Yeni Azərbaycan Partiyası yarandığı zamandan milli maraqlara əsaslanan fəaliyyət göstərməklə ictimai-siyasi proseslərdə mühüm rol oynamış, qarşısına qoyduğu məqsəd və vəzifələri uğurla yerinə yetirmişdir. "Yeni, müstəqil Azərbaycan uğrunda!" çağırışını proqramında irəli sürən YAP məhz Ulu Öndər Heydər Əliyevin apardığı məqsədyönlü siyasətin həyata keçirilməsində yaxından iştirak etməklə dövlət müstəqilliyinin dönməzliyinin təmin edilməsinə böyük töhfələr verdi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə və milli inkişaf konsepsiyasına sədaqət ruhunda fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası müstəqil dövlətimizin qurulması və möhkəmlənməsinə, ölkəmizdə sosial-iqtisadi inkişafın təmin olunmasına yönələn misilsiz xidmətlərlə zəngin, şərəfli yol keçdi. 1992-ci il noyabrın 21-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Sədrliyi və tanınmış ziyalıların iştirakı ilə Naxçıvan şəhərində YAP-ın təsis konfransının keçirilməsi o zaman yeni müstəqillik qazanmış ölkəmizin bu müstəqilliyi itirmək təhlükəsindən xilas olmasına, ölkəmizin müqəddəratının tənəzzüldən tərəqqiyə doğru dəyişməsinə aparan yolun başlanğıcı oldu. Həmin zamandan bu günə kimi Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu YAP ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayır. Hər zaman cəmiyyətdə yeniliyin və müasirliyin tərəfdarı, təşəbbüskarı kimi çıxış edən YAP müasir dövrdə beynəlxalq arenada tanınan və qəbul edilən nüfuzlu partiyalar sırasında böyük nüfuz sahibidir. Sözsüz ki, partiyanın yüksək nüfuzu bilavasitə onun yaradıcısı Ulu Öndər Heydər Əliyevin uzaqgörən, müdrik siyasəti ilə bağlıdır.
"BU GÜN YENİ AZƏRBAYCAN PARTİYASI DÜNYA MİQYASINDA ÇOX BÖYÜK VƏ GÜCLÜ PARTİYADIR"
Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyası bu gün də müstəqilliyimizin, demokratik, hüquqi, dünyəvi dövlətimizin möhkəmləndirilməsi, dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunması proseslərində daim yaxından iştirak edir və bu, partiyaya ümumxalq inam və etimadının daim artması ilə müşahidə olunur. YAP cəmiyyətin öncül siyasi qüvvəsi kimi Azərbaycanın çiçəklənməsi, onun dünya birliyində mövqeyinin möhkəmlənməsi, xalqımızın xoşbəxt və firavan həyat şəraitində yaşaması yolunda böyük qətiyyət və əzmkarlıqla fəaliyyət göstərir. YAP-ın fəaliyyət mexanizminin əsaslarını təşkil edən mühüm prinsiplərdən biri güclü dövlət anlayışıdır. Bu güclü dövlət anlayışı isə həm dövlətin iqtisadi qüdrətinin artırılmasını, həm də vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasını özündə ehtiva edir.
Müasir yanaşmalar və milli iqtisadi prioritetlər əsasında mükəmməl islahatlar konsepsiyasının reallaşdırılması nəticəsində Azərbaycan son illərdə yüksək inkişaf templərinə görə dünyanın lider dövlətləri sırasında olmuşdur. Bu gün hər bir sahədə uğurlar qazanılıb və Azərbaycan güclü dövlətdir, dünyada nüfuzlu ölkə kimi tanınır, regionun isə lideridir. Bu uğurların əldə edilməsində Yeni Azərbaycan Partiyasının rolu danılmazdır. Ölkə başçısı əldə edilmiş bütün uğurlarımızda Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük əməyi, zəhməti, rolu olduğunu çıxışlarının birində belə bildirmişdi: "Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür. Partiyamızın üzvləri müxtəlif sahələrdə ölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər. Bu gün Yeni Azərbaycan Partiyası dünya miqyasında çox böyük və güclü partiyadır. Bizim beynəlxalq əlaqələrimiz də genişlənir".
YENİ AZƏRBAYCAN PARTİYASININ QARŞISINDA YENİ HƏDƏFLƏR VƏ VƏZİFƏLƏR DURUR
Cəmiyyət daim yeniləşir, ictimai münasibətlərin inkişaf səviyyəsi yeni çağırışlar və reallıqlar yaradır. Bütün bunlar da öz növbəsində YAP-ın hakim partiya kimi qarşısında yeni tələblər və vəzifələr qoyur. YAP-ın VII qurultayında partiyanın qarşısına yeni hədəflər və vəzifələr qoyulmuşdur. YAP-ın Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultaydakı genişməzmunlu çıxışında partiyanın yarandığı vaxtdan indiyə kimi müstəqil dövlətçiliyin və demokratik siyasi sistemin möhkəmlənməsi, ölkəmizin davamlı inkişafı, milli birliyin və vətəndaş həmrəyliyinin təmin olunması istiqamətində göstərdiyi fəaliyyətlə bağlı dəyərli fikirlər irəli sürmüşdür.
Yeni Azərbaycan Partiyasının VII Qurultayının ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisəyə çevrildi. Qurultayda partiyanın Sədri, Prezident İlham Əliyevin proqram xarakterli nitqi YAP üzvləri qarşısında yeni vəzifələr müəyyənləşdirmiş oldu. Yeni Azərbaycan Partiyası bu vəzifələrin yerinə yetirilməsi üçün fəaliyyətini yeni, müasir tələblərə uyğun olaraq davam etdirməlidir. Partiyanın yeni Nizamnaməsi və Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir. YAP-ın VII Qurultayı partiyanın inkişaf tarixinin mahiyyət etibarilə yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilir. Prezident İlham Əliyevin islahatlar kursuna uyğun olaraq Yeni Azərbaycan Partiyasının fəaliyyətinin məhz müasir çağırışlara uyğunlaşdırır. Prezident İlham Əliyevin təsdiq etdiyi, cəmiyyətin müxtəlif sahələrinin inkişafını nəzərdə tutan milli prioritetlər, dövlət proqramları, konsepsiyalar və s. partiyanın proqramında öz əksini tapmışdır. Yeni proqramda ideya-siyasi varislik prinsipinə əsaslanmaqla partiyanın əvvəlki proqramında əksini tapmış və müasir dövrün tələblərinə cavab verən, cəmiyyətin ahəngdar inkişafını təmin edən ideoloji prinsiplər qorunub saxlanılmışdır.
Bu gün YAP xalqımızın milli maraqlarını ifadə edən vahid və avanqard siyasi qüvvəyə çevrilib. Xalqın partiyaya inamı, məhəbbəti yüksəlir və vətənini, xalqını sevən hər kəs Cənab İlham Əliyevin ətrafında sıx birləşir. Ölkə ictimaiyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə bütün sahələrdə olduğu kimi, sosial-siyasi sahədə də aparılan islahatların şahididir. Fevralın 19-da Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında ölkədə aparılan islahatların effektivliyinin təmin olunmasında YAP-ın üzərinə düşən vəzifələrin təhlilinə həsr olunmuş müşavirədə YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov çıxışında bildirdiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkəmiz sosial-iqtisadi sahədə böyük nailiyyətlər qazanmış, beynəlxalq müstəvidə nüfuzunu əhəmiyyətli dərəcədə artırmış, Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilmişdir. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmiz yeni bir tarixi mərhələyə qədəm qoymuşdur. Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müzəffər Ali Baş Komandan və parlaq diplomat kimi bütün keyfiyyətlərini bariz şəkildə nümayiş etdirmişdir.
İSTEDADLI, CƏMİYYƏTƏ VƏ DÖVLƏTƏ XİDMƏT ETMƏK İSTƏYƏN GƏNCLƏR PARTİYANIN ƏTRAFINDA BİRLƏŞİB
Təbii ki, bu gün YAP-ın sıralarında gənclərin böyük üstünlük təşkil etməsi və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyətinin də gənclərdən ibarət olması təsadüfi deyildi. YAP hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib. YAP Gənclər Birliyi də istedadlı, cəmiyyətə və dövlətə xidmət etmək istəyən gəncləri öz ətrafında birləşdirməklə yanaşı, yeni nəslin hərtərəfli inkişafı, vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin aktiv ictimai fəaliyyətə cəlb olunması və digər istiqamətlərdə işlər görür.YAP gəncləri ölkəmizn inkişafı prosesinə öz töhfələrini fəal şəkildə verirlər. YAP-ın gəncləri bundan sonra da Ulu Öndər Heydər Əliyev irsinin dərindən öyrənilməsi və təbliği, Azərbaycan Prezidenti İlham Əliyevin siyasətinin fəal təbliğatı, milli mənəvi dəyərlərin qorunması və s. sahələrdə fəallığını gücləndirməlidir. Partiyanın rəhbər tutduğu azərbaycançılıq ideologiyasının prinsipləri əsasında Azərbaycan gəncləri arasında vətənə sevgi, ölkə sərhədlərindən kənarda Azərbaycanı layiqincə təmsil etmək, milli-mənəvi dəyərlərimizi qorumaq təbliğ olunur.
44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etdikdikdən sonra bu gün ölkəmizin qarşısında yeni yollar açılıb. Bu zəfərdən sonra gənclər üzərində də mühüm vəzifələr dayanır. Yeni Azərbaycan Partiyasının gəncləri də öz növbəsində töhfələrini verəcəklər.
Ulu Öndərin siyasi kursunu Prezident İlham Əliyevin yaradıcı şəkildə, uğurla davam etdirməsi, onu yeniliklərlə zənginləşdirməsi ölkəmizin tərəqqisini və yüksək sosial rifah şəraitində yaşamasını təmin edir. Bütün bunların nəticəsində Azərbaycan dünyada davamlı inkişaf edən, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına mühüm töhfələr verən dövlət kimi tanınır. Azərbaycan xalqının maraqlarına cavab verən və mütərəqqi xarakter daşıyan müasir dəyərlərdən bəhrələnmək YAP-ın fəaliyyətinin əsaslarından biridir.
YAP möhtəşəm zirvələrə yol açan, "dünənin, bu günün və sabahın partiyasıdır". YAP-ın yeni proqramı müasir dövrün çağırışlarını və ölkəmizin davamlı inkişafını nəzərə almaqla özündə mütərəqqi dəyər və meyarlar, prinsiplər, hədəflər və vəzifələri birləşdirir. Onların qorunması və yerinə yetirilməsi Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi tərəqqisinə böyük təkan verəcək, onun dünya birliyində mövqeyini daha da möhkəmləndirəcəkdir.
Zümrüd BAYRAMOVA