Aydın HÜSEYNOV, Milli Məclisin deputatı
2 mart 1992-ci il Azərbaycanın siyasi tarixində çox önəmli səhifələrdən biridir. Məhz bu tarixdə ölkəmiz müstəqil ölkə kimi rəsmi olaraq dünya birliyinə - Birləşmiş Millət Təşkilatına üzv olmuşdur.
Bu hadisə Azərbaycanın özünü təqdim etmək, kimliyini sübut etmək üçün bir fürsət idi. Bu tarix həm də ona görə xalqımızın yaddaşında əbədi olaraq qalmaq gücündədir ki, 1992-ci ildə Azərbaycan xarici ölkənin – Ermənistan adlı qondarma bir dövlətin xain təcavüzünə uğramışdı. Dünyanın bəzi güc mərkəzlərinin dəstəyi ilə xəyanətkar qonşumuz Azərbaycanın suveren hüquqları daxilində olan, SSRİ dönəmində də rəsmi olaraq tanınan sərhədləri çərçivəsindəki ərazilərinə qarşı əsassız iddia qaldırmış, ədalətsiz müharibəyə başlamışdı.
Qarabağı bütünlükdə ələ keçirməyi qarşısına məqsəd qoyan ermənilər 1988-ci ildən başlayaraq bu ərazilərin işğalına başlamışdı. Ermənilər tərəfindən Qarabağın şəhər və kəndlərinə silahlı hücumlar edilir, insanlar doğma yurd-yuvalarından didərgin salınır, evləri talanır, yağmalanır, dağıdılır, qocalar, uşaqlar, silahsız, dinc insanlar öldürülür, əsir götürülürdülər. Belə ağır, məşəqqətli günlərdə, işğalın davam etdiyi bir dönəmdə Azərbaycan öz kimliyini beynəlxalq təşkilatlara təqdim etdi, suveren dövlət olaraq dünya birliyinə üzv olmaq istəyində olduğunu rəsmi olaraq bildirdi.
1991-ci ilin 18 oktyabrında Sovet İttifaqından ayrılaraq “Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edən Azərbaycan Respublikası 11 gün sonra – 1991-ci il oktyabrın 29-da BMT-nin Baş Məclisinə üzvlük haqqında müraciət etdi. Müraciətdə Azərbaycanın öz dövlət müstəqilliyini elan etməsindən sonra demokratiya, azadlıq və bərabərlik yolu ilə getmək əzmində olması əsas götürülərək, dünya birliyində layiqli yer tutmaq, beynəlxalq təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsi işinə kömək göstərmək niyyəti ifadə olunurdu. 1992-ci il fevral ayının 14-də Azərbaycan Respublikasının müraciətini müzakirə edən BMT-nin Təhlükəsizlik Şurası ölkəmizin bu təşkilata üzv qəbul edilməsini tövsiyə etdi.

BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilən 46-cı sessiyasında Azərbaycan Respulikasının BMT-nin üzvlüyünə qəbul olunması barədə qətnamə qəbul edildi. Həmin gün Nyu-Yorkda, BMT-nin mənzil qərargahında Azərbaycanın üçrəngli dövlət bayrağı qaldırıldı. 4 gün sonra isə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi fəaliyyətə başladı.
Buna baxmayaraq Azərbaycanda dövlət idarəçiliyindən başı çıxmayan, siyasi cəhətdən küt, naşı siyasi qüvvələrin hakimiyyət uğrunda apardıqları dava, ölkədə yaranmış mürəkkəb vəziyyət gənc dövlətimizin varlığına, ayaq üstə dayanmasına böyük təhlükə idi. Gözləri kreslo hərisliyi ilə pərdələnmiş bəzi qruplar ölkənin gələcəyini düşünmək fikrindən uzaqda idilər, yalnız şəxsi və qrup mənafelərinindən çıxış edərək yanlış addımlar atmaqda davam edirdilər. Daxili çəkişmələr, qarşıdurmalar Ermənistandan gələn real təhlükələri, işğalı da az qala arxa plana atmışdı. Bəzən həmin qüvvələr Qarabağ kartından sui-istifadə edir, millətin xilaskarı olduqlarını boş vədlərlə sübut etməyə çalışırdılar.
Hərbi-siyasi durum 1993-cü ilin ortalarına qədər davam etdi. Xalqımız sanki qəflət yuxusundan oyandı, Tanrının bu lütfünün - müstəqilliyin nə demək olduğunu anladı, Azərbaycanı xilas etməyin yolunu tapdı və təcrübəli dövlət adamı, dünya siyasətinin tanınmış siması, uzun illər Azərbaycana qüsursuz rəhbərlik etmiş, xalqın sevimlisi və nəhayət xilaskarı Heydər Əliyevə müraciət etdi. Xalqımızın təkidli tələbi ilə Ümummilli Liderin 1993-cü ilin böhranlı yayında hakimiyyətə qayıdışından sonra baş verən hadisələrdən, xüsusən də dövlət quruculuğu sahəsində atılan önəmli addımlardan sonra BMT ilə əlaqələr nizamlandı və bu, sistemli xarakter aldı. Dahi siyasətçi Heydər Əliyevin gərgin əməyi sayəsində milli dövlətçilik maraqları üzərində qurulmuş xarici siyasət konsepsiyası hazırlandı, çoxvektorlu diplomatiya reallaşdırıldı. Məhz bundan sonra BMT ilə əlaqələrdə yeni dövr başlandı və getdikcə yüksək səviyyəyə qaldırıldı.
Ulu Öndərimizin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəldiyi 1993-cü il ərzində ölkəmizlə BMT arasında yüksələn xəttlə inkişaf etməsinin məntiqi nəticəsi də budur ki, beynəlxalq qurumun Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan münaqişəsinə dair 822, 853, 874, 884 saylı 4 qətnamə qəbul etdi. Bu qətnamələr Azərbaycanın ərazi toxunulmazlığını yenidən təsdiq edərək, dərhal atəşkəs elan olunması, hərbi əməliyyatlara son qoyulması və işğalçı qüvvələrin Azərbaycan Respublikası ərazisindən çıxarılması tələblərini irəli sürmüşdür. Təəssüf ki, məlum qətnamələrin müddəaları 27 il ərzində yerinə yetirilməmiş qaldı.
Müstəqil Azərbaycan dövlətinin başçısı kimi ilk dəfə məhz Prezident Heydər Əliyev 1994-cü ilin sentyabrında BMT Baş Assambleyasının 49-cu sessiyasında çıxış etdi. Dünya şöhrətli siyasətçi Azərbaycan, Qafqaz regionu və ümumilikdə, dünya üçün həyati əhəmiyyət kəsb edən qlobal məsələlərlə bağlı ölkəmizin mövqeyini dünya ictimaiyyətinə çatdırdı. Dünyanın ən ali tribunasından Azərbaycanın haqq səsini dünyaya çatdıran Heydər Əliyevin bu çıxışından sonra BMT-nin Baş katibi Butros Butros Qalinin 1994-cü ilin oktyabrında Azərbaycana səfərə gəldi. Bu səfər zamanı Baş katib Ermənistanın təcavüzkar siyasəti və onun ağır nəticələri ilə yerindəcə tanış oldu.

2003-cü ildən sonra isə İlham Əliyevin rəhbərliyi altında Azərbaycanla BMT arasında əlaqələr yeni mərhələyə qədəm qoydu. Azərbaycanın beynəlxalq birlikdə qazandığı nüfuza və imicə yeni çalarlar əlavə olundu. İlk dəfə Azərbaycanın Baş naziri kimi 2003-cü ilin sentyabrında BMT Baş Assambleyasının 58-ci sessiyasında çıxış edən İlham Əliyev BMT-də islahatların vaciliyini bəyan etdi. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin yerinə yetirilmədiyini vurğuladı, işlək mexanizminin yaradılmasını vacib olduğunu söylədi. Həmin ilin oktyabrın 29-da BMT Baş Məclisinin sessiyasında Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı məsələ iclasın gündəliyinə salındı. Azərbaycan 2011-ci il oktyabrın 24-də 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə inamlı qələbə qazandı.
Bu gün Azərbaycanın BMT-yə üzv olduğu tarixdən bizi 30 il ayırır. Bu illərdə Azərbaycanın keçdiyi çətin, məşəqqətli, həm də şərəfli yola nəzər salanda ölkəmizin dünya ailəsində layiqli yer tutduğunu görə bilərik. 2020-ci ildə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımız bir yumruq kimi birləşərək 44 günlük müharibədə Ermənistan silahlı qüvvələrinin işğalı altında olan torpaqlarımızı azad etdi. Azərbaycanın öz ərazilərində separatçı ünsürlərə qarşı apardığı mübarizədən qalib çıxdı, yadelliləri torpaqlarımızdan qovdu. Bu gün Azərbaycan BMT-nin ən fəal üzvü, Qoşulmama Hərəkatına sədrlik edən dövlətdir.