Danışıqların növbəti raundu baş tutsa belə, onun nəticəsizliyi bəri başdan məlumdur
ABŞ kəşfiyyatı Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ikinci dalğası barədə məlumatlara malik olduğunu bəyan edib. Bu haqda Ağ ev administrasiyasının nümayəndələri danışıblar. Söhbət isə əsasən müəyyən ordu birləşmələri tərəfindən Ukrayna müqavivətinin qırılmasından gedir. Bir həftəyə yaxındır davam edən hərbi əməliyyatlar göstərir ki, Putin lokal zərbələrdən total müharibəyə keçmək qərarına gəlib. Kütləvi zərbələr Kiyev və Xarkov olmaqla bütün şəhərlərə endirilir və həmin istiqamətlərə doğru yeni güclər hərəkətə keçirlər.
Tərəflər irəli sürülən tələb və şətrləri rədd edirlər
Bundan əvvəl isə Belarusda keçirilən ilk danışıqlar nəticəsiz qaldı. Belə ki, Rusiya Ukrayna qarşısında qəbuledilməz tələblər irəli sürdü – Krımının və tanınmayan “respublikaların” tanınmasını istəri, həmçinin ölkənin denasifikasiyası məsələsini qaldırdı, eləcə də Ukraynanın bloklardan kənar statusa malik olacağı ilə bağlı rəsmi bəyanat səsləndirməsini istədi.Ukrayna tərəfi isə Rusiya ordu hissələrinin ölkə ərazisini, o cümlədən, Krımı, Donetsk və Luqansk vilayətlərini tərk etməsi tələbini irəli sürdü. Ölkənin xarici işlər naziri Dmitri Kuleba isə “Biz danışacağıq və həll yollarını axtaracağıq. Lakin Rusiyanın ultimatum və tələblərini icra etməyəcəyik”, bəyanatını verdi.
Zelenski: “Əvvəlcə tam atəşkəs əldə olunmalıdır ki, danışıqlar masasına oturulsun”
Ukrayna prezidenti Vladimir Zelenski isə növbəti videomüraciətində bəyan etdi ki, növbəti danışıqlara keçid etmək üçün Rusiya Ukrayna şəhərlərini bombalamağa son verməlidir. “Əvvəlcə tam atəşkəs əldə olunmalıdır ki, danışıqlar masasına oturulsun”, deyə o vurğulayıb. Ukrayna prezidentinin sözlərinə görə, əgər onun ölkəsinin Avropadan olan partnyorları Ukraynanın NATO-da olmasını istəmirlərsə bu zaman təhlükəsizlik zəmanəti verilməlidir.Qeyd edək ki, son iki gündə Ukraynanın paytaxtı Kiyev daxil olmaqla şəhərlərin kütləvi şəkildə raket və artilleriya, həmçinin qrad zərbələrinə məruz qoyulması növbəti danışıqlar prosesinə əngəllər yaradır. Daha dəqqi desək, Zelenskinin yuxarıda qeyd edilən bəyanatı da belə deməyə kifayət qədər zəmin yaradır. Hətta danışıqlar baş tutarsa, yaxud vasitəçilər, ortaqlar yolu ilə hər hansı məsələ müzakirə olunarsa belə, tərəflər arasında şərtlər və tələblərin yerinə yetirilməsi mümkünsüzlüyü göz önündədir. Bu amil isə Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin davam edəcəyi proqnozlarını aktuallaşdırır.
Rövşən RƏSULOV