Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Ağdam şəhərində yürüş təşkil edilib. SİA-nın yerli bürosunun xəbərinə görə, yürüşdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahının nümayəndələri, ərazidə xidmət aparan hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbi qulluqçular və Xocalı sakinləri iştirak edib.
Yürüş Prezidentin Xüsusi nümayəndəliyinin qərargahının qarşısından başlayıb və Ağdam şəhər Şəhidlər Xiyabanına qədər davam edəcək.
İşğaldan azad edilmiş Ağdam şəhərində Xocalı faciəsinin 30-cu ilinə həsr olunan anım mərasimi Ağdam Cümə məscidinin qarşısında sona çatıb. Yürüş iştirakçıları Ağdam Şəhidlər xiyabanını ziyarət etdikdən sonra Xocalıdan gələn şəhidlərin dəfnə hazırlandığı Cümə məscidinin ətrafına toplanıblar. Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Onların ruhuna dualar oxunub.
Mərasimdə çıxış edənlər faciənin baş verdiyi günləri xatırlayıb, amansız cinayəti törədənləri qınayıblar. Həmçinin xocalılar otuz ildən sonra öz doğmalarının məzarını ziyarət etdikləri üçün Ölkə başçısına minnətdarlıqlarını bildiriblər.