Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi Prezident İlham Əliyevin islahatlar siyasətinin davamıdır. Xalqın dövlətçilik arzularından, tarixi zərurətdən, obyektiv reallıqdan qaynaqlanaraq Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin xilaskarlıq missiyasının reallaşması üçün Azərbaycanın tanınmış şəxsiyyətlərinin müraciəti əsasında yaranmış, qısa bir müddətdən sonra iqtidara gəlmiş, hazırda isə ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyasının sonuncu - VII Qurultayından bir ilə yaxın vaxt keçir. Ulu Öndər Heydər Əliyevin ideyaları ətrafında milyonlarla insanı özündə birləşdirən Yeni Azərbaycan Partiyasının keçən dövr ərzində Azərbaycanımızın yeni müstəqil dövlət kimi dinamik inkişafında, demokratik bir çəmiyyətin qurulmasında böyük rolu olmuşdur. Bu səbəbdəndir ki, gücünü xalqın və onun müxtəlif təbəqələrinin dəstəyindən alan Yeni Azərbaycan Partiyası, məhz Heydər Əliyevin ona sədrliyi və ölkə Prezidenti kimi rəhbərliyi ilə Azərbaycanda yaşayan bütün xalqların və etnik qrupların, fərqli dini baxışlara malik konfessiyaların vahid amal uğrunda fəaliyyətini əlaqələndirə bildi. Ölkənin bütün yaşayış məntəqələrində təşkilati və insan resursları şəbəkəsinə malik olmaqla, geniş xalq kütləsinin daha çox inandığı, sıralarına qatılmaqla öz siyasi talelərini bu partiya ilə bağlamağa hazır olduqları möhtəşəm bir siyasi qüvvəyə, monolit gücə sahib oldu. Yeni Azərbaycan Partiyası özünün VII Qurultayına 29 illik fəaliyyəti, xalqa və dövlətə xidmətləri, ən əsası, bu illər ərzində Heydər Əliyev ideyalarının reallığa çevrilməsində fədakarlıq və qəhrəmanlıq üçün, öz həyatını ümumi məqsədlərə, dövlətimizin və xalqımızın mənafeyi naminə sərf etməyə hazır olan insanların partiyası kimi, önündə gedən siyasi qüvvə kimi gəldi. Ən nəzərəçarpan nəticə isə, əlbəttə ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uzunömürlü ağır bir yükdən xilas olmaq, beynəlxalq və regional dairələrin iştirakı və dəstəyi ilə ərazilərin ilhaqı, işğalı etnik təmizləmə və soyqırımları ilə müşayiət olunan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi adlanan bir problemi hərbi-siyasi yolla, cəmi 44 günə həll etməsi ilə bu sahədə daşlaşmış stereotipləri və yanaşmaları kökündən dəyişməsi oldu. Möhtəşəm Zəfərin doğurduğu böyük qürur və iftixar hissi ilə öz ali məclisinə toplaşan qurultay nümayəndələri qarşısında Yeni Azərbaycan Partiyasının Sədri, Cənab İlham Əliyevin dərin məzmunlu çıxışı keçirilən tarixi yola obyektiv qiymət verilməsi ilə yanaşı, həm də partiyanın bu gündən sonra qarşısında dayanan əsas vəzifələri, Yeni Azərbaycan Partiyasının yeni dövr üçün fəaliyyətinin əsas istiqamətlərini özündə əks etdirməklə yanaşı, ümumilikdə Azərbaycan Respublikasının, onun siyasi mənsubiyyətindən asılı olmayaraq bütün ictimai-siyasi cəhətdən fəal insanlarının, hər bir vətəndaşın, bütövlükdə isə hər bir azərbaycanlının qarşısında dayanan öhdəliklərin, onların yerinə yetirilməsi üçün vacib olan resurs və mexanizmlərin, hüquqi çərçivə və meyarların məcmusu idi. Bu çıxış 29 illik çətin və şərəfli yolda əldə edilən nəticələrin üzərindən daim yeniləşən, inkişaf edən, öz xalqını layiq olduğu Qələbə ilə şərəfləndirən bir Liderin bu Qələbənin qorunması, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, insanların on illərlə çəkdiyi fiziki, iqtisadi və mənəvi əzablarına son qoymaqla öz yerinə-yurduna ləyaqətli qayıdışını, davamlı və dayanıqlı inkişafı təmin etmək, Azərbaycanı regionun ən güclü və qüdrətli dövlətinə çevirmək sahəsində yeni daha çətin çağırışlara hazırlığa təkan verən bir fəaliyyət proqramı idi. Ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə olan VII Qurultayın qərarı ilə Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələri rəhbər tutaraq, 44 günlük müharibədən sonra yaranan obyektiv reallıqları ölkənin beynəlxalq aləmdə artan rolunun və mövcud vəziyyətdə yeridilən xarici, daxili siyasətinin, regionda və ölkədə formalaşmış yeni siyasi konfiqurasiyanın diktə etdiyi vəzifələri özündə əks etdirən yeni proqram sənədi hazırlandı. "Biz birlikdə güclüyük" şüarı altında hazırlanan bu strateji sənəd müxtəlif səviyyələrdə işçi müzakirələrdən sonra Yeni Azərbaycan Partiyası İdarə Heyətinin 29 dekabr 2021-ci il tarixli iclasında təsdiq edildi. Ümumiyyətlə, tarixi Zəfərdən sonra istər ölkədə, istərsə də beynəlxalq müstəvidə yaranmış yeni reallıqlar fonunda keçirilmiş Yeni Azərbaycan Partiyasının VII Qurultayı partiyamızın və ölkəmizin inkişafında yeni mərhələnin əsasını qoyub. Qurultayda qəbul edilən qərarlar partiyamızın inkişafı və müasir çağırışlara cavab verməsi - ictimai-siyasi öhdəlikləri layiqincə yerinə yetirməsi üçün olduqca əhəmiyyətlidir. Qurultayda partiyamızın Sədri, dövlət başçısı Cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş, eləcə də yuxarıda bəhs olunan strateji prioritetlərdən irəli gələn vəzifələrin ardıcıl və məqsədyönlü şəkildə yerinə yetirilməsi Azərbaycanın yeni dönəmdə davamlı uğurlar əldə etməsinə yeni imkanlar, dayanıqlı, etibarlı və möhkəm zəmin yaradacaqdır. Bu kontekstdə Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Vətənə, dövlətə və xalqa layiqli xidmət missiyası ilə Mehriban Əliyeva ötən dövrdə ona olan ümummilli inamı və Prezidentin etimadını yüksək peşəkarlıqla doğruldaraq bu təyinatın düzgünlüyünü təsdiqlədi. 5 ilə yaxındır ki, ölkədə sosial sahədəki islahatlar, əsasən, Mehriban Əliyevanın fəal icraçılığı, novator təşəbbüskarlığı ilə gerçəkləşir. Onun səlahiyyət kurasiyası şübhəsiz ki, yalnız bu sahə ilə məhdudlaşmır. Dövlət quruculuğu prosesinin bütün istiqamətlərində mükəmməl nümunələr yaradan Birinci vitse-prezident ölkə rəhbərliyi tərəfindən həyata keçirilən islahat və layihələrin reallaşmasına əvəzsiz töhfələr verir.
Nəbizadə Fidan,
YAP Quba rayon təşkilatının sədri