“İki il öncə - 10 mart 2020-ci ildə altıncı çağırış Milli Məclisin ilk iclasında Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəblərini bir daha ictimaiyyətin diqqətinə çatdırdı. Məlum oldu ki, Azərbaycanda islahatların dərinləşməsi, qanunverici orqanın işinin təkmilləşdirilməsi, çevik fəaliyyətinin təmini üçün yeni tərkibli Milli Məclisə böyük ehtiyac var. Ölkəmizdə aparılan digər islahatlar kimi, Parlamentdə də islahatların aparılmasına Avropa İttifaqının verdiyi qiymət də diqqətdən kənarda qalmamalıdır. Seçkilərin obyektiv keçirilməsindən sonra Avropa İttifaqının yeni seçilmiş Parlamentlə işləmək istəyi seçkilərin demokratik keçirildiyinin sübutu və seçkilərin tanınması anlamına gəlir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Aydın Hüseynov deyib.
Millət vəkili bildirib ki, altıncı çağırış Milli Məclisə keçirilən seçkilərdə Azərbaycanın əksər siyasi partiyaları demokratik, azad seçki mühitindən istifadə edərək bu tədbirə qatıldılar: “Bu mənzərəni Avropa institutları da diqqətlə müşahidə edir, öz qiymətini verirdi. Seçkilərin keçirildiyi şərait standartlara tam olaraq cavab verirdi. Seçicilərin sərbəst şəkildə məntəqələrə gəlişi, orada yaradılan şərait və səsvermə proseduruna qarşı həm yerli, həm də beynəlxalq müşahidəçilərin heç bir iradı olmadı. Məntəqələrin önündə beynəlxalq təşkilatların keçirdiyi ExitPoll-la nəticələrin üst-üstə düşməsi seçkilərin demokratik şəraitdə keçdiyinə ən böyük sübut kimi qiymətləndirildi. Bəli, bu gün Parlament çoxpartiyalı əsaslarla formalaşıb. İndiki Milli Məclis azad və demokratik seçki mühitinin məhsuludur. Bu da ölkəmizdə siyasi sistemin təkmilləşdirilməsi deməkdir. İndiki Milli Məclisdə müxalifət partiyalarının nümayəndələri rəhbərlikdə, o cümlədən komitələrin rəhbərləri olaraq təmsil olunur, qəbul olunan qanunların müzakirəsində yaxından iştirak edirlər. Əslində belə bir şəraitdə, Milli Məclisdəki mövcud demokratik ab-havada fəaliyyət göstərmək qanunların qəbulunda da əksini tapır. Partiyalar arasında dialoqun aparılması siyasi islahatların genişlənməsini, sağlam mühitin formalaşmasını təmin edir. Prezident Administrasiyasında siyasi qüvvələrin rəhbərləri ilə görüşlərin keçirilməsi, ictimai-siyasi məsələlərin həllində birgə iştirak ölkədə aparılan islahatlara da öz müsbət təsirini göstərir. Parlamentdəki çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq. Çoxpartiyalı sistemin inkişafı naminə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır. Ölkədə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır. Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində. Çünki parlamentin əsas işi qanunvericilikdir”.
Deputat bildirib ki, indiki reallıqlar yeni qanunların hazırlanmasını zəruri edir: “Bunun üçün bütün siyasi qüvvələrin birgə təşəbbüsləri lazımdır. Azərbaycanda həyata keçirilən islahatların daha da genişlənməsi və dərinləşməsi üçün müvafiq qanunlar qəbul edilməli, müasir dövrün tələblərinə uyğun olaraq daim yenilənməli və təkmilləşdirilməlidir. Bütün bunlarla yanaşı ölkəmizdə aparılan islahatlardan sonra əldə etdiyimiz uğurların davamlı olmaması üçün xaricdəki bəlli dairələr tərəfindən Azərbaycana qarşı beşinci kolonun yaradılması istiqamətində işlər gedir. Prezident çıxış edərkən bu məsələyə də toxundu: “İndiki beşinci kolon öz sahiblərinin etimadını doğrultmur. Ona görə də yeni beşinci kolon axtarışı gedir. Bu yol xəyanət yoludur. Bu, iqtidara qarşı deyil, bu, dövlətə qarşı edilən cinayətdir. Ona görə də bütün siyasi qüvvələr, xüsusən də yeni formalaşan Milli Məclis ayıq-sayıq, həm də mənəvi cəhətdən qüsursuz olmalıdırlar”. Bəli, Azərbaycanımızın inkişafını, islahatların davamlılığını istəyiriksə qüsursuz olmalı, həm də ölkəmizə qarşı aparılan kampaniyaların təsirini minimuma endirmək üçün gücümüzü səfərbər etməli, daha çox çalışmalıyıq”.