“Azərbaycan və Türkiyə iki dövlət, tək millət olmaqla yanaşı, həm də tək ürək, tək yumruqdur. Ölkələrimizin sevinci də, kədəri də, uğuru da, dərdi də eynidir. Ölkələrimiz eyni məqsədlər və hədəflər, eyni amal uğrunda mübarizə aparır. Azərbaycan-Türkiyə dostluğuna və qardaşlığına çoxları qibtə edir. Ölkələrimiz arasında bənzəri olmayan həmrəylik mövcuddur və əminik ki, bundan sonra da belə olacaq”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor Jalə Əliyeva ifadə edib.
Deputat bildirib: “Çox təəssüf ki, bu gün dünya yenə çalxalanır. Bu hadisələr bizdən daha sıx, daha həmrəy, daha ayıq-sayıq olmağı tələb edir. Bu hadisələr fonunda qardaş və dost ölkələrimizin liderlərinin - Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada görüşməsi mühüm əhəmiyyətə malikdir. Görüşdə əvvəlcə Şuşa Bəyannaməsinin imzalanması və bu sənədin hər iki ölkənin parlamentində təsdiqlənməsi ilə Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin müttəfiqlik əsasında daha da inkişaf etdiyi vurğulanıb. Postmünaqişə dövründə Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşdırılmasının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin Zəngəzur dəhlizinin açılmasının, onun region üçün yaratdığı perspektivlərin, bu xüsusda Qars-Naxçıvan dəmir yolu xəttinin tikilməsinin əhəmiyyəti qeyd olunub. Bununla yanaşı, söhbət zamanı 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda təsbit olunmuş bütün müddəaların Ermənistan tərəfindən icrasının vacibliyi qeyd edilib, Türkiyə və Ermənistan nümayəndə heyətlərinin təmasları mövzusunda müzakirə aparılıb”.
J.Əliyeva diqqətə çatdırıb ki, eyni zamanda, görüşdə Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlığa toxunulub, bu xüsusda Cənub Qaz Dəhlizinin uğurla fəaliyyət göstərdiyi qeyd olunub, bu dəhliz vasitəsilə qardaş ölkəyə və Türkiyə ərazisindən keçərək Avropaya qaz təchizatının artırılması imkanları müzakirə edilib, həmçinin İğdır-Naxçıvan qaz xəttinin çəkilməsi və bununla bağlı Azərbaycanın dövlət büdcəsində investisiyanın nəzərdə tutulduğu vurğulanıb.
Söhbət əsnasında iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb, o cümlədən hərbi, hərbi texniki, o cümlədən hərbi təlim və tədris sahələrində əməkdaşlığın uğurla davam etdirildiyi bildirilib, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə mövzusu olub.
Görüşdə son günlərin ən ağrılı hadisəsi-Ukraynadakı hadisələrlə bağlı da fikir mübadiləsi aparılıb, Türkiyənin və Azərbaycanın, eyni zamanda, Rəcəb Tayyib Ərdoğanın müharibənin tezliklə dayandırılması istiqamətindəki şəxsi səyləri yüksək qiymətləndirilib.
Sonda isə Azərbaycan-Türkiyə müttəfiqlik əlaqələrinin inkişafından bir daha məmnunluq ifadə olunub və Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfərə dəvət edib.
Bütün bunlar Azərbaycan və Türkiyə prezidentləri tərəfindən yazılan daha bir tarix, daha bir qardaşlıq və dostluq nümunəsidir. Hər iki lider bir daha göstərdilər ki, Azərbaycan-Türkiyə, Türkiyə-Azərbaycan qardaşlığı əbədidir, daimidir və dönməzdir. Bütün dünyaya bir daha nümayiş etdirildi ki, ölkələrimiz tək ürək, tək yumruq kimi bundan sonra da bir çox zəfərlərə doğru birgə yürüyəcək, birgə imza atacaqlar.