalan ömrümü Azərbaycana bağışlayıram. Bu baxımdan Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycanın bugünkü inkişafına, iqtisadiyyatın inkişaf etməsinə, Azərbaycanın dünyada tanınmasında böyük rolu oldu.

- Xocalı soyqırımının törədilməsi kimə və nəyə lazım idi?

- Ermənistan tərəfi bu soyqırımı törətməklə Azərbaycanın gözünü qorxutmaq, öz şərtlərini irəli sürmək, mif yaratmaq istəyirdilər. Onlara müəyyən qüvvələr kömək edirdi. Çünki həmin dövrdə bizim harayımızı demək olar ki, heç kim eşitmirdi. Bu gün sübutdur ki, biz 44 günlük müharibə dövründə torpaqlarımızı işğaldan azad etdik. Düşünürəm ki, bizim Ermənistan üzərində zəfər çalmağımızla Xocalı soyqırımında şəhid olan insanlarımızın ruhu şad olar.

- Bildiyimiz kimi bu kimi hallara qarşı dünya ictimaiyyəti susur. Ümumiyyətlə beynəlxalq səviyyədə bu hadisələrı nə vaxt ədalətli qiymət veriləcək?

- Torpaqlarımız işğal altında olan dövrdə bizim səsimizi eşitməyən, özünü eşitməməzliyə, görməməzliyə qoyan, həmin torpaqların işğaldan azad edilməsinə şərait yaratmayanların şahidi olmuşuq. Baxmayaraq ki, 44 günlük Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan bütün çıxışlarında dəfələrlə bütün dünyaya bildirdi ki, biz sülhə hazırıq. Amma onların yalan informasiyaları, diaspora güvənib xalqına yalan danışmağı, Ermənistanı guya güclü dövlət kimi göstərməyə çalışmaları ölkə daxilində böyük qırğına, Azərbaycanın haqqı işinə qovuşmasına gətirib çıxartdı.

- Gələcəkdə Xocalı sakinlərinə Ermənistan tərəfindən kompensasiyanın verilməsi mümkündürmü?

- Dünyada belə bir praktika var. Biz də təbii ki, bu məsələni qaldırmışıq. Bundan əlavə biz bunu bütün dünyaya bildirməliyik. Təkcə Xocalı soyqırımı deyil, torpaqlarımız işğalda olan dönəmdə mədəni, dini abidələrimizin, məscidlərimizin dağıdılması, orada yaşyan insanların öz dədə-baba torpaqlarından didərgin düşmələri ümumilikdə həmin insanlara təsir edib. Təbii ki, Azərbaycanın daxilində yaradılmış şərait ilbəil daha da artır. Bütün dünya buna əhəmiyyət verməli və dəstəkləməlidir.

Arzu Qurbanzadə

Digər xəbərlər