“Rusiya ilə Ukrayna arasında olan müharibə bütün dünyada diqqətlə izlənilir. Eyni zamanda, sülhün, sabitliyin və təhlükəsizliyin qorunması istiqamətində də təşəbbüslər həyata keçirilir”. Bunu “Səs” qəzetinə açıqlamasında politoloq İlyas Hüseynov bildirib.Onun sözlərinə görə, diplomatik siyasi zəmində danışıqlar həyata keçirilsə də, hələ ki, bu danışıqların bir nəticəsi yoxdur: “Tərəflər çox böyük siyasi tələblər irəli sürüblər. Bu baxımdan, məsələlərin hazırkı durumda tezliklə həll olunması qənaəti formalaşmır. Rusiyanın Ukraynada uğur qazanması və ya məğlub olması haqqında da müxtəlif fikirlər irəli sürülür. Eyni zamanda, qeyd etmək lazımdır ki, Rusiyaya qarşı tətbiq olunan külli miqdarda sanksiyalar Rusiya iqtisadiyyatını gələcək dövrlərdə zəiflətməyə hesablanıb. Dünya iqtisadi sisteminin tərkib hissəsi olan Rusiya hazırda məruz qaldığı sərt sanksiyalar nəticəsində milli valyutası dəyərdən düşür, digər önəmli məsələ isə bu iqtisadiyyat zəncirində yer alan dövlətlərin də domino effekti ilə mənfi fəsadlarının daha da genişlənməsi riskləridir”.İlyas Hüseynov onu da bildirdi ki, bütün dünyanın qlobal iqtisadi böhrana daxil olması ehtimal oluna bilər: “Ona görə də, burada qalib və ya məğlub tərəfin olmasını düşünməkdən daha çox iqtisadi fəsadları aradan qaldırmaq və mal dövriyyəsini təşkil etmək, ərzaq təhlükəsizliyini təmin etmək və digər strateji prioritetlər qarşıdadır. Bu xüsusda Antalya “Diplomatik Forumu”nda keçirilən müzakirələrdə də əsas diqqət məhz müharibənin fəsadlarının aradan qaldırılması və iqtisadi dövriyyənin bərpa olunması istiqamətində olacaq. Eyni zamanda, logistika və nəqliyyat baxımından da bir sıra problemlər müşahidə olunur. Dünya bazarlarında neftin və qazın qiymətləri pik həddədir və enerji təhlükəsizliyi baxımından dövlətlər hazırda təhdidlə üz-üzə qalıblar. Eyni zamanda, regional miqyasda məsələlərə nəzər salanda deyə bilərik ki, iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması konteksində Zəngəzur dəhlizinin açılmasına da bu gün çox böyük ehtiyac vardır. Çünki nəqliyyat yük daşımalarının hazırkı dönəmdə önəmi çox böyükdür. Bu logistika əməliyyatlarını həyata keçirmək üçün alternativ marşrutlara da ehtiyac vardır. Bu baxımdan, Zəngəzur dəhlizi boyunca avtomobil və dəmiryol xəttinin çəkilməsi, həm də bölgədəki iqtisadi rifahı bir qədər də artıraraq sülhü də möhkəmləndirə bilər. Ümumilikdə post-sovet məkanında Rusiya - Ukrayna müharibəsinin təsiri olacağını da qeyd edə bilərik. İlk növbədə, bu təsir iqtisadi zəmində özünü büruzə verəcək və Mərkəzi Asiya, Cənubi Qafqaz, Şərqi Avropa regionları Rusiya ilə həmsərhəd olduğu üçün bu regionlar daha çox iqtisadi zəmində bu fəsadları hiss edə biləcəklər. Ona görə də, hazırda gərginliyin daha da artırılmaması üçün hərbi əməliyyatların dayandırılması və sülh quruculuğu prosesinə başlamağa böyük zərurət var”.
Müəllif: Gülyana