“Hazırda təəssüf ki, Rusiya ilə Ukrayna arasında hərbi toqquşmalar davam edir. Hər iki tərəfdən itkilərin olduğu ilə bağlı məlumatlar alırıq. Bu da nə Rusiya, nə Ukrayna, nə də bölgə üçün arzuolunan durum deyil”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Aydın Hüseynov səsləndirib.Millət vəkili bildirib ki, həm Rusiya, həm də Ukrayna ilə Azərbaycanın sıx dostluq, tərəfdaşlıq münasibətləri var: “Biz, eyni zamanda sülh təşəbbüsləri ilə çıxış edən ölkə olaraq tərəflər arasında sülhün bərqərar olmasını arzu edirik və dövlət olaraq buna töhfə verməyə hazırıq. Bilirsiniz ki, həm Azərbaycan Prezidenti cənab İlham Əliyev, həm də Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan sülh təşəbbüsləri ilə çıxış ediblər”.A.Hüseynov əlavə edib ki, Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə iqtisadi münsibətləri daim inkişaf edib: “Bilirsiniz Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. İki ölkə arasındakı ticarət dövriyyəsi 3 milyard dollara yaxındır.2021-ci ildə Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi isə 922,5 milyon dollar olub. Onu da nəzərinizə çatdıraq ki, Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikinci pillədə qərarlaşır. Göründüyü kimi hər iki ölkə Azərbaycan üçün əhəmiyyətlidir”.A.Hüseynov əlavə edib ki, biz tez bir zamanda iki ölkə arasında hərbi toqquşmaların dayandırılmasını və sülhün bərqərar olmasını arzulayırıq: “Dünən Belarusda dövlətlər arasında ilkin danışıqlar baş tutdu. Düzdür bu danışıqlar hərbi əməliyyatların dayandırılmasına gətirib çıxarmadı. Hazırda ciddi toqquşmalar davam edir. Amma sevindirici hal odur ki, Rusiya və Ukrayna danışıqların davam etdiriməsində razılığa gəliblər. Hələlik kiçik də olsa ümid yeri budur”.
Səbinə Hüseynli