Dilimizin qrammatik xüsusiyyətlərinə ağır zərbə: twk, ncsn, slm, yaxwı, inwellah, yoxsa...
Müasir dövr həyatımıza bir-birindən rəngarəng “müasirliklər” qatıb. Həmin “müasirliklər” artıq bizi narahat etməyə bilməz. Vəziyyət günü-gündən daha da gərginləşir. Övladlarımız dilimizi, adət-ənənələrimizi unudur, milli mentalitetimizə uyğun olmayan hərəkətlər edirlər. Kimdir günahkar? Valideynlər bunu cəmiyyətdə görür, cəmiyyət isə ilkin tərbiyə ocağı olan ailələrdə, məktəblərdə. Hələlik, günahı bir-birimizin üzərinə ata-ata həyatı davam etdiririk. Lakin günlərin birində elə vəziyyətlə qarşılaşacağıq ki, onda artıq gec olacaq. O vəziyyətdən nə ailələr, valideynlər, məktəblər, müəllimlər, nə də cəmiyyət yaxa qurtara bilməyəcək. Bu, bir gerçəkdir. Həmin gerçəyə aparan çoxşaxəli yolun birindən - bugünkü gənclərimizin sosial şəbəkələrdə yazı mədəniyyətindən danışmaq istəyirəm. Yazı deyiləndə ki, indi artıq yazı mədəniyyəti, savadı, qabiliyyətindən söz açmaq ürək ağrıdır. Bu, hamının bildiyi, göz önündə olan məsələdir. Bəs yazı mədəniyyətinin bu vəziyyətə düşməsinin səbəbləri nələrdir?
Məktəblərdə inşa, imla, ifadə, yazı işləri azalıb
Başlıca səbəblərdən biri budur. Maraqlıdır, nə üçün məktəblərimizdə inşa, imla, ifadə kimi yazı işlərindən əl götürürük? Bəli, təhsildə yeniliklər edirik. Çox yaxşı. İnşa, imla, ifadələr bu yeniliklərin yerini nə üçün dar edir, bunu anlamıram. Olmazdı ki, həmin yeniliklərlə yanaşı, uşaqlarda yazı mədəniyyətinin formalaşması vasitələrini də əlimizdə əvvəlkitək saxlayaq? Saxlamadıq. Nəticə isə göz qarşısındadır. Gəlin məktəblilərə bir abzaslıq yazı yazdıraq. Birinci onların dəst-xəttinə fikir verək, az yazmaqdan bu, yoxa çıxıb. İkinci sözlərin düzgün yazılışına baxaq, hərf səhfi nə qədər istəsən. Lap yuxarı sinif şagirdlərinə sərbəst bir yazı tapşıraq. Görəcəyik ki, onlar fikirlərini ifadə etməkdə çətinlik çəkirlər, mürəkkəb demirəm, sadə cümlə qura bilmir, xəbərlə mübtədanın yerini səhv salırlar. Elə söhbətin bu yerindəcə ədəbiyyat müəllimimizin sinifə daxil olub, “Yığışdırın kitab, dəftəri, imla yazacağıq”,- sözləri qulaqlarımda çınlayır. Bax, bu imlalarla bacarıqlar, qabiliyyətlər, düzgün yazı mədəniyyəti formalaşırdı. Yazırdıq, müəllim yazını yoxlayır, sonra özümüzə oxutdururdu. Beləliklə, budəfəki səhvləri gələn dəfə təkrar etmirdik. Dilimizin orfoqrafiya lüğətindəki sözlərin düzgün yazılış qaydasını əzbər bilirdik. Bizə inşa tapşırılırdı, üç plandan ibarət olurdu. Bir inşa üçün verilən mövzu haqqında müfəssəl məlumat toplayıb sonra yazmağa başlayırdıq. Bilirdik ki, necə başlayıb, necə bitirməliyik. Müas ir dövrümüzdə hələ başqa sahələrdə çalışanları demirəm, təhsilli gənc jurnalistlərin yazılarını redaktə edənlər bilir onların yazını necə başlayıb, necə bitirməsindəki çətinlikləri. Digər səbəb isə məktəbdən sonrakı həyatımızda gözümüzü ayırmadığımız telefonlardır. Həm sağlamlığımızı, həm də dilimizin düzgün orfoqrafik qaydalarını əlimizdən alan telefonlar. Məktublaşırıq, yəni “yazışırıq”. Heç özümüz də bilmirik, nə yazırıq, nə pozuruq. Necə yazırıq, nə yazırıq. Təhsillimiz də, təhsilsimiz də eyni yazı formasından istifadə edir. Artıq cəmiyyətdə yeni yazı qaydaları müəyyənləşib. Çox təəssüf ki, onlar artıq bu yazı qaydaları ilə bir-birilərini çox yaxşı anlayırlar. Söhbətin bu yerində isə ötən illərin məktublarını xatırlayıram...
Heyif o məktublardan
Məktublar, məktublar... ötən illərin tarixə qovuşan saralmış vərəqləri. Həsrətliləri qovuşduran, uzaqdakıları yaxınlaşdıran, ürəkləri birləşdirən məktublar. Həmçinin, insanların yazı mədəniyyətini formalaşdıran, onlara düzgün yazmaq qabiliyyəti aşılayan, səmimiliyini artıran məktublar. Texnoloji inkişafın qeyri-operativ adı ilə sıxışdırıb sıradançıxmaya məruz qoyduğu sosial itki. Son cümlə ilə razılaşmaq olar. Sürətli internet həyatımızın ayrılmaz hissəsinə çevrilən andan əksər insanlar məktub yazıb, ünvan axtarıb, günlərlə gözləri yolda cavab gözləməzdi. Bu, təbiidir. Söz yox ki, məktubların nə olduğunu məktub yazanlar bilər. Məktubları xatırlamaqda məqsədim indi onların yerini alan sosial ünsiyyət vasitələrindən söhbət açmağımla əlaqədardır. Yerini alan anlamı isə yalnız texnoloji cəhətdən ola bilər. Çünki hələ indi də çoxumuzun ən əziz əşyamız kimi qoruduğumuz, hərdən açıb oxuyarkən o illərə qayıtdığımız, saralmış vərəqlərə bəzən göz yaşlarımızın, bəzən sevincımızın, xoş günlərimizin hopduğu və heç nəyin onların yerini verə bilmədiyi məktublarlarımız var.
Həyəcan təbili çalmağın vaxtıdır, dilimizin qrammatik xüsusiyyətləri əldən gedir
İndi ancaq rəsmi yazışmalarda məktubdan istifadə olunur. Digər məktubların yerini isə sosial şəbəkələrdə paylaşılan, “ömrü” qısa yazışmalar alıb. Təbiidir, zaman dəyişir, cəmiyyət müasirləşir, həyatımıza yeniliklər daxil olur. Lakin gəlin etiraf edək ki, bu yeniliklərdən düzgün yararlanmırıq. Bu isə internetdən istifadə edənlərin sayının sürətlə artdığı bir dövrdə cəmiyyətin hər an sosial bəlalara doğru addımladığını danılmaz fakta çevirir. Xeyli araşdırmalardan sonra bu yazını yazmağı özümə borc bildim. Lakin borcumu həyata keçirmək azdır, həyəcan təbili çalmaq lazımdır. Çünki sosial şəbəkələrdə yazışanlar dilimizin qrammatik xüsusiyyətlərinə ağır zərbə endirirlər. Fakta nəzər salaq: Ana yaxın rəfiqəsindən gələn mesajı oxuyur və ona cavab yazır. Yazını bitirir, mesajı yenidən oxuyur, səhvlərini düzəldir. Bunu kənardan müşahidə edən oğlu,”-Ana, sən yazdığın mesajın səhvlərini də düzəldirsən, nöqtə, vergül qoyursan?”,- deyir və gülməyə başlayır. Hələ üstəlik bacısını səsləyir ki, ay bacı, anam yazdığı mesajın səhvini də düzəldir ey... Uşaqların gülüş səsləri bir-birinə qarışır. Ana isə onlara izah etməyə çalışır ki, bu, kiçik bir yazıdır, müəllifi isə sənsən, o yazı səhvləri ilə də, düzləri ilə də sənindir. Hələ üstəlik, təhsilli adamsansa, düzəliş edilməmiş yazını göndərməyi necə qüruruna sığışdıra bilərsən? Onu da anlatmağa çalışır ki, məktub yazılan dövrlərdə təhsili olmayan adam məktub yazarkən onu bir müəllimə, savadı olan adama oxutdurmamış göndərməzdi. Düşünün, nəyə görə? Səhvi olmasın deyə. Əgər təhsili olmayan insan belə düşünürdüsə, ali təhsili olan adam necə səhvə yol verə bilər? Araya sükut çökür... Anaya o “iradlar” səbəbsiz yerə olunmamışdı. Çünki indi insanlar, xüsusən də cəmiyyətimizin böyük bir hissəsini təşkil edən gənclər sosial şəbəkələrdə yeni bir ünsiyyət “dili” yaradıblar. Faktlara nəzər salaq: “ Salam, canım, necəsən?-“ slm cnm ncsn”, “Bu gün gəlirsən?”- “bugn gersn”, “Həyatım, universitetdəsən?” – “heytm unidsn“, “Səninçün çox darıxmışam, gəlirsən?” – “Sencn chox darxmwam gersn”, “Sağ ol, görüşərik”-“Saol gorwrk”, “Oldu”- “ok”kimi ifadə olunur. Budur, bir azərbaycanlının yazı forması: ingilislərin “w”su, türklərin “e”si, azərbaycanlıların bir neçə hərfi. Qeyd etdiklərim hələ gündəlik ünsiyyətin ən kiçik elementləridir. Gün uzunu dayanmayan, dincəlməyən insanlar sosial şəbəkələrdə öz aralarında formalaşdırdıqları bu yeni “dildə” səhifə-səhifə yazırlar, pozurlar. Və yazdıqca da dilimizin zənginliyinə, qrammatik xüsusiyyətlərinə zərbədir ki, endirirlər. Müşahidələrimə əsasən deyə bilərəm ki, bu cür yazı alışqanlığı insanların virtual “ həyat”ından real həyatına da keçib. Dilimizə aid olmayan hərflərə, sözlərə gənclərin mühazirə dəftərlərində, digər insanların idarə, müəssisə, təşkilatlara müraciət məktublarında, hətta mağazalardan alacaqları ərzaq siyahılarında da rast gəlmək olar.
Biz dilimizin saflığı uğrunda uzun illər mübarizə aparmışıq
Axı bunu bilməyən yoxdur ki, Azərbaycan dili öz varlığını qorumaq üçün illərlə mübarizə aparmış, mənsub olduğu xalqla birlikdə inkişaf edərək çoxsahəli dünyəvi elmi dil səviyyəsinə yüksəlmişdir. Bu işdə bədii söz ustalarının, ədəbiyyatımızın korifeylərinin əvəzsiz xidmətləri vardır. Onlar ümumxalq dilinə həmişə doğma münasibət bəsləmiş, onun zənginləşməsi və hərtərəfli inkişafı üçün böyük fədakarlıqlar göstərmişlər. Tarixin müəyyən dövrlərində dilimiz düşmən qüvvələrin təzyiqinə, təcavüzünə məruz qalıb. Lakin xalqımızın milli birliyi, milli qüruru sayəsində qorunub, yaşadılıb. Ümummilli Liderimiz Heydər Əliyev bu ənənəni daha böyük əzmkarlıqla davam etdirmiş, xalqına olan sonsuz məhəbbəti ilə ana dilimizi yüksəklərə qaldırmışdır. Ulu Öndərin ana dilinə münasibəti hər bir azərbaycanlı üçün örnəkdir. O danışanda dilimizin səlisliyini, ahəngdarlığını, obrazlılığını üz mimikası və əl-qol jerstləri ilə birlikdə heyran olunacaq dərəcədə ifadə edirdi. Dahi Öndər Heydər Əliyev həm də dilimizin təəssübkeşi, qayğıkeşi idi. Məhz Onun verdiyi fərman və sərəncamlarla dilimiz ən böyük qiymətini ala bilmişdir. O, Azərbaycan dilinin qorunub saxlanılması, onun zənginləşdirilməsi istiqamətində misilsiz işlər görmüşdür. Bu işlər indi də dövlət səviyyəsində davam etdirilir.
Dilimizi qorumaq hər kəsin borcudur
Xalqın hər bir nümayəndəsi öz dilinin təmizliyi uğrunda mübarizə aparmağa, dili yad ünsürlərdən qorumağa borcludur. Azərbaycan dilinin analoqu yoxdur. Bu dilin şirinliyini, gözəlliyini, cazibəsini heç bir dildə tapmaq olmaz. Biz başqa dillərə ehtiramla yanaşmaqla bərabər, ana dilimizə xüsusi diqqqət yetirməli, onu qorumalı və yaşatmalıyıq. Çünki dilimiz varsa, biz də varıq. Bu günün səhvini gələcək bizə bağışlamaz. Ona görə də belə həssas məsələlərdə bir-birimizə nəzarət etməli, onu ictimai qınaq obyektinə çevirməklə bu gün qarşısını alıb sabaha aparmamalıyıq. Söhbətimin sonunda söylənməsi vacib bir məsələyə toxunmasam bu yazını tamamlanmış hesab edə bilmərəm: müasir insanların sosial ünsiyyət “dilinə” nəzər salanda onlara veriləsi belə bir sual yaranır. Məgər ingilislər, türklər, ruslar yazışmalarında bizim dilimizdə bir hərfdən, bir kəlmə sözdən istifadə edirlər? Əlbəttə, yox. Belə isə nə üçün məhz biz?
Mətanət Məmmədova