PREZİDENT İLHAM ƏLİYEV: “Azərbaycan pandemiyaya qarşı mübarizə istiqamətində vacib qlobal təşəbbüslərlə çıxış edib”
Pandemiya qarşısında dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə pandemiyanın tüğyan etdiyi bir dövrdə Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev bir sıra qlobal təşəbbüslərlə çıxış edərək qlobal liderlik rolunu üzərinə götürdü, pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən oldu. Elə bu günlərdə BMT Baş Assambleyasının “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda keçirilən yüksək səviyyəli tematik müzakirələrdə Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyev pandemiya dövründə BMT, Qoşulmama Hərəkatı və Ümumdünya Səhiyyə Təşkilatının yüksək səviyyəli fəaliyyətinə ümumi nəzər salmış, Azərbaycan dövlətinin təşəbbüsləri haqqında geniş məlumat vermişdir.
Bu sırada dövlət başçısının təşəbbüsü ilə Qoşulmama Hərəkatının 2020-ci ilin mayında təşkil edilmiş Zirvə toplantısını və 2020-ci ilin dekabrında 150-dən çox ölkənin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasını ayrıca qeyd etmək olar. Bununla yanaşı, koronavirusa qarşı vaksinlərin yeni istifadəyə buraxıldığı dövrdə bəzi ölkələr “peyvənd millətçiliyi” edərək onların bölünməsində qeyri-bərabərliyə üstünlük verirdilər. Əlbəttə, dünyada qlobal gücə çevrilən Azərbaycan rəhbərinin diqqətindən bu məqam yayına bilməzdi. Nəticədə, Prezidentin tapşırığı ilə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında irəli sürdüyü “Bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi” adlı qətnamə 2021-ci ilin martında yekdilliklə qəbul olunub. Bir sözlə, Azərbaycanın koronavirus pandemiyası ilə apardığı mübarizə bir daha onu göstərdi ki, ölkəmiz bu istiqamətdə qlobal səviyyədə liderliyini davam etdirir. Çünki Azərbaycan bəzi ölkələr kimi pandemiya ilə mübarizədə yaxasını kənara çəkmədi, əksinə, bütün müstəvilərdə xəstəliklə mübarizə zəminində hətta dünyaya da öz töhfəsini verdi.
“AZƏRBAYCAN PANDEMİYAYA QARŞI MÜBARİZƏDƏ VACİB QLOBAL TƏŞƏBBÜSLƏRLƏ ÇIXIŞ EDİB”
“Azərbaycan pandemiya, “peyvənd millətçiliyi” və peyvəndlərdən istifadə ilə bağlı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında qeyri-bərabərliyə qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsi istiqamətində vacib qlobal təşəbbüslərlə çıxış edib”. Bunu Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev BMT Baş Assambleyasının sədrinin təşkil etdiyi yüksək səviyyəli tematik müzakirələr zamanı videoformatda təqdim olunan çıxışında deyib.
BMT Baş Assambleyasının Xüsusi Sessiyasının, peyvəndlərdən bərabər və universal istifadənin təmin edilməsinə dair qətnamələrin bunun bariz nümunəsi olduğunu söyləyən Prezident İlham Əliyev həmin təşəbbüsləri dəstəkləmiş bütün üzv dövlətlərə minnətdarlığını bildirib.
“Həmrəylik əlaməti olaraq, koronavirusla mübarizəni dəstəkləmək məqsədilə Azərbaycan birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və humanitar yardımı etmişdir. Bununla yanaşı, biz 5 ölkəyə peyvənd ianəsi etmişik və bu iş davam etdiriləcək. Hazırda biz Qoşulmama Hərəkatına üzv olan 14 ölkəyə təqribən bir milyon doza peyvəndin ianə edilməsi prosesindəyik”, - deyə Prezident İlham Əliyev diqqətə çatdırıb.
Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusla videokonfrans formatında görüşü zamanı koronavirusa qarşı peyvəndlərin bölüşdürülməsində müşahidə edilən ayrıseçkilik məyusluq yaratdığını demişdir.
“BU GÜNƏDƏK AZƏRBAYCANDA YETKİN ƏHALİNİN 68 FAİZİNƏ COVID-19 PEYVƏNDİN HƏR İKİ DOZASI VURULUB”
Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev BMT Baş Assambleyasının sədrinin təşkil etdiyi yüksək səviyyəli tematik müzakirələr zamanı videoformatda təqdim olunan çıxışında bildirib ki, Qoşulmama Hərəkatı pandemiyanın tezliklə aradan qaldırılması və effektiv bərpa prosesinə imkan yaradacaq beynəlxalq həmrəyliyin gücləndirilməsi üçün fəal şəkildə səylərini davam etdirməyə hazırdır. Dövlətimizin başçısı Qoşulmama Hərəkatına üzv dövlətlər adından deyib ki, Hərəkat post-COVID-19 dövrünün bərpa ehtiyacları ilə bağlı nəticəyönümlü təşəbbüslərlə çıxış edəcək.
Prezident İlham Əliyev çıxışında daha sonra Azərbaycanın COVID-19 pandemiyasının nəzarətdə saxlanılması üçün həyata keçirildiyi təsirli və adekvat tədbirlərdən danışaraq deyib: “Biz peyvəndlənmə kampaniyasına 2021-ci ilin yanvarında başlamışıq. Bu günədək ölkədə yetkin əhalinin 68 faizinə peyvəndin hər iki dozası vurulub. COVID-dən əziyyət çəkmiş əhali və sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün bu ilin dövlət büdcəsindən 1.6 milyard ABŞ dolları məbləğində maliyyə yardımı ayrılıb”.
“BİZ BÜTÜN ÖLKƏLƏR ÜÇÜN PEYVƏNDLƏRƏ ƏLÇATANLIĞIN TƏMİN OLUNMASINA XİDMƏT EDƏN TƏŞƏBBÜSLƏRİ DƏSTƏKLƏYİRİK”
Heç təsadüfi deyil ki, Azərbaycan koronavirusla bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımları edib. Həmçinin, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü maliyyə töhfəsi ayırıb, bu yaxınlarda dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin təqdim edib. Məhz Azərbaycanın bu istiqamətdə daha bir təşəbbüsü BMT səviyyəsində dəstək tapması, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin daha bir il müddətə - 2023-cü ilə qədər uzadılması və Prezident İlham Əliyevin təşəbbüslərinin beynəlxalq müstəvidə də dəstəklənməsi dünya dövlətlərinin Azərbaycan dövlətinə inamının göstəricisidir.
Göründüyü kimi, Azərbaycan BMT-nin ədalətli peyvəndləmə ilə bağlı qətnaməsinin dəstəklənməsi bir daha pandemiyaya qarşı mübarizədə “Azərbaycan nümunəsi”, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasətə inamının göstəricisidir. Xüsusilə də, beynəlxalq ictimaiyyət Azərbaycan Prezidenti İlham Əliyevin COVİD-19 pandemiyasına, “peyvənd millətçiliyi”nə qarşı qlobal mübarizəsini və təşəbbüslərini dəstəkləməklə bir daha deyilənlərin real təzahürüdür.
Bir sözlə, bütün göstərilənlər onu deməyə əsas verir ki, artıq ölkəmiz, xüsusilə, Azərbaycan Prezidenti İlham Əliyev təkcə bütün regional məsələlərdə deyil, mahiyyətindən asılı olmayaraq dünya miqyasında baş verən qlobal hadisələr zamanı qətiyyətli mövqe nümayiş etdirir. Dövlət başçısının təşəbbüsləri qlobal miqyasında beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. Bu da onu göstərir ki, son 19 ildə Azərbaycanda həyata keçirilən mühüm tədbirlər beynəlxalq birliyin Azərbaycana inamının, etimadının təzahürü, ölkəmizin və dövlətimizin başçısının qlobal miqyasda nüfuzunun göstəricisidir.
RƏFİQƏ HÜSEYNOVA