PDF Oxu

Siyasət

  • 2 011

Hər iki bəyannamə sabitlik, sülh və əminamanlıq üçün olduqca önəmlidir - PARTİYA SƏDRİ ŞƏRH ETDİ

Hər iki bəyannamə sabitlik, sülh və əminamanlıq üçün olduqca önəmlidir - PARTİYA SƏDRİ ŞƏRH ETDİ

“İki dövlət arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında bəyannamənin qəbul edilməsi, ən az Şuşa Bəyannaməsi qədər önəmli xarakter daşıyır”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova Azərbaycan və Rusiya arasında imzalanmış müttəfiqlik haqqında bəyannamə ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, hər kəs bilməlidir ki, Azərbaycan öz qonşuluq münasibətlərini müttəfiqlik, qarşılıqlı fəaliyyət əsasında qurmağa üstünlük verir: “43 maddədən ibarət Bəyannamə birmənalı olaraq, Rusiya və Azərbaycan arasında konstruktiv əməkdaşlığı dərinləşdirmək məqsədi daşıyır. Belə ki, qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi, inkişaf etdirilməsi regiona böyük tövhə verə bilər. İki ölkə arasında bu bəyənnaməyə əsasən ölkələr beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər.

Qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadəyə, bank kartlarına birgə xidmət daxil olmaqla ödəniş sistemlərinin qarşılıqlı uyğunluğuna, eləcə də iki ölkənin bankları arasında birbaşa müxbir münasibətlərin inkişaf etdirilməsinə imkan yaratmaq kimi önəmli aspektlər belə bəyyənnamədə yer alır. İki ölkə arasında hərbi əməkdaşlığın da inkişaf etdirilməsi ilə yanaşı, diaspor təşkilatlarının fəaliyyətinin təşviqi, humanitar, mədəniyyət və incəsənət, təhsil, elm, turizm, idman və digər sahələrə aid maddələrinin də yer alması, Azərbaycan və Rusiya arasında nümunəvi qonşuluq təcrübəsi kimi dəyərləndirilməlidir. Hesab edirəm ki, Azərbaycanın Türkiyə ilə Şuşa Bəyənnaməsini imzalamaqla, Rusiya ilə Müttəfiqlik Bəyənnaməsini imzalamaqla yeni inkişaf mərhələsinə keçid aldı. Hər iki bəyənnamə bölgədəki sabitlik, sülh və əminamanlıq üçün olduqca önəmlidir”.

Əsli Kazımova fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Azərbaycan hər zaman sülh tərəfdarı olub: "Azərbaycan Rusiya ilə bu gün müttəfiqlik bəyənnaməsi imzaladı. Amma Ukrayna Azərbaycan münasibətləri də günü gündən inkişaf etməkdədir. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır. Azərbaycan daxil olmaqla əlbəttə ki, heç bir MDB dövləti post sovet məkanında müharibə olmasını istəməz. Ümumiyyətlə hazırda başlanan istənilən müharibə heç bir tərəf üçün faydalı olmayacaq. Qərb və ABŞ birmənalı olaraq, Ukraynanı qızışdırıb, müharibəyə sürükləyirlər. Bu gün etiraf etmək gərəkir ki, Avropanın 40% təbii gaz ehtiyacını Rusiya təmin edir. Sizcə Qərb qışın bu vaxtında Ukraynanı dəstəkləmək bahasına o 40% Rusiya qazından imtina edəcəkmi? Ukrayna dövləti də bu reallıqların çox yaxşı fərqindədir. Hesab edirəm, tərəflər danışıqlar yolu ilə məsələnin həllinə səy göstərməlidirlər. Düşünürəm ki, Azərbaycan bölgədə sülh və barışın garantına çevrilmiş bir dövlət olaraq, tərəfləri sadəcə və sadəcə sülhə səsləyə bilər”.

Arzu Qurbanzadə

Digər xəbərlər