Rusiya ilə Ukrayna arasında baş verən toqquşmalar indi bütün dünyanın diqqət mərkəzindədir. Bu da səbəbsiz deyil və bütün dünyanın bu məsələyə münasibət bildirməsi onu göstərir ki, hələ də narahatlıqlar hökm sürməkdədir. Baxmayaraq ki, Ukrayna tərəfi Rusiyanın həmləsinə layiqincə cavab verə bilir və hücumların qarşısı alınır, hadisələrin bundan sonra necə cərəyan edəcəyini qabaqcadan söyləmək çox çətindir. Rusiya tərəfinin hazırki durumdan razı qalmadığı da təkzibedilməzdir, çünki ruslar heç zaman ukraynalıların döyüşə bu qədər hazırlıqlı olduqlarının fərqində belə deyilmişlər və bu, müharibənin gedişindən də görünür.
Rusiyanın mövcud vəziyyətlə barışmadığı göz önündədir. Hətta, bir çox siyasətçilər bunun ağır nəticələrə gətirib çıxaracağını da proqnozlaşdırırlar. Beləki, Rusiyanın bütün mövcud imkanlarından istifadə edəcəyi qorxusu var. Daha dəqiq desək, nüvə silahının istifadəsi indi müzakirə mövzusudur. Doğrudur, nüvə silahı heç də sıradan bir silah deyil və onun istifadəsinin nə kimi nəticələrə gətirib çıxara biləcəyi aydın məsələdir. Dünya ictimaiyyəti bu silahın istifadəsini ağlına belə gətirmək istəmir və bundan həddindən artıq ehtiyat edir, bir sözlə qorxur. Görünür elə Rusiyanın da bu qorxudan sui istifadə etmək niyyəti var.
Müharibənin heç də Rusiyanın istədiyi kimi getməməsi, toqquşmaların nəticəsinin Rusiyanı qane etməməsi rusları bərk qıcıqlandırıb desək, yanılmarıq. Görünən odur ki, rusların hücumuna ukraynalıların cavab reaksiyası Rusiya prezidenti üçün də gözlənilməz, eləcə də arzuolunmaz olub. Əks halda Rusiya prezidenti Vladimir Putin nüvə silahının istifadəsi barədə ifadələri hədə olaraq ortaya atmazdı. Nüvə başlıqlarının hazır vəziyyətə gətirilməsi əmri də təsadüfi hesab edilmir və əslində, bütün dünyada çox böyük rezonans da doğurub.
Bəllidir ki, nüvə silahları ilə bağlı hədə-qorxu gəlməkdə Rusiyanın məqsədi danışıqlarda üstünlük qazanmaqdır. Rusların belə bir hədə kəsməsi danışıqlar baxımından başadüşülən, anlaşılandır. Sözsüz ki, Rusiya tərəfi öz şərtlərini qəbul etdirmək üçün bu vasitəyə əl atır və məhz bu baxımdan rusların belə hədələrinin dövriyyəyə buraxıldığı da düşünülür. Əslində, bu zamana qədər ABŞ üçün ən qorxulu hesab olunan nüvə silahlarının istifadəsinə indi Ağ Ev soyuqqanlıqla yanaşır. Məhz amerikalılar Putinin nüvə silahı ilə bağlı fikirlərini hədə-qorxu kimi qəbul edirlər və ən azından buna inanırlar.
Xüsusən, ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Putinin nüvə silahının istifadəsi, yaxud nüvə başlıqlarının hazır vəziyyətə gətirilməsi əmrindən qətiyyən qorxuya düşmədiyi müşahidə edilməkdədir. Ağ Evin rəhbəri hətta açıq-aşkar bildirib ki, ABŞ və Rusiya arasındakı gərginliyin nüvə müharibəsinə çevriləcəyindən qoxmaq lazım deyil və nüvə müharibəsinin olacağından ehtiyat etməyə belə dəyməz. ABŞ prezidentinin fikirlərindən belə aydın olur ki, o Rusiyanın nüvə silahlarının istifadəsi hədəsini, nüvə başlıqlarının hazır vəziyyətə gətirilməsi əmrini, ümumilikdə təhdidlərini blef hesab edir.
Bilirik ki, nüvə silahlarının istifadəsi, yaxud döyüş zamanı tətbiqi heç də cavabsız qala bilməz və dərhal adekvat cavab tələb edir. Nəticə isə yalnız bir tərəf üçün yox, hər bir tərəf üçün açınacaqlı sonluq vəd edir. Hətta təkcə tərəflər deyil, bütün bəşəriyyətin nüvə silahlarının istifadəsindən zərbə alacağı zərrə qədər şübhə doğurmur və bunu dünya ictimaiyyəti çox yaxşı bilir. Nəzərə alsaq ki, nüvə silahının tətbiqi, istifadəsi bütün dünyanı radiasiya təhlükəsinə sürükləyə bilər, deməli ekoloji cəhətdən bütün bəşəriyyətin bundan sarsılacağı bəlli məsələdir.
Onu da diqqətə çatdırmaq yerinə düşərdi ki, nüvə silahının istifadəsi zamanı itirən yalnız bir tərəf ola bilməz. Əgər nüvə silahı bir tərəfə qarşı istifadə edilərsə, bunun əvəzində qarşı tərəf də adekvat cəvab verərsə, o zaman yalnız bir tərəfin itirəcəyini söyləmək mümkün deyil. Doğrudur, Rusiyanın nüvə gücü digərləri ilə müqaisəyə gəlməz dərəcədədir. Hətta, müqaisə üçün diqqətə çatdırmaq yerinə düşərdi ki, təkcə Rusiyanın nüvə potensialı ümumilikdə ABŞ, Fransa və Britaniyanın nüvə potensialına az qala bərabərdir və deməli, Rusiyanın nüvə potensialı ayrı-ayrılıqda hər bir ölkədən dəfələrlə çoxdur. Buna baxmayaraq, nüvə silahının hansı miqdarda, hansı potensialda olmasından asılı olmayaraq cavab kimi Rusiyaya qarşı istifadə olunması ruslar üçün də nəinki arzuolunmaz, hətta qəbulolunmazdır. Ona görə ki, Rusiya tərəfinin də zərər çəkəcəyi şəksizdir.
Digər tərəfdən, ümumiyyətlə nüvə silahının istifadəsi bəşəriyyət üçün zərbə sayılırsa, deməli Rusiya tərəfin də bu zərbəyə məruz qalacağını yaxşıca dərk edir. Daha dəqiq desək, bunu ruslar hamıdan daha yaxşı bilirlər. Elə bütün dünya ölkələri də bu silahların tətbiqinin təsirindən xəbərdardır. Əbəs yerə deyil ki, nüvə silahına sahib olan ölkələr, nüvə dövlətləri Rusiyanın bu hədəsinə saymazlıqla yanaşmayıblar. Məsələn, Çin kimi bir ölkə Putinin nüvə silahı istifadəsi barədə hədəsinə cavab olaraq, Moskvanı təmkinli davranmağa çağırıb. Ümumiyyətlə, nüvə arsenalına malik ölkələr bu hədənin mahiyyətinin nədən ibarət olduğunu daha yaxşı bilirlər və narahatlıqları da anlaşılandır.
Məsələ burasındadır ki, nüvə silahının nəinki istifadəsi, yaxud tətbiqi, bu silahla bağlı təhdid özü də bir təhlükədir. Yəni, nüvə silahının toqquşma zamanı müzakirə mövzusu olması belə arzuolunmazdır. Müharibə zamanı icazə verilən silahlardan istifadə olunması əbəs yerə deyil və bu silahlarla təhdid olunması da, hədə-qorxu gəlinməsi də bu mənada rezonans doğurmur. Amma məhz nüvə silahının bəşəriyyət üçün təhlükə hesab olunması səbəbindən onunla hədə-qorxu gəlinməsi dərin müzakirələrə səbəb olub. Çünki, bu silahdan istifadə edilməsini heç bir ölkə, heç bir beynəlxalq təşkilat, heç bir güc, heç bir dövlət başçısı təsəvvürünə belə gətirmək istəmir. Elə Rusiya prezidenti Vladimir Putin özü də nüvə silahının istifadəsini sıradan bir silah istifadəsi hesab edə bilməz. Rusiya kimi böyük bir ölkənin rəhbəri belə bir bəşəri fəlakətə səbəb ola bilən silahdan istifadənin mümkünlüyünü qəbul etməz. Belə olan halda Rusiya prezidenti nüvə başlıqlarının hazır vəziyyətə gətirilməsi əmrini niyə verir? Məqsəd nədir? Təbii ki, nüvə silahının tətbiqi hədəsi bir blefdir və bununla Rusiya tərəfi, qeyd olunduğu kimi, danışıqlarda üstünlük qazanmaq, öz şərtlərini qəbul etdirmək niyyəti güdür.