Gələn il Cənubi Qaz Dəhlizi vasitəsi ilə Avropaya qaz nəqli artırılacaq. SİA xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Antalya Diplomatiya Forumu çərçivəsində təşkil edilən enerji təhlükəsizliyi ilə bağlı panel müzakirələrində çıxışı zamanı deyib.
"Cənubi Qaz Dəhlizi artıq uğurlu layihə olduğunu təsdiqləyib. Bu dəhlizlə artıq qaz Türkiyə və Avropaya nəql olunur. Bu vaxt artıq birlikdə danışmağın zamanıdır. Çünki Azərbaycanın Xəzərdə nəhənq qaz yataqları var və mövcud infrastruktur yaxsi vəziyyətdədir. Energetika sahəsində ən müxtəlif şirkətlər Azərbaycanla əməkdaşlığa çox böyük maraq göstərir", - nazir bildirib.
Onun sözlərinə görə, Azərbaycanın energetika siyasətindən danışanda ilk növbədə Türkiyə ilə çox sıx əməkdaşlığımızdan və layihələrimizdən danışmalıyıq.
O bildirib ki, energetika sahəsində inkişaf Azərbaycan ve Türkiyə əlaqələrinin əsas sütunlarından birini təşkil edir: "Gələcək əməkdaşlıq üçün də energetika əsas mövzularımızdandır".
Nazir, enerji resurslarının nəqlində diversifikasiyanın vacibliyini də vurğulayıb: "Biz nələri balans ve stabilliklə ağıllı şəkildə edə bilərik deyə düşünürük. Enerji təhlükəsizliyinin Azərbaycan ücün vaz keçilməz amil olduğu da hərkəsə məlumdur. Məhz belə bir dövrdə, qeyd edə bilərəm ki, regionda və dünyada baş verən siyasi münaqişələr də, qaz bazarında qeyri-sabitliyi də özüylə birgə gətirir".