“Yeni Azərbaycan Partiyasının (YAP) ötən il martın 5-də keçirilmiş VII qurultayda partiyamızın Sədri, Prezident İlham Əliyevin proqram xarakterli çıxışı zamanı toxunduğu məsələlər əsasən siyasi sahədə əldə edilən uğurların daha da inkişaf etdirilməsinin ən mühüm istiqamətlərini göstərmiş oldu. Yarandığı 29 ildən artıq müddətdə YAP Ulu Öndər Heydər Əliyevin təyin etdiyi və son 19 ildə Prezident İlham Əliyevin təkmilləşdirdiyi və yeni çağırışlara uyğun olaraq modern formada inkişaf etdirdiyi iqtidar partiyası olaraq ölkəmizin siyasi həyatının, o cümlədən cəmiyyətin bütün təbəqələri, ayrı-ayrı siyasi partiyalar arasında sağlam münasibətlərinin formalaşmasını, demokratik ab-havanın yaranmasını qüsursuz olaraq təmin edib”. Bunu açıqlamasında Milli Məclisin deputatı, YAP-ın Təftiş Komissiyasının üzvü Aydın Hüseynov deyib.
A.Hüseynov bildirib ki, YAP-ın sədri, Prezident İlham Əliyev çıxışı zamanı partiyanın VII qurultayını ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə kimi səciyyələndirdi: “Partiyamızın sədri İlham Əliyev onu da vurğuladı ki, Yeni Azərbaycan Partiyası təkcə Azərbaycanın yox, o cümlədən Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır: “Partiyamızın böyük ənənələri var. Qeyd olunduğu kimi, biz gələn il, partiyamızın 30 illik yubileyini keçirəcəyik. Hesab edirəm ki, partiya yeniləşmiş formatda, o cümlədən rəhbər orqanlarında təmsil olunan namizədləri nəzərə alsaq daha fəal olacaq, ölkə qarşısında duran problemləri daha fəal icra edəcəkdir”. Bəli, VII qurultay həm də ona görə yaddaqalan oldu ki, YAP-ın yeni Nizamnaməsi təsdiq olundu, İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası seçildi və bir sıra siyasi partiyaların Yeni Azərbaycan Partiyasına qoşulmasına dair müraciətlərinə baxıldı. Prezidentimiz çıxışında partiyanın perspektiv xarakterli hədəflərini də diqqətə çatdırdı və bunu partiyanın tarixində yeni inkişaf mərhələsinin başlanğıcı kimi dəyərləndirdi. Partiyanın tarixinə nəzər salan Cənab Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin əsəri olan Yeni Azərbaycan Partiyasının dövlətin inkişafında, ictimai-siyasi hadisələrin normal məcraya yönəldilməsində, ölkəmizin təhlükəsizliyinin təmin edilməsində, Cənubi Qafqazda sabitliyin, sülhün qorunub saxlanmasında mühüm və əvəzolunmaz rola malik olduğunu bir daha vurğuladı. Bəli, Heydər Əliyevin ölkə həyatı üçün çətin zamanlarda, daxili və xarici düşmənlərin aktivləşdiyi, artıq təhlükəyə çevrildiyi bir dönəmdə ağır hakimiyyət yükünü çiyinlərinə alması, xalqımızın xilaskarına çevrilməsi Azərbaycan tarixinin şanlı, şərəfli səhifələrindəndir. Siyasi mənsubiyyətindən asılı olmayaraq xalqımızın bütün nümayəndələri Heydər Əliyevin hakimiyyətə yenidən gəlişini, qayıdışını təkcə Azərbaycanın yox, bütün regionun, Cənubi Qafqazın təhlükəsizliyinə qarşı təhdidlərin sona çatması kimi qəbul edirlər. Bütün Qafqazı terrorla hədələyən, ölkələrin suveren hüquqlarına, dünya birliyi tərəfindən tanınan ərazilərinə qarşı təhlükə mənbəyi hesab edilən, qonşularını müharibə ilə hədələyən erməni faşizminin neytrallaşdırılmasında Ulu Öndərimizin rolu çox böyükdür. Məhz belə bir hərbi-siyasi qarşıdurmaların tüğyan etdiyi bir dövrdə YAP yarandı, siyasət meydanında öz varlığını sübut etdi və qısa müddət ərzində iqtidar partiyası oldu”.
Millət vəkili qeyd edib ki, qurultayda Cənab İlham Əliyevin də dediyi kimi, Ümummilli Liderimiz Heydər Əliyevi xalqımıza sevdirən də Onun siyasi fəaliyyəti, titanik əməyidir: “Heydər Əliyev ilk dəfə Azərbaycana rəhbər vəzifəyə gəldiyi vaxt ölkəmizdə vəziyyət, insanların həyat şəraiti acınacaqlı idi, inkişafda əsər-əlamət yox idi. 1969-cu ildən sonra isə ölkə həyatında canlanma baş verdi. 1970-1980-ci illərin əvvəllərində Heydər Əliyevin gördüyü işlər öz sözünü dedi. Azərbaycan hər ili çox yüksək göstəricilərlə başa vurdu. Ulu Öndərimizin ikinci dəfə hakimiyyətə gəlişi isə ölkəmizin əldə etdiyi ikinci şansın itirilməsi təhlükəsindən xilas etdi. Bu gün ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi altında uğurlara imza atır. Azərbaycan dünya birliyində layiq olduğu yerlərdədir. Ölkəmizin qoşulmadığı, dəstəkləmədiyi heç bir regional layihənin həyata vəsiqə almaq ehtimalı yoxdur. Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub xəttlərinin kəsişməsində, unikal mövqedə yerləşməsi onun bu və ya digər məsələlərə təsir imkanlarını da genişləndirir. Ən əsası isə Cənab İlham Əliyevin yürütdüyü daxili, xarici siyasət regionda qüvvələr balansının Azərbaycanın tərəfində olmasını təmin edir ki, bu da “regionun lider ölkəsi” kimi bizim statusumuzu möhkəmləndirib. İqtisadi müstəqillik həm hazırlıq baxımından, həm siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərtdir”.