PDF Oxu

Siyasət

  • 2 340

Xocalı soyqırımının şahidləri DANIŞDI - QAN DONDURAN HADİSƏLƏR

Xocalı soyqırımının şahidləri DANIŞDI - QAN DONDURAN HADİSƏLƏR

Bu gün 30 il öncə Xocalı soyqırımında canını qurban verən şəhidlərimizin xatirəsini yad etmək məqsədilə Xocalı sakinləri işğaldan azad olunmuş Ağdam şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət edib. Xocalı hadisələrini öz gözləri ilə görmüş vətəndaşlarımızın şəhidlər xiyabanını ziyarət edərkən hansı hisslər keçirdiklərini öyrənməyə çalışdıq. Mövzu ilə bağlı olaraq SİA Xocalı şahidləri arasında sorğu keçirib.

Şəhər sakini İzabela Baxşəliyeva: "Biz bu günü 30 ildir ki, həsrətlə gözləyirdik. Bu il çox böyük qürur hissi ilə bura gəlmişik. Mən Xocalı hadisələrinin canlı şahidi olmuşam. Həmin gecə öz yaxınlarımı və ailə üzvlərimi itirmişəm. Ali Baş Komandanımıza təşəkkülərimizi bildirirəm ki, bizə bu günü yaşatdı. Nəhayət ki, biz 30 ildən sonra öz ailə üzvlərimizin qəbrini ziyarət etdik".

Şəhər sakini Məlahət Əliyeva: "Mən Xocalı faciəsində yoldaşımı və qızımı itirmişəm. Xocalını mən tərk edərkən 35 yaşım var idi. Fevral ayı mənim qara ayımdı, baxmayaraq ki, mən fevralın 28-i doğulmuşam amma elə həmin gündə qızımı və yoldaşımı torpağa vermişəm. Bununla da ermənilər mənim həmişəlik ad günümü təbrik edib. Bu gün Cümə məscidini ziyarət edərkən yoldaşım və qızımın meydini necə yuduğum və basdırdığım yadıma düşür".

Şəhər sakini Nəzakət Salmanova: "Xocalı faciəsində mən anamı, bacımı və bacımın 4yaşlı qızını və qardaşımı itirmişəm. Həmin o hadisələr yadıma düşəndə tüklərim biz-biz olur. Allah erməninin evini yıxsın. Bu gün bu şəraiti bizə yaratdığı üçün cənab Prezidentimizə öz təşəkkürlərimi bildirirəm".

Şəhər sakini Rəhim Allahverdiyev: "Biz Xocalıdan necə çıxmışıq bir Allah bilir. Bu gün biz Ağdam torpağına gəlib şəhidlərimizin məzarlarını ziyarət etdik. Cümə məscidində bütün Xocalı şəhidləri yuyulub və buradan da torpağa tapşırılıb. Ona görə çox ağır və çətin hisslər keçirdirik. Mən Ali Baş Komandana və qüdrətli ordumuza təşəkkür edirəm. Şəhid ailələrinin qarşısında baş əyirəm".

Şəhər sakini Rüstəm Orucov: "Bu gün biz 1992-ci ildəki hadisələri sanki yenidən yaşadıq. Biz Ağdama gəlib şəhidlərimizi yad etdik. Bütün Xocalı sakinləri həmin hadisələrdə çox böyük itki verib. Gələn il inşaallah biz şəhidlərimizi Xocalıda yad edərik".

Şəhər sakini Vəli Quliyev: "Mən Xocalı hadisələrinin əvvəldən axıra kimi şahidi olmuşam. Hamı kimi məndə bu hadisələrdə itki vermişəm. Ermənilərin törətdiyi terror bütün bəşəriyyətə qarşı törədilmiş bir hadisədir. Xocalı soyqırımı haqqında çox şeylər danışa bilərəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin".

Şəhər sakini Yeganə Məmmədova: "Xocalı hadisələri bizim sağalmaz yaramızdır. Həmişə bunların hər birini kədərlə xatırlayacayıq. Mən həmin günlərdə sanki şokda idim. Bir neçə gündən sonra mənə hər şey çatdı. Allah ölkəmizə bir də belə günlər nəsib etməsin".

Digər xəbərlər