PDF Oxu

Siyasət

  • 2 086

İnsanlığa sığmayan cinayət - Xocalı soyqırımı

İnsanlığa sığmayan cinayət - Xocalı soyqırımı

Xocalı soyqırımı bəşər tarixinə erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izi kimi həkk olunub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ən dəhşətli və ağlasığmaz üsullarla, misli görünməmiş qəddarlıqla törədilmiş, bütün beynəlxalq hüquq normalarını tapdalamaqla həyata keçirilmiş bu vandalizm aktı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş cinayət əməli idi.

Azərbaycan xalqı tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən soyqırımına məruz qalıb. Xocalı faciəsi ermənilərin öz havadarlarının köməyi ilə son iki yüz il ərzində xalqımıza qarşı törədilmiş genosid siyasətinin davamı idi. Onlar Qarabağın digər ərazilərində də belə faciələr törətməyə çalışsalar da, bunun ən dəhşətlisini Xocalıda həyata keçirdilər. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü. Yalnız çox az sayda əhali Azərbaycanın nəzarətində olan Ağdam şəhərinə çata bildilər. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli mənsubiyyətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi Xocalı faciəsinin beynəlxalq hüquqa əsasən məhz soyqırımı olduğunu təsdiq edir.

Xocalı faciəsi ilə bağlı tarixi həqiqətləri dünyaya çatdırmaq isə Ümummilli lider Heydər Əliyevin qətiyyətli və gərgin fəaliyyəti nəticəsində həyata keçib. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etmişdir: “Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”. “Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”, - deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi.

Ulu Öndər Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan edib, hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zəruriliyini vurğulayıb. Bu faciəni xalqımızın böyük dərdi, kədəri, qəmi adlandırmış Ümummilli Lider eyni zamanda, xalqımızın əsrlər boyu keçdiyi mübarizəni, milli azadlıq yolunu şanlı, uğurlu yol kimi dəyərləndirib. Ulu öndər Heydər Əliyevin siyasətini uğurla və layiqincə yerinə yetirən ölkə Prezidenti İlham Əliyevin uğurlu diplomatiyası sayəsində dünya ictimaiyyəti Ermənistan hökumətinin siyasətinin əsasında terrorçuluq və işğalçılıq siyasəti dayandığının şahidi oldu.

XX əsrin faciəsi olan Xocalı soyqırımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər; ona görə də Xocalı faciəsi təsadüfi hadisə deyildir. Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Karneqi analitik agentliyinin əməkdaşı Tomas de Vaala verdiyi müsahibəsində qeyd edib: “Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat etmək olar. Onlara elə gəlirdi ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi qırmalı idik. Belə də oldu. Onu da nəzərə almaq lazımdır ki, onlar arasında Bakıdan, Sumqayıtdan qaçanlar da var idi”.Lakin 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən yenidən bütövləşdi. “Vətən müharibəsindəki tarixi qələbəmiz Xocalı soyqırımı yaramızı qaysaq oldu.”

Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür. Erməni vandallarının 30 il əvvəl Azərbaycan xalqına, günahsız, əliyalın insanlarımza qarşı törətdiyi insanlığa sığmayan bu qatı cinayət əməlinin qurbanlarının xatirəsi uzun illərdir ki, xalqımız tərəfindən dərin hüznlə anılır.

Tofiq Əsgərov - Masallı rayon Təhsil şöbəsinin əməkdaşı

Digər xəbərlər