Rusiya Federasiyası dünyadakı miqyası və yüksək diplomatik nüfuzu ilə seçilən ölkələr sırasındadır. Rusiya ilə Azərbaycanı çoxəsrlik dostluq əlaqələri, ortaq tarix və mədəniyyət ənənələri bir-birinə bağlayır. Ötən illər ərzində hər iki ölkə bu qiymətli irsi qoruyub saxlamağa və artırmağa, münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırmağa nail olmuşdur.
Qədim dostluq və mehriban qonşuluq ənənələrinə söykənən Azərbaycan-Rusiya münasibətləri gündən-günə yüksəlməkdədir. İki ölkə arasındakı əməkdaşlığın yüksələn xətt üzrə inkişafında Azərbaycan və Rusiya dövlət başçıları arasında formalaşan dostluq münasibətlərinin rolunu xüsusi vurğulamaq lazımdır. Hər iki ölkənin dövlət başçıları və yüksək səviyyəli rəsmiləri mütəmadi görüşlər keçirərək əməkdaşlığın müxtəlif aspektlərini müzakirə edirlər. Ölkələrimiz arasında milli maraqlara cavab verən, beynəlxalq və regional təhlükəsizliyə xidmət edən qarşılıqlı əlaqələr modeli yaradılıb. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev vurğulamışdır: "Rusiya-Azərbaycan münasibətləri zamanın sınağından çıxıb. Əlbəttə, biz diplomatik münasibətlər yaradılmasından bəri əlaqələri inkişaf etdiririk, lakin əlbəttə, əvvəlki nəsillər tərəfindən qoyulmuş təməl olmasaydı, yəqin ki, biz bu uğurları qazana bilməzdik".
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasından keçən 30 il ərzində iki ölkə arasında 300-dən artıq ikitərəfli sənəd imzalanıb və onların həyata keçirilməsi üçün mühüm addımlar atılıb. 3 iyul 1997-ci il tarixli dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə, 9 yanvar 2001-ci il tarixli Bakı Bəyannaməsi, 6 fevral 2004-cü il tarixli Moskva Bəyannaməsi və 3 iyul 2008-ci il tarixli Dostluq və strateji tərəfdaşlıq haqqında Bakı Bəyannaməsi Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığı təmin edən mühüm sənədlərdir.
Xatırladaq ki, Vətən müharibəsində ordumuzun əldə etdiyi şanlı qələbədən sonra Cənubi Qafqazda yeni bir siyasi sistem formalaşmışdır. Azərbaycanın həm Türkiyə ilə, həm də Rusiya ilə müttəfiqlik bəyannamələrinin imzalanması bu yeni regional nizamı rəsmən təsbit edir. Qazandığımız hərbi zəfərin siyasi-diplomatik cəbhədə daha da möhkəmləndirilməsi, Azərbaycanın regionda yaratdığı yeni reallığın tam olaraq qəbul edilməsi mühüm əhəmiyyət kəsb edir. 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatdan sonra ölkəmiz üçün eyni dərəcədə əhəmiyyətli növbəti tarixi sənəd kimi 22 fevral 2022-ci il tarixində imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Moskva Bəyannaməsi də eyni strateji məqsədə xidmət edir.
43 maddədən ibarət Bəyannamədə qeyd edilir ki, Rusiya və Azərbaycan öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti əsasında qurur, aktual beynəlxalq problemlər üzrə konstruktiv əməkdaşlığı dərinləşdirirlər, eləcə də daimi maraq kəsb edən məsələlər üzrə beynəlxalq təşkilat və forumlar çərçivəsində qarşılıqlı fəaliyyət göstərirlər. Eyni zamanda, tərəflər region dövlətləri arasında uzunmüddətli sülhün yaradılması üzrə regional və beynəlxalq səviyyələrdə sıx əməkdaşlıq edilməsi, səmərəli qarşılıqlı fəaliyyət, ticarət, təsərrüfat, mədəni və humanitar əlaqələrin möhkəmləndirilməsi üçün əlverişli şərait yaradılması, tərəflərin ərazilərində yaşayan milli azlıqların tarixi, mədəni və dini irsinin, eləcə də etnik, dil və mədəni özünəməxsusluqlarının qorunması, saxlanması və inkişafına, mədəni və sosial-iqtisadi həyatda fəal iştirakına nail olunması məsələlərində razılığa gəlmişdirlər.
Qeyd edək ki, Rusiyanın hökumət saytı bu sənədi Rusiya ilə Azərbaycan arasında münasibətləri "müttəfiqlik səviyyəsinə qaldıran" sənəd kimi xarakterizə edib. Ölkələr beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər. Onlar öz ərazilərində təşkilatların və şəxslərin digər tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar.
Dövlət başçısı qeyd edib: "Bu gün imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə bizim ticari-hüquqi baza portfelində xüsusi sənəddir. Əminəm ki, bu sənəd ölkələrimiz arasında dostluq, mehriban qonşuluq və bu gündən etibarən müttəfiqlik münasibətlərinin möhkəmlənməsi işinə xidmət edəcək".
Ayaz Quliyev
Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının sədri