PDF Oxu

Siyasət

  • 3 800

90-cı illərin gəncliyinin ən acı xatirəsi - Xocalı faciəsi

90-cı illərin gəncliyinin ən acı xatirəsi - Xocalı faciəsi

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən o müdhiş faciəyə qədər 90-cı illərin gəncləri 1990-cı ildə 20 Yanvar faciəsini yaşamış, faciənin şahidləri və şəhidləri olmuşdular. Həyata müstəqil addımlarını atan o dövrün gəncləri Xocalı faciəsinə qədər həmçinin 1988-ci ildən ermənilər tərəfindən ölkəmizə qarşı başlanılan işğalçılıq siyasətinin, torpaqlarımızın bir-birinin ardınca ozamankı ölkə rəhbərləri tərəfindən satıldığının da şahidi olmuş, ərazi bütövlüyümüz uğrunda canlarından keçən ataların övladları olaraq bu acı taleni yaşamışlar. Tarixin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının törədilməsindən ötən 30 il ərzində bu şəhid şəhər, onun son anadək qəhrəmanlıqla öz ana yurdunu müdafiə edən sakinləri hər an ürəkağrısı ilə xatırlanıb və bir gecənin qurbanı olan insanlara qarşı edilən vəhşiliyin beynəlxalq aləmdə tanınması üçün həm dövlətimiz, həm də o dövrkü və müasir gənclik tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Ümummilli liderimiz Heydər Əliyev bu faciəni bəşəriyyətə qarşı yönəlmiş ən qəddar soyqırımı kimi dəyərləndirərək deyirdi: “Tarixdə insanın insana qarşı vəhşilik etməsi halları dəfələrlə qeyd olunub. Soyqırımı da dünyanın bir çox yerlərində baş veribdir. Azərbaycana qarşı Ermənistan qəsbkarları, təcavüzkarları tərəfindən edilən soyqırımı bunların ən dəhşətlilərindən biridir. Uzun müddət, demək olar ki, XX əsr ərzində Azərbaycan xalqına, millətinə qarşı Ermənistan təcavüzkarları tərəfindən olunan soyqırımları xalqımıza böyük yaralar vurmuşdur. Onların arasında ən böyük, ən ağır yaralardan biri Xocalı soyqırımıdır...”.

Xocalının işğal səbəbləri

“Böyük Ermənistan” xülyasında olanların Xocalını hədəf seçmələrini bu cür xarakterizə etmək olar: Xocalı mühüm geostrateji mövqeyə malik bir şəhərdir. Qarabağdakı yeganə hava limanı da məhz burada yerləşirdi. Ermənilərin diqqətini Xocalıya yönəltməsinin əsas səbəbi də bu şəhərin işğal edilməsi ilə Dağlıq Qarabağa nəzarətin tam ələ keçirilməsi, eyni zamanda hava limanı vasitəsilə Ermənistanla daha rahat əlaqə yaradılmasına nail olmaq idi. Digər tərəfdən, strateji mövqeyi ilə yanaşı, Xocalı həm də ölkəmizin zəngin tarixə malik ərazilərindən biridir. Bu ərazinin tarixində Azərbaycanın Son Tunc və Erkən Dəmir dövrləri mədəniyyətinə aid kurqanlar özünəməxsus yer tutur. Xüsusilə tunc silahları və başlıca olaraq boz rəngli keramika məmulatı ilə fərqlənən bu mədəniyyətə məxsus abidələr ilk dəfə Xocalı yaxınlığında, daha sonra isə Qarabağın böyük bir hissəsində və Gədəbəydə aşkara çıxarılmış, əsas yaşayış məntəqələrinin adına görə Xocalı-Gədəbəy mədəniyyəti adlandırılmışdır. Tarixçilər müəyyən ediblər ki, Xocalı-Gədəbəy mədəniyyəti eradan əvvəl V-III min­illiklərdə Azərbaycanda formalaşan Kür-Araz mədəniyyətinin və ondan sonra burada mövcud olan Qarabağ mədəniyyətinin varisidir. Xocalı mühüm arxeoloji abidələri ilə Azərbaycanın qədim tarixini özündə əks etdirdiyindən ermənilərin burada həyata keçirdikləri soyqırımının bir məqsədi də xalqımıza məxsus mədəniyyəti yer üzündən silmək idi. Təsadüfi deyil ki, Xocalı şəhəri işğal ediləndən dərhal sonra onun ətrafında olan və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığı da xüsusi texnika ilə dağıdılmışdır.

Xocalı faciəsinə gedən yol və ya satılan şəhər

Xocalı faciəsinə gedən yol düşmənin havadarlarının dəstəyi ilə əvvəlcədən hazırladığı plan üzrə baş tutmuşdu. Xocalı hələ 1991-ci ilin oktyabr ayından blokada vəziyyətinə alınmış, 1991-ci ilin ok­tyabrında Tuğ və Səlakətin kəndləri işğal olunandan sonra Xocavənd də ermənilərin nəzarəti altına keçmişdi. 1992-ci ilin yanvarında ermənilər Xocalı ətrafındakı Axullu, fevralında isə Malıbəyli və Quşçular kəndlərini işğal etmiş, həmin kənd­lərin işğalından bir neçə gün sonra Dağlıq Qarabağın ən iri yaşayış məskənlərindən olan Qaradağlı 366-cı motoatıcı alayın, eləcə də müxtəlif xarici ölkələrdən gətirilmiş erməni muzdlu döyüşçülərin hesabına işğal olunmuşdu. Xocalını əhatə edən Daş­bulaq, Mehdikənd, Ballıca, Həsən­abad, Pirəməki, Noraguh və Mirzəcan kəndlərində xeyli qüvvə toplanmışdı. Avtomat və pulemyotlarla silahlanmış yüzlərlə erməni yaraqlısının toplandığı bu kəndlərdə çox sayda raket qurğuları və zirehli texnikalar vardı.

Xocalı şəhəri isə hələ fevralın ortalarından erməni silahlıları tərəfindən mühasirəyə alınmışdı və hər gün ağır texnikadan atəşə tutulurdu. İşğal gecəsi isə Ermənistan silahlı qüvvələrinin bölmələri ilə yanaşı, keçmiş sovet ordusunun 366-cı moto­atıcı alayı da 7 min nəfərin yaşadığı Xocalı şəhərinə basqın etmiş, günahsız insanları, dinc sakinləri xüsusi amansızlıqla qətlə yetirmişlər. Dəfələrlə Azərbaycan rəhbərliyindən kömək istəyən xocalılara heç bir köməklik göstərilməmiş, bir şəhərin və onun minlərlə sakininin taleyinə biganə yanaşılmış, düşmən üçün əlverişli şərait yaradılmışdır. Nəticə etbarilə, Xocalı satılmış şəhər olaraq düşmənin əlinə çox asanlıqla keçmişdir. Bu kütləvi qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla, 613 dinc sakin qətlə yetirilmiş, 1275 nəfər isə əsir götürülmüş, onlar arasında hələ də taleyi məlum olmayan 150 nəfər var. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən isə 76-sı uşaq idi. Təəssüflər olsun ki, həmin dövrdə Azərbaycana rəhbərlik edənlər erməniləri dəstəkləyən sovet ittifaqı rəhbərləri ilə əlbir olaraq Xocalı soyqırımına biganə münasibət göstərmiş, xalqımıza qarşı törədilən cinayəti ört-basdır etməyə çalışmışlar.

Xocalı faciəsinə ilk münasibəti Naxçıvandan ümummilli lider bildirdi

Həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan və “Xocalı faciəsi bir tərəfdən hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliliyinin nümunəsidir. İkinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır – vəhşiliyin görünməmiş bir təzahürüdür”, – deyən görkəmli dövlət xadimi Heydər Əliyev ilk dəfə Naxçıvanda Xocalı soyqırımı haqqında xüsusi bəyanat vermiş, faciəni törədənlərin və səbəbkarların məsuliyyətə cəlb olunmasını tələb etmişdir. Ulu öndərin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə Xocalı faciəsinə ­hüquqi-siyasi qiymət verilmişdir. Bu soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülmüşdür. 1994-cü ilin fevralında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalıda baş vermiş hadisələri geniş təhlil edərək “Xocalı Soyqırımı Günü haqqında” Qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq dünya ictimaiyyətini erməni terrorizminə qarşı qəti tədbirlər görməyə çağırmışdır. Qərara əsasən bəşər tarixinin qanlı səhifələrindən olan Xocalı hadisələri ilə əlaqədar hər il fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan olunmuşdur. Görkəmli dövlət xadimi Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı Sərəncamla hər il fevral ayının 26-sı saat 17:00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur.

Son 18 ilin hər anında Xocalı var

“Xocalı faciəsi təsadüfi hadisə deyildi. Bu 200 ildən artıq müddətdə davakar erməni millətçilərinin bizim xalqımıza qarşı yürütdüyü soyqırım və etnik təmizləmə siyasətinin tərkib hissəsidir. Xocalı dəhşətlərini törədənlər elə sandı ki, Azərbaycan xalqını qorxuda biləcəklər, lakin mübariz millətimiz öz suverenliyi uğrunda dəyanət nümayiş etdirib və etdirəcək də”,– deyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 18 il ərzində beynəlxalq aləmdə Xocalı soyqırımının tanıdılması istiqamətində ardıcıl iş aparılır. Son illər Xocalı həqiqətlərinin dünyaya tanıdılması, erməni terrorçularının həyata keçirdiyi insanlıq əleyhinə cinayətlərin beynəlxalq miqyasda ifşası sahəsində xeyli iş görülüb, xarici dillərdə kitablar nəşr olunub, filmlər çəkilib, Xocalı mövzusu müxtəlif beynəlxalq tədbirlərdə gündəmə gətirilib, bununla bağlı internet saytları yaradılıb. Heydər Əliyev Fondu tərəfindən 2008-ci ildə “Xocalıya ədalət!” Beynəlxalq İnformasiya və Təşviqat Kampaniyasının təsis edilməsi atılan mühüm addımlardandır. Prezident İlham Əliyevin 2014-cü il 13 fevral tarixli “Xocalıya ədalət!” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən bu tədbirlərin beynəlxalq səviyyədə daha da genişləndirilməsi qərara alınıb. Bu istiqamətdə aparılan səmərəli işin nəticəsidir ki, hər dəfə faciənin ildönümündə dünyanın bir çox ­ölkəsində Xocalı qurbanlarının əziz xatirəsi anılır, mitinqlər, piketlər keçirilir, erməni vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər, materiallar nümayiş olunur. Dünya ­ölkələrinin nüfuzlu qəzetlərində faciəyə həsr olunmuş məqalələr çap edilir, televiziya və radiolarda verilişlər hazırlanır. Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasət nəticəsində dünya dövlətləri də artıq ermənilərin törətdikləri bu soyqırımına öz münasibətlərini bildirir və Xocalı qətliamını kəskin pisləyirlər. 2010-cu ildə İslam Əməkdaşlıq Təşkilatı “Xocalıya ədalət!” kampaniyasını dəstəkləyən xüsusi qətnamə qəbul etmişdir.

Prezident Kitabxanasının tərtib etdiyi “XX əsrin faciəsi – Xocalı soyqırımı” elektron layihəsi XX yüzilliyin sonlarında törədilmiş, bəşər tarixinin ən böyük faciələrindən biri – Xocalı soyqırımı haqqında tammətnli elektron nəşrdir. “Xocalı soyqırımı”, “Rəsmi materiallar”, “Xocalı faciəsinin əks-sədası”, “Xocalıya ədalət!”, “Xocalı soyqırımının tanıdılması” və “Elektron resurslar” adlı altı bölmədən və 430 səhifədən ibarət olan həmin elektron nəşrdə Xocalı faciəsi ilə bağlı istənilən faktı, rəqəmi, tarixi sənədi tapmaq mümkündür.

Ərazi bötövlüyümüzün bərpası ilə qisas qiyamətə qalmadı

Dövlət başçısı İlham Əliyevin son 17 ildə həyata keçirdiyi qüdrətli dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi sayəsində 2016-ci ilin Aprel döyüşlərində və 2018-ci ilin may ayında qazanılan zəfərlər Böyük Qələbə gününü daha da yaxınlaşdırmışdı. 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başlanılan əks-hücum əməliyyatının parlaq qalibiyyətlə yekunlaşması məhz bu baxımdan heç də təsadüfi deyildi.

Xocalı soyqırımına siyasi qiymət verən və bu barədə dünyanın ən yüksək tribunalarından danışan Heydər Əliyev Xocalı sakinləri ilə görüşündə demişdir: “... biz toplaşıb Xocalı faciəsinin cavabını verək, şəhidlərin qanının yerdə qalmaması gününü görək. Azərbaycanın ərazi bütövlüyünü təmin edək. Müstəqil Azərbaycanın hüdudlarını tamamilə bərpa edək. İnanıram ki, Azərbaycan xalqı belə qüdrətə malikdir”. Bəli, Qarabağa qayıtmaqla bağlı ata vəsiyyəti 30 il sonra reallığa çevrildi. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində uğurlu strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadə nəticəsində ordumuzun bölmələri işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, düşmənin komanda-idarəetmə məntəqələri, raket və artilleriya vasitələri, döyüş texnikaları və təminatı sıradan çıxarıldı, düşmən faktiki olaraq iflic vəziyyətinə gətirildi. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə gerçəkləşdirərək hərb tarixinə qısa zamanda böyük nailiyyət kimi yenilik gətirdi. Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük bir qismi işğaldan azad olundu. Ümumilikdə, 20 Yanvar, Qarabağ şəhidlərinin, eləcə də həm Xocalının, həm də xocalıların qisası alındı. Azərbaycan Ordusunun hücumuna, Vətən oğullarının qətiyyəti qarşısında davam gətirə bilməyən düşmən noyabrın 10-da kapitulyasiya haqqında Bəyanatı imzalamağa məcbur qaldı. Bəyanata uyğun olaraq noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad edildi. Döyüş meydanında məğlubiyyəti ilə barışmayan Ermənistan hakimiyyətinin göstərişi əsasında erməni silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması, 44 gündə 100-ə yaxın mülki şəxsin ölümünə, 400-dən artıq insanın yaralanmasına səbəb olan terror aktlarını törədməsinə, eyni zamanda 10 noyabr razılaşmasına uyğun olaraq Ağdam, Kəlbəcər və Laçını boşaldarkən edilən vəhşiliklərə qarşı bəzi ölkələrin biganə münasibəti Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin 30 il uzanmasının səbəblərini bütün aydınlığı ilə üzə çıxardı.

44 gün ərzində müzəffər Ordumuz, “Dəmir yumruq” ermənilərə tarixi bir dərs verdi. Ölkə başçısının da dediyi kimi: “Biz erməni faşizmini məhv etmişik. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq. Onları torpaqlarımızdan rədd etmişik. Ermənistan ordusunu, demək olar ki, məhv etmişik. Ermənistan ordusu yoxdur, dağılıb. Həm texnika dağılıb, həm canlı qüvvə dağılıb...”

Xocalı faciəsi heç vaxt unudulmayacaq

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın söylədiyi kimi: “Xocalı soyqırımı kimi faciələr unudula bilməz. Günahsız insanların vəhşicəsinə qətlə yetirilməsinə heç nə ilə haqq qazandırmaq olmaz! Biz o dəhşətli hadisələr haqqında həqiqətləri təhrif olunması cəhdlərindən hər zaman qoruyacağıq...”.

Bəli, 1990-cı illərin gənclərinin – ölkənin ictimai-siyasi həyatının ozamankı şahidlərinin acı xatirəsi olaraq müasir gəncliyin bilgisinə çevrilən, 1905-1907, 1918-ci illərin ağır soyqırımlarının davamı və hər bir Azərbaycan vətəndaşının qan yaddaşı olan Xocalı faciəsi bu xalq, bu millət yaşadıqca yaşayacaq. Günahsız, əliyalın, bir gecənin qurbanı olan, şaxtalı bir gecədə evindən-eşiyindən çıxarılan, dağlarda, meşələrdə həftələrlə ac-susuz qalan xocalılara qarşı törədilən soyqırımı, gözlərinin önündə əzizlərinin və ata-baba yurdlarının şəhid edilməsi bütün xalqımıza, ümumilikdə bəşəriyyətə, insan amilinə qarşı törədilən faciədir. İnsan övladı var olduğca bu faciə heç vaxt unudula bilməz. Azərbaycan xalqı Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanları ehtiramla yad edir. Biz ona da əminik ki, zaman gələcək ki, bütün dünya erməni qəddarlığını, vəhşiliyini lənətləyəcək, şəhid şəhər Xocalının, Qarabağın viran edilmiş bölgələrinin böyük haqsızlığa uğradığına haqq qazandıracaq.

Mətanət Məmmədova

Əməkdar jurnalist

Digər xəbərlər