PDF Oxu

Siyasət

  • 2 689

Qo Min: “Çin və Azərbaycan arasında əməkdaşlıq sürətlə inkişaf edir” - EKSKLÜZİV

Qo Min: “Çin və Azərbaycan arasında əməkdaşlıq sürətlə inkişaf edir” - EKSKLÜZİV

Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qo Min “SƏS” İnformasiya Agentliyinə eksklüziv müsahibə verib.

- Azərbaycanla Çin arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü qeyd ediləcək. Siz Azərbaycan-Çin münasibətlərinin hazırkı vəziyyətinə dair nə deyə bilərsiniz? Çinin xarici siyasətində Azərbaycanla bağlı mövqeyi necədir?
- Son illər Çin Xalq Respublikasının Sədri Si Cinpinin və Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi qayğısı və köməyi sayəsində ikitərəfli dostluq və əməkdaşlıq münasibətləri müsbət tendensiyanı qoruyub saxlayıb. Ölkələr davamlı olaraq siyasi qarşılıqlı etimadı dərinləşdirir, “Bir kəmər, bir yol”un birgə qurulmasında möhkəm əməkdaşlıq edir və beynəlxalq əməkdaşlığı getdikcə gücləndirirlər. Hər iki tərəf əsas maraqlara və işlərə aid məsələlərdə bir-birini qətiyyətlə dəstəkləyir və iki ölkənin əsas maraqlarını qətiyyətlə müdafiə edir. Yeni növ koronavirus infeksiyasına qarşı birgə mübarizə prosesində Çin və Azərbaycan müvəqqəti çətinlikləri birgə aradan qaldırır, bir-birinə dərin mənəvi dəstək və vaxtında maddi yardım göstərir, təcrübə mübadiləsi aparır. Dost çətin vəziyyətdə tanınır və ölkələrimiz arasında epidemiyaya qarşı beynəlxalq əməkdaşlığın birgə təşviqi bu sözlərin dərinliyini və həqiqətini tam əks etdirir.

- Azərbaycan və Çin arasında “İpək Yolu İqtisadi Kəməri”nin reallaşdırılmasına dair Anlaşma Memorandumu imzalanıb. “Bir kəmər, bir yol” layihəsi çərçivəsində iki ölkə tərəfindən əldə edilən irəliləyişi necə qiymətləndirirsiniz? “Bir kəmər, bir yol” layihəsi çərçivəsində əməkdaşlıq üçün hansı sahələr prioritet təşkil edəcək?
- Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə cavab verən və onu tam dəstəkləyən ilk ölkələrdəndir. Azərbaycanın “Böyük İpək Yolunun Dirçəlişi” milli inkişaf strategiyası Çinin “Bir kəmər, bir yol”un birgə tikintisi konsepsiyası ilə yüksək səviyyədə uzlaşır. Son illər iki dövlət başçılarının şəxsi qayğısı və köməyi ilə Çin və Azərbaycan arasında “Bir kəmər, bir yol”un birgə tikintisi davamlı inkişaf əldə edib. Ötən ilin iyununda Çin Xalq Respublikasının sədri Si Cinpin Prezident İlham Əliyevlə telefon danışığında vurğulamışdı ki, Çin “Bir kəmər, bir yol”un birgə tikintisində Azərbaycanı mühüm tərəfdaş hesab edir və onunla imkanları bölüşməyə, ümumi inkişaf üçün səy göstərməyə, təşəbbüs çərçivəsində əməkdaşlığı birgə planlaşdırmağa və təşviq etməyə hazırdır.
Tərəflər İqtisadi və Ticarət Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya yaradıb. Keçirilən səkkiz görüş zamanı ticarət-iqtisadi sərmayələr, nəqliyyat və logistika, rabitə və yüksək texnologiyaları sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsinə dair çoxsaylı razılaşmalar əldə edilib. Ölkələrimiz arasında ticarət dövriyyəsi durmadan artır, onun həcmi rekord həddi 2 milyard dolları ötüb. Çin Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşı və idxal olunan məhsulların üçüncü ən böyük mənbəyi olaraq qalır. Çindən birbaşa Azərbaycana və Azərbaycandan keçməklə Avropaya 10 Çin-Avropa yük qatarı hərəkət edir və beləliklə, iki ölkə arasında məhsul növləri üzrə əmtəə ticarəti daha da müxtəlifləşib.
Çin Xalq Respublikası və Azərbaycan Respublikası arasında neft və qazın kəşfiyyatı və hasilatı, sənaye parklarının tikintisi, rəqəmsal ekologiya, aerokosmik və digər sahələrdə iri layihələrdə əməkdaşlıq sürətlə inkişaf edir. Çinin Azərbaycana iqtisadi və texniki yardım layihələri uğurla həyata keçirilir. Bunlar mobil elektrik stansiyaları üçün avadanlıqların ötürülməsi, suyun idarə olunması üçün suvarma avadanlıqları və elektron məlumat bazalarının yaradılması kimi layihələrdir.
Azərbaycan Çinin müxtəlif böyük və əhəmiyyətli Çin İdxal və İxrac Mallarının Kanton Sərgisi, Çin Beynəlxalq Xidmət Ticarət Sərgisi və Çin-Avrasiya EXPO kimi tədbirlərində fəal iştirak edir. Ölkələr arasında ticarət və iqtisadi mübadilələr getdikcə artır. Çin Azərbaycandan yüksək keyfiyyətli məhsullar idxal etməyə, nəqliyyat və logistika sahəsində beynəlxalq əməkdaşlığı dərinləşdirmək üçün infrastruktur tikintisi və digər sahələrdə əməkdaşlığı inkişaf etdirmək üçün Çin müəssisələrini Azərbaycana sərmayə qoymağa təşviq etməyə, nəqliyyat və logistika sahəsində beynəlxalq əməkdaşlığı dərinləşdirmək, Avrasiya Nəqliyyat Dəhlizinin tikintisini təşviq etmək, regional əməkdaşlığın səviyyəsini yüksəltmək, iki ölkənin sosial-iqtisadi inkişafını və rifahını təmin etməyə hazırdır. Bu da öz xalqlarımız üçün faktiki faydalar yaradır.

- Bu il Çin Xalq Respublikasının yaradılmasının 73-cü ildönümü qeyd olunur. Son illər ərzində Çinin iqtisadiyyatında baş vermiş inkişafın fəlsəfəsində nə dayanır?
- Xalqı birləşdirən və ona rəhbərlik edən Çin Xalq Respublikasının yaranmasından ötən 73 il ərzində Çin Kommunist Partiyası uzun və gərgin mübarizə apararaq, dövlət quruculuğunda, inkişafında və xalqın həyatının yaxşılaşdırılmasında parlaq uğurlar qazanıb. Çin müəyyən edilmiş vaxt çərçivəsində firavan cəmiyyəti hərtərəfli qurmaq məqsədinə vaxtında nail olub, mütləq yoxsulluq üzərində qələbə qazanıb və indi modernləşmiş sosialist dövlətinin hərtərəfli qurulmasının yeni yoluna qədəm qoyub. Sərt beynəlxalq şərait və pandemiya fonunda çətin daxili mühitlə üzləşən Çin hökuməti iqtisadi vəziyyət üçün elmi həllər təqdim etdi. Çin Xalq Respublikasının Sədri Si Cinpin innovasiya, koordinasiya, ətraf mühitə uyğunluq, açıqlıq və inkişafın bəhrələrinə universal çıxışla səciyyələnən yeni inkişaf konsepsiyalarını irəli sürüb.
O, həmçinin daxili iqtisadiyyatın sütun olduğu, daxili iqtisadiyyatla beynəlxalq iqtisadiyyatın bir-birini tamamladığı yeni “ikili dövriyyəli” inkişaf modelinin yaradılmasının sürətləndirilməsinin vacibliyini vurğulayıb. Bu da öz növbəsində həqiqətən yüksək keyfiyyətli iqtisadi inkişafı təşviq edəcək, ölkənin sosial-iqtisadi inkişafında tarixi dəyişiklik yaradacaq, onu yeni tarixi zirvələrə çatdırmaq, risk və çağırışlara qarşı güclü müqavimətini təmin edəcək. Hazırda Çinin iqtisadi inkişaf dinamikası ümumilikdə müsbətdir.
2021-ci ildə Çinin ÜDM-i 8,1% artaraq dünya iqtisadiyyatının 18%-ni təşkil edib. Daxili və xarici iqtisadi mühitdəki dəyişikliklərin yaratdığı böyük təzyiqə baxmayaraq, Çin iqtisadiyyatının əsasları dəyişməz qaldı. Onlar sabitlik, güclü potensial, uzunmüddətli inkişaf ilə xarakterizə olunur. Biz Çinin iqtisadi gələcəyinə əminik.

- Azərbaycan-Çin münasibətlərinin intensivləşməsinə təsir göstərən ən mühüm faktorlardan biri də iki ölkə rəsmilərinin qarşılıqlı səfərləridir. Azərbaycanın müstəqilliyinin ilk illərində Ümummilli Lider Heydər Əliyev, 2005 və 2015-ci illərdə isə Prezidenti İlham Əliyevin Çinə rəsmi səfərləri baş tutub. Bu səfərlərin iki ölkə arasında siyasi və iqtisadi münasibətlərin inkişafında hansı rolu oynayıb, hansı dəyişikliklər baş verib?
- Çin və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasından keçən 30 il ərzində iki dövlət başçısının yüksək səviyyəli planlaşdırması və strateji rəhbərliyi sayəsində Çin-Azərbaycan dostluq və əməkdaşlıq münasibətləri əlverişli inkişaf tempini qoruyub saxlamışdır. Ölkələr müxtəlif sahələrdə qarşılıqlı əlaqələri davamlı olaraq dərinləşdirir ki, bu da ölkələrin öz xalqlarına həqiqətən xeyir verir. Ötən 30 ildə ikitərəfli münasibətlərin inkişafına nəzər saldıqda deyə bilərik ki, tərəflər ardıcıl olaraq yüksək səviyyəli mübadilələri qoruyub saxlamış, siyasi qarşılıqlı etimadı yorulmadan möhkəmləndirmişlər. Azərbaycanın dövlət rəhbərləri üç dəfə - 1994, 2005 və 2015-ci illərdə Çinə səfər ediblər.
2019-cu ildə Azərbaycana Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin Sədri Li Canşu rəsmi, Çinin Xarici İşlər naziri Vanq Yi və Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sun Taonun rəhbərlik etdiyi nümayəndə heyəti isə işguzar səfər ediblər. COVID-19-un başlanmasından bəri Çin və Azərbaycan arasında yüksək səviyyəli səfər mübadiləsinin müvəqqəti dayandırılmasına baxmayaraq, dövlət başçıları və müxtəlif səviyyəli liderlər ikitərəfli əməkdaşlığın xüsusi tədbirlərinin və mühüm gündəmlərinin qeyd olunması münasibətilə məktublar mübadiləsi aparıblar.
2021-ci ilin iyununda Çin Xalq Respublikasının Sədri Si Cinpin və Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub, onlar ikitərəfli münasibətlər və müxtəlif sahələrdə əməkdaşlıq haqqında geniş fikir mübadiləsi aparıb, mühüm razılaşmalar əldə ediblər, Çin-Azərbaycan münasibətlərinin gələcək inkişafı istiqamətlərini birgə qeyd edərək, ölkələr arasında dostluq və əməkdaşlığın yeni səviyyəyə yüksəlməsinə töhfə veriblər.
Bu yaxınlarda Azərbaycan Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov Çində səfərdə olub və Pekin-2022 Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimində iştirak edib. Onun səfərinin məqsədi iki ölkə arasında idman sahəsində əməkdaşlıq və partiyalararası mübadilələri daha da aktivləşdirməkdir. Çin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü Azərbaycanla yüksək səviyyəli mübadilələri daha da gücləndirmək, siyasi qarşılıqlı etimadı dərinləşdirmək, müxtəlif sahələrdə praktiki əməkdaşlığı gücləndirmək və Çin-Azərbaycan münasibətlərində yeni eranın başlaması üçün birgə səylər göstərmək fürsəti kimi qəbul etməyə hazırdır.

- İki ölkə arasında mədəni əlaqələrin perspektivlərini necə qiymətləndirisiniz? Turizm əlaqələrini inkişaf etməsi üçün nə etmək lazımdır?
- Son illər Çin və Azərbaycan arasında mədəniyyət sahəsində mübadilə və əməkdaşlığın daim dərinləşməsi səmərəli nəticələr verib. İki ölkənin səlahiyyətli mədəniyyət orqanları, ədəbi-bədii qurumları ənənəvi mədəniyyətin təbliği, mədəniyyət və təhsil mübadilələri sahəsində sıx əlaqələr saxlayır, qarşılıqlı səfərlər, mədəni tədbirlər və elmi seminarlar kimi müxtəlif formalarda mədəni irsin qorunmasında geniş əməkdaşlıq edirlər. Xariclə Dostluq üzrə Çin Xalq Cəmiyyəti, Sun Çinlin Fondu, Çin Xalq Diplomatiyası Elmi Cəmiyyəti, Çin Xalq Diplomatiyası Assosiasiyası, Çin Şanxay Əməkdaşlıq Təşkilatının Mehriban Qonşuluq və Dostluq Əməkdaşlıq Komitəsi və digər Çin təşkilatları Heydər Əliyev Fondu və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə yaxşı əməkdaşlıq əlaqələri qurub, müntəzəm qarşılıqlı fəaliyyət mexanizmləri formalaşdırıblar. Onlar ikitərəfli işgüzar səfərləri, elmi konfransları, gənclər mübadiləsi və dialoq qruplarının görüşlərini, müxtəlif mədəni fəaliyyətləri birgə təşviq edir, iki ölkə arasında mədəni qarşılıqlı əlaqəni səmərəli şəkildə təşviq edirlər. Çin ölkələr arasında mədəni əməkdaşlığın hazırkı vəziyyətini yüksək qiymətləndirir və onun gələcək inkişaf perspektivlərinə əmindir.
Çin və Azərbaycan zəngin tarixə və geniş turizm resurslarına malikdirlər. Azərbaycan hər il çoxlu sayda xarici turistləri cəlb edən bir çox görməli yerləri və təbiət qoruqları ilə məşhurdur. Azərbaycan xaricə səyahət edən çinli turistlər arasında getdikcə populyarlaşır. 2019-cu ildə Azərbaycana 20 mindən çox çinli turist gəlib ki, bu da rekord göstəricidir. Epidemiya qlobal turizm sənayesinə böyük ziyan vurub, eyni zamanda turizmin transformasiyası üçün yeni imkanlar yaradıb. Çin iki ölkə arasında turizmin keyfiyyətcə inkişafını birgə təmin etmək məqsədilə bu sahədə əməkdaşlığın dərinləşdirilməsi, epidemiyaya qarşı əməkdaşlığın gücləndirilməsi, virtual turlar və bulud texnologiyaları üzrə sərgilər kimi turizmin innovativ formalarının təşviqi üçün Azərbaycanla birgə səylər göstərməyə hazırdır.

Digər xəbərlər