PDF Oxu

Siyasət

  • 3 278

Milli azadlıq uğrunda mübarizənin başlanğıcı - TƏHLİL

Milli azadlıq uğrunda mübarizənin başlanğıcı - TƏHLİL

Prezident İlham Əliyev: “...Heydər Əliyev qoymadı ki, Naxçıvanda bu referendum keçirilsin. İndi baxın, müstəqilliyə aparan addımlar hansılardır? Müstəqilliyə aparan yollar haradan keçib?”

70 illik əsarət zəncirinin tamamilə qırılıb dağılmaq üzrə olduğu, 15 müttəfiqin azadlıq mücadiləsi ilə mübarizə apardığı bir vaxtda, xüsusilə də 1990-cı ilin 19-20 yanvarında Bakının Azadlıq meydanında müstəqillik uğrunda yüzlərlə şəhidi olan ölkənin Ali Sovetinin 1991-ci il 16 yanvar tarixli qərarına günümüzün prizmasından baxdıqda həmin dövrdə bu xalqın taleyinin kimlərin əlində olması böyük təəssüf hissi doğurur. Adıçəkilən tarixdə Azərbaycan Respublikası Ali Soveti "Sovet Sosialist Respublikaları İttifaqının saxlanması məsələsi üzrə SSRİ referendumunun Azərbaycan Respublikasında keçirilməsinin təşkili haqqında” qərar qəbil etmişdi. Qərarda referendumun “Ümumxalq səsverməsi (SSRİ referendumu) haqqında” SSRİ Qanununun 17-ci və 18-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasında 1991-ci il martın 17-də keçirilməsi qeyd olunurdu.

SSRİ pərdəsi altında vəzifələrini qoruyan rəhbərlər

Nə üçün qəbul edilmişdi bu gülünc qərar? Axı artıq vaxt yetişmişdi. Müstəqilliyimizin bir addımlığında bu qərarı qəbul etməyin təbii ki, başqa mənası yox idi. Burada onların məqsədi yalnız tutduqları vəzifəni qorumaqdan, xalqı əzməkdən, yüzillik müstəqillik arzularını məhv etməkdən ibarət idi. Sual olunur, ölkəsində 20 Yanvar hadisəsini yaşayan bir dövlət məmuru nə qədər qəddar ola bilərdi ki, bu hadisəni törədən qurumun yenidən hakimiyyətdə qalmasına, özününsə onun əsarətinə baş əyməsinə səs verə bilərdi. Qızışdırılıb meydana salınan ermənilərin sərhədlərimizdə törətdiyi əməllər, 1988-ci ildən başlayan Ermənistan-Azərbaycan münaqişələri hər gün kəskinləşməsi hələ də bu məmurları qəflət yuxusundan ayıra bilmirdi. Çünki onlar fərqli yaşayışı, öz vəzifə səlahiyyətlərini, masalarını bütöv bir xalqın mənafeyindən, taleyindən üstün tuturdular. Bütün bunlara görə də SSRİ-nin saxlanılması onlar üçün vacib məsələ idi.

Bu barədə dövlət başçısı cənab İlham Əliyev tarixi və dəyərli fikirlərini bildirərək qeyd edib ki, Sovet İttifaqı dağılırdı, Rusiya Federasiyası özü dövlət suverenliyi haqqında Konstitusiya Aktını bizdən qabaq qəbul etmişdi: “Rusiya çıxdı, Ukrayna çıxdı, bütün qalan respublikaları çıxdı. Azərbaycan rəhbərliyi nəyi gözləyirdi, kimi gözləyirdi? Bilirsiniz, ona görə, bu tarixi bilmədən düzgün təsəvvür formalaşdırmaq çətindir. Gələcəkdə düzgün addımların atılması üçün də bu vacibdir və gənc nəsil də bunu bilməlidir. Tarixi həqiqət belədir. Amma, eyni zamanda, bizim o ildə digər tarixi həqiqət var – o da 17 noyabr tarixidir. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin təşəbbüsü ilə o vaxt Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişdirildi, “Sovet Sosialist” sözləri o addan götürüldü, sadəcə, Naxçıvan Muxtar Respublikası adlandırıldı. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanda rəsmi bayraq kimi qəbul edildi. Bu tarixi videolar var. Eyni zamanda, Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, oxşar addımı Azərbaycan Ali Soveti də etsin. Ancaq bunu etmədi. Əksinə, 1991-ci ilin yazında Sovet İttifaqı çərçivəsində keçirilmiş referendumda, Sovet İttifaqının saxlanmasına dair referendumda ovaxtkı Azərbaycan rəhbərliyi xalqın iradəsinə zidd olaraq o referendumun nəticələrini saxtalaşdıraraq Sovet İttifaqının saxlanmasına səs verdi”.

Ulu Öndər Heydər Əliyev Naxçıvanda referendumu ləğv etdi

1990-cı ilin yanvar ayında Azərbaycanın ayrı-ayrı rayonlarının, eləcə də Naxçıvanın sərhədlərində ermənilər tərəfindən münaqişələr törədilirdi. Yanvar ayının 18-də keçmiş SSRİ-nin Daxili Qoşunlarının iştirakı ilə Naxçıvanın Kərki kəndi işğal olunmuşdu. Ermənilərin Sədərək istiqamətində mütəmadi hücumları başlamışdı və vəziyyət gündən-günə gərginləşirdi. Yanvarın 20-də Bakıda törədilən faciə ilə Naxçıvannın sərhədlərində münaqişələrin başlanmasının üst-üstə düşməsi isə ermənilərin havadarlarının əvvəlcədən hazırladıqları böyük plan üzrə cərəyan edirdi. Belə ki, burada məqsəd diqqətin Bakı hadisələrinə yönəlməsi fonunda Naxçıvanın əhalisi arasında ümidsizlik yaradaraq bölgənin boşaldılması və erməni işğalı üçün şəraitin yaradılması idi. Digər tərəfdən isə Naxçıvanı ölkənin paytaxtı ilə birləşdirən yollarda da ermənilər tərəfindən münaqişə törədilir, Bakı-Naxçıvan qatarları dayandırılır, günlərlə işləmir, maşinistlətə qarşı vəhşiliklər edilirdi. Naxçıvan blokada vəziyyətinə salınırdı. Bütün bu əməllərin arxasında kimin olduğu, kimin planı və gücü ilə həyata keçirilməsi 20 Yanvar hadisələrindən sonra Naxçıvana qayıdan və burada yaşayan ulu öndərə gün kimi aydın idi. Elə buna görə də Ali Məclisin 14 dekabr 1990-cı il tarixdə keçirilən sessiyasında yeni ittifaq müqaviləsinə münasibət məsələsi müzakirə olunarkən məsələ ilə bağlı çıxış edən ulu öndər Heydər Əliyev deyirdi: "Mən yeni ittifaqa daxil olmağın və bunun üçün referendum keçirməyin heç bir şərt qoymadan əleyhinəyəm. Azərbaycan respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır..."

1991-ci il sentyabrın 3-də Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Sədr seçilməsi heç də keçmiş Sovetlər İttifaqı rəhbərliyinin nüfuzlu simasının kiçik bir əyalətə rəhbər seçilməsi deyildi. Bu, Azərbaycanı çox yaxşı bələd olduğu ittifaqın caynağından qoparmaq üçün yolun başlanğıcı idi. Naxçıvanda yaşadığı halda Azərbaycanı idarə etmək qabiliyyətinin, xalqın müstəqillik arzusunu reallaşdırmaq bacarığının, tarixi sənədlərin qəbulu və həyata keçirilməsi əzminin nümayişi idi. Bu seçim eyni zamanda Azərbaycanın qədim diyarı Naxçıvanın erməni təcavüzündən, onun düşmən əlinə keçmək təhlükəsindən xilası idi.Təbii ki, bütün bu hadisələrin fonunda ulu öndərin yaşadığı, rəhbərlik etdiyi Naxçıvanda SSRİ-nin saxlanılmasına dair referendum keçirilə bilməzdi. Beləliklə də referendum Naxçıvanda boykot edildi. Bu barədə Azərbaycan Respublikası Ali Sovetinin 18 oktyabr 1991-ci il tarixli sessiyasında qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktına münasibətlə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 26 oktyabr 1991-ci il tarixli bəyanatında deyilir: “Naxçıvan Muxtar Respublikasının demokratik qüvvələri son üç ildə Azərbaycan Respublikasının milli azadlığı, müstəqilliyi uğrunda fəal mübarizə aparıb, bu yolda qurbanlar verib və 18 oktyabr 1991-ci ildə qəbul olunmuş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktını bütün Azərbaycan demokratik qüvvələrinin böyük qələbəsi kimi qiymətləndirir. 17 mart 1991-ci il tarixdə Sovet Sosialist Respublikaları İttifaqının saxlanılması haqqında referendumda Naxçıvan Muxtar Respublikası əhalisinin iştirak etməməsi məhz muxtar respublika demokratik qüvvələrinin Azərbaycanın milli azadlıq, istiqlaliyyəti uğrunda apardığı mübarizə ilə əlaqədardır.

Razılıq hissi ilə bildiririk ki, nəhayət Azərbaycan Respublikası ali hakimiyyət orqanı tərəfindən milli azadlıq niyyətlərimizin həyata keçirilməsi üçün ilk addım atılıbdır...

Bundan sonra Azərbaycan Respublikasının Sovet İttifaqının hakimiyyət orqanlarında iştirak etməsi yolverilməzdir. Azərbaycanın dövlət müstəqilliyini tam reallığa çevrmək üçün ümumi xalq səsverməsinin keçirilməsi vacibdir və məqsədəmüvafiq olardı. Azərbaycan xalqı tam əmin ola bilər ki, naxçıvanlılar milli azadlıq uğrunda mübarizəni daha əzmlə davam etdirəcəklər”. Dövlətimizin başçısı bu məsələyə münasibət bildirərkən tarixi fakta əsaslanaraq demişdir: “... Heydər Əliyev qoymadı ki, Naxçıvanda bu referendum keçirilsin. İndi baxın, müstəqilliyə aparan addımlar hansılardır? Müstəqilliyə aparan yollar haradan keçib?.. Mən istərdim ki, hər kəs bu tarixi bilsin və müstəqilliyin əsas səbəbkarlarını tanısın. Bizim müstəqilliyimizə gedən yol məhz 17 noyabr 1990-cı ildən başlamışdır ki, indi dövlət bayrağımız olan üçrəngli bayraq dövlət bayrağı kimi təsis edildi”.Ümummilli liderimiz Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlməsəydi, müstəqilliyimizin taleyi eynilə cümhuriyyətimizin taleyinə bənzəyəcəkdi.

Bəli, bu qədər çətinliklə əldə olunan müstəqil dövlətimizin təməli ulu öndərin 1993-cü ildən hakimiyyətə qayıdışı ilə möhkəmləndirildi, müstəqilliyimiz əbədilik qazandı. Böyük Heydər Əliyevin rəhbərliyi ilə hələ 1990-1993-cü illərdə Naxçıvandan başlanan müstəqillik yolu Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrilib milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı.Azərbaycan tarixini, xüsusilə də bu tarixin hər birimizə yaxın olan mücadilə və mübarizələrlə dolu XX əsr səhifələrini vərəqləyərkən gözlərimiz qarşısında müstəqillik yolunda axıdılan qanlar, itirdiklərimiz canlandıqca düşünürsən ki, müstəqil olmaq heç də asan deyilmiş. Müstəqilliyi əldə etdikdən sonrakı dövrə nəzər salarkən ona uzanan əlləri, gözü götürməyənlərin təxribatlarını görəndə isə belə bir qənaətə gəlirsən ki, həqiqətən də, müstəqilliyi qorumaq onu qazanmaqdan dəfələrlə çətin imiş.

Məlumdur ki, 1991-ci ildə əldə etdiyimiz müstəqillikdən sonra ölkəmiz yenə də gərgin ziddiyyətlərlə üz-üzə dayanmışdı. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin məhvi üçün hazırlanmış plan və ssenarilərlə 1991-ci ildəki müstəqilliyin iflası üçün hazırlanmış planlar tamamilə eynilik təşkil edirdi. Belə bir dövrdə müstəqilliyimizi yenidən itirmək təhlükəsi qarşısında qalmışdıq. Zaman sübut etdi ki, ümummilli liderimiz Heydər Əliyev o zaman Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlməsəydi, müstəqilliyimizin taleyi eynilə cümhuriyyətimizin taleyinə bənzəyəcəkdi.“Azərbaycanın dövlət müstəqilliyi, milli azadlığı əbədidir və əbədi olacaqdır!”,- deyən ulu öndərin uzaqgörənliyi, əzmkarlığı, məsləhətkeşliyi, ideyaları ilə müstəqilliyimiz qorundu, yaşadı, əbədiləşdi. Bu gün müstəqil Azərbaycanımız etibarlı əllərdədir. 1990-cı illərdə səriştəsiz dövlət rəhbərləri tərəfindən ermənilərə satılan torpaqlarımız fəaliyyətində daim Heydər Əliyev siyasətinə, ideologiyasına əsaslanan dövlət başçımızın rəhbərliyi ilə şücaətli Milli Ordumuz tərəfindən işğaldan azad edildi. 2020-ci ildə 44 günlük müharibə ilə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ulu öndərimizin ən böyük arzusunun reallaşması idi. Əgər müstəqilliyimizin əldə olunması, daimilik qazanması üçün ulu öndərə borcluyuqsa, ərazi bütövlüyümüzün bərpası, müstəqil dövlətimizin beynəlxalq aləmdə nüfuzunun artması üçün dövlətimizin başçısına minnətdarıq. Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü hər bir vətəndaş üçün əzizidir. O mənada ki, xalqı çox çətinliklə əldə etdiyi bu qiymətli sərvətin daimiliyi üçün, lazım gələrsə, canından belə keçməyə hazırdır.

Mətanət MƏMMƏDOVA

Digər xəbərlər