Bu gün YAP Səbail rayon təşkilatında Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Bəxtiyar İslamovun gənclərlə görüşü baş tutub. SİA-nın verdiyi məlumata görə, tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev iştirak edib.
Tədbiri giriş sözü ilə açan YAP Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev partiyanın yarandığı ilk gündən gənclərin böyük rolu olduğunu vurğulayıb. Qeyd edib ki, Yeni Azərbaycan Partiyasının gəncləri hər zaman bu partiyanın, dövlətimizin əbədiliyini, nüfuzunu daim qoruyub saxlayacaq. Ulu öndər Heydər Əliyev tərəfindən çox etibarlı zəmin qurulub. Bu zəmin əsasında cənab Prezident İlham Əliyev tərəfindən işlər görülür. Bildiyimiz kimi artıq 30 il həsrətində olduğumuz torpaqlarımıza qovuşduq. Bu uğurun qazanmağın əsas səbəbi də düzgün siyasətdir. Xalqımız Prezident ətrafında bir yumruq kimi birləşib. Təbii ki, burada Azərbaycan gəncliyinin çox böyük rolu var.Muxtar Nağıyev fikirlərinə davam edərək bu gün dünyada mövcud olan yeniliklərin gənclər tərəfindən öyrənilməsinin vacib olduğunu vurğulayıb: “Əminəm ki, gənclərimiz bu ruhda böyüyür. Onlar cənab Prezidentin verdiyi tövsiyyələrdən nəticələr çıxardıblar”.
sia.az