PDF Oxu

Siyasət

  • 3 037

Prezidentin Türkiyəyə səfəri müttəfiqlikdə yeni mərhələnin başlanğıcıdır - ŞƏRH

Prezidentin Türkiyəyə səfəri müttəfiqlikdə yeni mərhələnin başlanğıcıdır - ŞƏRH

Bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan, bir-birinə bu qədər yaxın münasibətlərdə olan ölkələrə rast gəlmək mümkün deyil. Ən çətin anların sınağından çıxan, dünyada analoqu olmayan qardaşlığın, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları tarixin ən dar məqamlarında, ən çətin günlərində belə öz sözünü deyir və bu gerçəkdir. Artıq bu reallıq bütün sahələrdə sübuta yetirilməkdədir. Çünki Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə də iki qardaş dövlət həmişə bir-birinin yanındadır. 44 günlük İkinci Qarabağ müharibəsində bu birliyin ən yüksək zirvədə olduğunu bir daha gördük. Eyni zamanda, iki dost, qardaş ölkə arasında müttəfiqlik sənədinin 15 İyun - Milli Qurtuluş Günündə Qarabağımızın tacı, musiqi beşiyimiz Şuşada imzalanması dünyaya bu birliyin, həmrəyliyin gələcəyi ilə bağlı bir çox məqamları çatdırdı. Vətən müharibəsində dünyaya “Azərbaycan tək deyil” mesajını ünvanlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşadan “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür” bəyan etdi. Və bu 44 günlük İkinci Qarabağ müharibəsinin Qələbə Zəfərində iki qardaş birliyi – İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan - "Bir millət, iki dövlət" birliyini nümayiş etdirdi. Dövlət başçımız bu birlikdən qürur duyduğunu söylədi: "Biz də bu qədər möhtəşəm dostumuz olduğu üçün qürurlu və şadıq".Göründüyü kimi, budur, çətin günün sınağından çıxmaq. Budur, bir millət, iki dövlət münasibəti. Doğrudur, bu gün Türkiyə kimi bir güclü dövlətin Azərbacanla bir olması çox dövlətlərin qısqanclığına səbəb olub. Ancaq bir məqamı anlamaq lazımdır ki, Azərbaycan-Türkiyə illərin sınağından çıxmış, bu birlik möhkəmlənmişdir. Bu birliyi isə heç bir qüvvə sındıra bilməz! Sındıra da bilmədi. Ən əsası isə, Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Hər iki dövlət liderlərinin birliyi və həmrəyliyi, dövlət başçılarının bir-birinə “qardaşım” deyərək müraciət etmələri xalqlarımız üçün də, dünya birliyi üçün də nümunədir. Bu baxımdan Prezident İlham Əliyevin martın 10-da Türkiyəyə növbəti işgüzar səfəri və səfər zamanı dövlət başçımızın yüksək səviyyədə qarşılanması bir daha deyilənlərin göstəricisidir.Keçirilən görüşdə ilk olaraq 2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə prezidentlərinin işğaldan azad edilmiş Şuşada iki güclü liderin imzası ilə çox mühüm – Şuşa Bəyannaməsinin imzalanması və bu tarixi bu sənədin hər iki ölkənin parlamentində təsdiqlənməsi ilə Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin müttəfiqlik əsasında daha da inkişaf etdiyi vurğulandı.Həmçinin, görüşdə postmünaqişə dövründə Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşdırılmasının perspektivləri ətrafında fikir mübadiləsi də aparıldı. Eyni zamanda, Azərbaycan-Türkiyə əlaqələrinin gələcək inkişafı üçün yol xəritəsi kimi dəyərləndirilən Şuşa Bəyannaməsində də Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər yer aldı.Söhbət zamanı 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda təsbit olunmuş bütün müddəaların Ermənistan tərəfindən icrasının vacibliyi qeyd edildi, Türkiyə və Ermənistan nümayəndə heyətlərinin təmasları mövzusunda müzakirə aparıldı. Görüşdə Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlığa toxunuldu, bu xüsusda Cənub Qaz Dəhlizinin uğurla fəaliyyət göstərdiyi qeyd olundu, bu dəhliz vasitəsilə qardaş ölkəyə və Türkiyə ərazisindən keçərək Avropaya qaz təchizatının artırılması imkanları müzakirə edildi, həmçinin İğdır-Naxçıvan qaz xəttinin çəkilməsi və bununla bağlı Azərbaycanın dövlət büdcəsində investisiyanın nəzərdə tutulduğu vurğulandı.Görüş zamanı xüsusilə bu gün bütün dünyanın diqqət mərkəzində olan Ukraynadakı hadisələrlə bağlı fikir mübadiləsi də aparıldı, Türkiyə və Azərbaycanın, eyni zamanda, Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin tezliklə dayandırılması istiqamətindəki şəxsi səyləri yüksək qiymətləndirildi.Sonda isə Azərbaycan-Türkiyə müttəfiqlik əlaqələrinin inkişafından bir daha məmnunluq ifadə olunub və Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfərə dəvət edib. Bu isə bir daha hər iki dövlət prezidentlərin şəxsi münasibətlərinin və dövlətlərimiz arasında əlaqələrin yüksək səviyyədə inkişafınının göstəricisi olmaqla, əməkdaşlığın, qardaşlığın regional və dünya miqyasında önəmli amilə çevrilməsinin təsdiqidir.Bir sözlə, martın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə qardaş ölkədə işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin həmkarı ilə keçirilən və 4 saatdan artıq davam edən görüşü Azərbaycan və Türkiyənin bundan sonra da gələcək hədəflərinə doğru çiyin-çiyinə və qətiyyətlə addımlayacaqlarından xəbər verir. Bu səfər iki ölkə arasında əlaqələrin inkişafına, daha da güclənməsinə öz ciddi təsirini göstərəcək. Çünki bu gün güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır. Bu həm də onu göstərir ki, tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri əbədi və sarsılmazdır

MƏŞHUR MƏMMƏDOV,
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü

Digər xəbərlər