PDF Oxu

Siyasət

  • 3 037

Gənclərin islahatlar nəticəsində irəli çəkilməsi siyasi sistemimizi daha da gücləndirəcək

Gənclərin islahatlar nəticəsində irəli çəkilməsi siyasi sistemimizi daha da gücləndirəcək

Azərbaycanın dövlət idarəetməsində təsadüfi, sistemsiz, düşünülməmiş və yoxlanılmamış heç bir addıma rast gəlmək mümkün deyil. Son 18 ildə həyata keçirilmiş çoxistiqamətli siyasətin nəticəsində biz dünyada qalib xalq kimi yaşamaq hüququ əldə etmişik. Bir zamanlar çətin, hətta mümkünsüz görünən işlər ancaq sistemli və hər tərəfli icra olunan islahatlar hesabına mümkün olmuşdur. İndi dünyada ərazisi və əhalisi bizdən qat-qat böyük dövlətlərin necə çarəsiz qaldığını görəndə xalqımızın müdrik seçimini, Ali Baş Komandanın isə uzaq görən siyasətini dəstəklədiyimizə görə qürur duyuram. Döyüş meydanında dövlət başçımızın doğru qərarları ilə xalqımız qalib gəldi.Böyük zəfərlər, uğurlar yorulmaz əməyin və əzmkarlığın nəticəsində mümkündür. Bütün sahələrdə həyata keçirilmiş islahatlar mütləq siyasi sferaya sıcramalı və siyasətimizi də əhatə etməli idi. Növbədənkənar parlament seçkiləri zəruri həyata keçirilməli islahatlar olaraq dövlətimizin qarşısında dayanırdı. Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verdi. Yeni hədəflər formalaşmalı və ölkənin bütün təbəqələrini, sosial qruplarını təmsil edən parlament özünü yeniləməli idi. Bu yenilənmə yalnız yeni üzvlər demək deyil idi. Həm rəhbərlik, həm də idarəetmənin məzmunu dəyişməli idi. Müxalifət partiyalarının nümayəndələrinin seçkilərdə iştirak edərək altıncı çağırış Milli Məclisin və onun komitələrinin rəhbərliyində təmsil olunması ölkəmizin demokratiya istiqamətində atdığı önəmli addımlardandır. Bu addım Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, cəmiyyətimizdə siyasi partiyalar arasında münasibətləri sağlam zəmində gücləndirməyə hesablanıb.Radikal müxalifət nümayəndələri siyasi partiyalara dövlət dəstəyi ilə bağlı həqiqəti əks etdirməyən ittihamları irəli sürürdülər. Halbuki özlərinin şəxsi və partiya maraqlarını dövlət maraqlarından üstün tutan kəslərin dövlətdən nə isə tələb etməsi qəbul olunmazdı. Ölkə xaricində qərb ölkələrinin dəstəyi və maliyyəsi ilə anti-Azərbaycan qüvvələrini yaratmaq istəyirlər. Bu cəhdlər həmişə olub. Biz düzgün və milli siyasətimizin nəticəsində bunların qarşısını ala bilmişik. Biz haqlıyıq və bu səbəbdən qalibik. Müşahidələrimiz və əldə olunan kifayət qədər əsaslı dəlilər deməyə imkan verir ki, yeni beşinci kolonun yaradılması istiqamətində gərgin iş aparılır. Milli duruşa malik mübariz xalqımız bundan əvvəlki xəyanətkarları təsbit edib kənarlaşdıra bildi. Mövcud beşinci kolon öz sahiblərinin etimadını doğrultmur. Yeni beşinci kolon axtarışı gedir. Bu yol xəyanət yoludur. Bu, iqtidara qarşı deyil, bu, dövlətə qarşı edilən cinayətdir. Xalq öz hakimiyyətini, Prezidenti seçib və rəhbər müdrik xalqımızı bütün təhlükələrdən qoruyub zəfərlərə doğru aparmaqdadır. Xalqın iradəsinə qarşı gəlmək, onu qəbul etməmək milli zəmində xəyanətdir.Milli maraqlara xidmət edən və vahid maraqlar ətrafında birləşən siyasi qurumlara dövlətin zəruri dəstəyi yeni mərhələdə daha da artmışdır. Iki il əvvəl yeni parlamentin açılışında öz fikirlərini ifadə edən dövlət başçısı siyasi partiyaların inkişafını dəstəkləmişdir. Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevin və digər rəsmi şəxslərin bu siyasi qurumları dinləməsi və lazımi dəstək verməsi siyasi islahatların təzahürü hesab olunmalıdır. Artıq bir çox siyasi partiya mənzil qərargahla təmin olunub, onların rahat fəaliyyəti üçün bütün texniki vasitələri vardır. Vətən Müharibəsi dövründə ölkənin siyasi palitrasında yer alan əksər siyasi partiyaların dövlətimizə və dövlət başçımıza verdiyi dəstək həyata keçirlmiş siyasi islahatların nəticəsidir. Ölkə Prezidenti cənab İlham Əliyevin və hakim siyasi partiya olan YAP – ın milli bütövləşmə prosesində rolu, xidmətləri müstəsnadır. Məhz cənab Prezidentin siyasi iradəsi nəticəsində siyasi islahatlar uğurla davam etməkdədir. Əslində ölkə başçısının mahiyyətdə olmasa da, faktiki rəqibləri hesab oluna biləcək siyasi qurumlara səmimi dəstəyi onun necə böyük bir siyasi xadim olduğuna sübutdur. Cənab Prezidentin xalqın yanında olan hörməti və ehtimadı siyasi islahatların da əsasını təşkil edir.Siyasi islahatlar özlüyündə kadr islahatlarını da ehtiva etməkdədir. Yeni dünya çağırışları ilə ayaqlaşmayan, yeni reallıqların yaraqtdığı gerçəklikləri mənimsəməyən kadrlar tamami ilə sistemdən kənarlaşmışlar. Yeni formalaşan ləyaqətli və vətənpərvər gənclərin islahatlar nəticəsində irəli çəkilməsi siyasi sistemimizi daha da gücləndirəcəkdir. Gənclərin siyasi islahatların tərkib hissəsi olması böyük tarixi hadisədir. Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Bu gənclərin dövlət idarəetməsində təmsil olunması və hətta parlamentdə deputat kimi fəaliyyət göstərməsi İlham Əliyev zəkasının təzahürüdür. Ona görə gənclərin təhsillərinin, şəxsi inkişaflarının, asudə vaxtlarının səmərəli təşkilinin, onların fəal işə cəlb edilmələrinin, vətənpərvərlik ruhunda tərbiyə edilmələrinin qarşısında olan bütün əngəllər aradan qaldırılmalı və bu istiqamətdə qanunvericilikdə müsbət dəyişikliklər edilməlidir. Gənclər milli ruhda tərbiyə almalı və xarici təsir altına düşməməlidirlər. Ölkəmiz inkişaf etdikcə qara qüvvələr ilk olaraq gəncləri hədəf kimi seçirlər. Gənc, təcrübəsiz bəzən isə müəyyən məsələlərdə dərindən düşünməyən bir sıra gənclər cəmiyyəti ucuruma da apara bilərlər.Son zamanlar dünyada, dırnaqarası demokratiya beşiyi sayılan Avropada nələr baş verir hamımız görürük. Yenə də regional faktor olan Türkiyə, Azərbaycan sülhün bərqərar olması üçün əməkdaşlıq edirlər. Qərb növbəti dəfə imtahandan kəsilmişdir. Azərbaycanın siyasəti situativ deyil. Bu kimi məqamları nəzərə alan ölkəmiz dayanıqlı və hər vəziyyətə hesablanmış xarici siyasət kursu həyata keçirir.Hücum diplomatiyasının müsbət və məhsuldar nəticələrini biz Vətən Müharibəsi ərəfəsində bariz gördük. Cəmi bir neçə il əvvəl bizi dəstəkləməyənlərin neytral, neytral olanların isə bizi dəstəklədiyini müşahidə etdik. Beynəlxalq fəaliyyətin, dövlətlər, müxtəlif dövlətlərin siyasi partiyaları və parlamentlərarası əməkdaşlığın səmərəliliyi artırılmalıdır. Bu gün ölkəmiz ən vacib beynəlxalq görüşlərin arzuolunan qonağıdır. Bir birinə əks olan qütbləri biz eyni maraqların ətrafında birləşdirə bilirik. Dünyada İlham Əliyevin siyasi istedadı nəticəsində sülhə və əməkdaşlığa ciddi töhvələr vermişik. Lakin bizim inkişafımızı qəbul etməyən, biz siyasi fiqur kimi ciddi addımlar atdıqca, daha çox söz sahibinə çevirildikcə bundan narahat olan qüvvələr, təşkilatlar, hətta dövlətlər də az deyildir. Bizə qarşı əsassız yanaşmlara var, bizə qarşı ittihamlar irəli sürülür. Çünki biz azad xarici siyasət həyata keçiririk. Milli maraqlarımızı, dövlət maraqlarımızı digər bütün maraqlardan üstün tuturuq. Biz hər yerdə mübariz olmalıyıq. Əsassız ittihamların və iddiaların qarşısında məğrur olmaq lazımdır. Necə ki, cənab Ali Baş Komandan döyüş meydanında öz ordusu ilə düşmənə qarşı məğrur dayanmışdı. Biz dövlət, xalq qarşısında yaxşı olmalıyıq. Hesab edirəm ki, Cənab Prezidentin də siyasi islahatlarının əsas məzmunu bundan ibarətdir.

Ənvər Haqverdiyev
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının əməkdaşı

Digər xəbərlər