“Azərbaycan müstəqillik əldə etdiyi dövrdən etibarən bütün ölkələrlə qarşılıqlı tərəfdaşlıq çərçivəsində münasibətlər qurur. Şübhəsiz ki, dövlətin bu istiqamətdə həyata keçirdiyi addımların məqsədi Azərbaycanın milli maraqlarını qorumaq şərti ilə beynəlxalq aləmdə xarici ölkələrlə münasibətlərin inkişafı istiqamətində xoşməramlı missiyanın həyata keçirilməsindən ibarətdir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ramil Həsən deyib.

Onun sözlərinə görə, Polşa ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30-cu ildönümünün təsdiqi ilə əlaqədar cənab Prezidentin Polşa Prezidentinə ünvanlamış olduğu məktubda da göstərildiyi kimi Azərbaycan-Polşa münasibətləri qarşılıqlı hörmətə dayanan münasibətlərdir: “Şübhəsiz ki, bu münasibətlər milli maraqlarımızdan çıxış edərək iqtisadi, siyasi və sosial istiqamətdə günü-gündən inkişaf etməkdədir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin xarici siyasət strategiyası milli maraqlar və şübhəsiz ki, Azərbaycan dövlətinin reallıq prizmasından çıxış edərək ölkəmizin bu istiqamətdə özünə sərf edən partnyorlarla səmərəli əməkdaşlığını ehtiva etməkdədir. Bu baxımdan da Polşa ilə münasibətlər xüsusi çəkiyə malikdir.
Azərbaycan-Polşa münasibətləri cənab Prezidentin liderliyi altında Azərbaycan tərəfindən uğurla inkişaf etdirilir. Həmçinin bu münasibətlər digər ölkələr üçün pozitiv mənada bir örnəkdir. Əminəm ki, bu münasibətlərin inkişaf tendensiyası daha da güclənərək davam edəcək”.
Arzu Qurbanzadə