PDF Oxu

Siyasət

  • 4 250

Avropa Parlamentinin Azərbaycana qarşı növbəti qərəzli addımı... - ŞƏRH

Avropa Parlamentinin Azərbaycana qarşı növbəti qərəzli addımı... - ŞƏRH

Bunun adı riyakarlıq və ikiüzlülükdür

Martın 10-da Avropa Parlamenti tərəfindən qəbul olunan Qarabağda erməni mədəni irsinin məhv edilməsi ilə bağlı qətnamə Avropa dövlətlərinin keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində davam etmiş uzun illik diplomatik prosesdə ölkəmizə qarşı həyata keçirdiyi ikili standartın və riyakar siyasətin, həm 2020-ci ilin sentyabrında başlamış 44 günlük Vətən müharibəsində, həm də Azərbaycanın Zəfərindən sonra dövlətimizə qarşı nümayiş etdirdiyi ayrı-seçkiliyin daha bir təzahürüdür.Ümumiyyətlə, Avropa Parlamenti və bu kimi digər qurumlar dəfələrlə Azərbaycan üçün müxtəlif məsələlərdə ikili standartlardan çıxış edərək Azərbaycan xalqının nəzdində öz etimadlarını tamamilə itiriblər. Bu mənada onların hazırladıqları hesabat da bizim üçün boş kağız parçasından başqa bir şey deyil. Azərbaycanın işğal altında olmuş bölgələrində müşahidələr göstərir ki, indiyə qədər bütün tarixi, mədəni irsimizə qarşı böyük bir vandallıq törədilib. Bunu görməməzlikdən gəlib belə saxta bəyanatla çıxış etmək bu qurumların ikiüzlülüyün ən açıq forması olduğunu deyə bilərik. Bir də işğalçının milliyəti, yaxud kimliyi əsas deyil, işğalçı işğalçıdır və eyni münasibətə layiqdir.Lakin birinə yanaşmada beynəlxalq hüququ əsas götürmək, digərinə yanaşmada bu hüququ çiynəmək, yumşaq desək, saxtakarlıqdan başqa bir şey deyil. Avropa Parlamentinin qəbul etdiyi qətnamə bunu bir daha ortaya qoydu və ikiliyanaşma siyasətinin dəyişmədiyini göstərdi.Qətnamədə iddia olunur ki, Azərbaycan Qarabağda “erməni mədəni irsini dağıdır”. Hətta Azərbaycanın digər ərazilərdində də eyni addımların atdıldığı yalanı ortaya atılır.Sözsüz ki, Avropa Parlamentinin Azərbaycanın guya erməni abidələrini dağıtması ilə bağlı qətnaməsinin əsasında erməni lobbiçiliyi dayanır. Biz erməni lobbiçiliyi və diasporunun siyasi korrupsiya üsullarından istifadə edərək anti-azərbaycan, anti-türk fəaliyyətlərinin dəfələrlə şahidi olmuşuq. Bu, çox təəssüf ki, Avropa dəyərlərinə ciddi zərbə vurmaqla öz fəaliyyətində çox kobud səhvlərə yol verir.Sözügedən məsələ ilə bağlı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində “Cənub Qafqazda inklüziv sülhün perspektivi” mövzusunda keçirilən panel müzakirələrində bildirib ki, Avropa Parlamentininin son qətnaməsinə lazımi cavab verilib.
Azərbaycanın XİN başçısı: “Avropa Parlamentinin son qətnaməsi tamamilə əsassızdır”
“Avropa Parlamentininin son qətnaməsinə lazımi cavab verilib. Azərbaycan Parlamentində bu məsələyə ciddi reaksiya verib”. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində “Cənub Qafqazda inklüziv sülhün perspektivi” mövzusunda keçirilən panel müzakirələrində deyib.“Əlbəttə, həmin qətnamə tamamilə əsassızdır. Çünki Azərbaycan 30 il ərzində işğala məruz qalıb. UNESKO-nun məruzələrinə baxsaq, hər şeyi aydın görərik. Biz UNESKO-nun Qarabağa xüsusi missiya göndərməsi ilə bağlı dəfələrlə çağırış etmişik. Əgər qətnamədə deyilənlər doğru olsaydı, biz UNESKO-ya müraciət etməzdik. Bu gün diplomatlar, jurnalistlər gedib Qarabağı görə, dağıntılarla tanış ola bilərlər. Ermənistan işğal dövründə orada Azərbaycanın tarixi, mədəni abidələri məhv edib”, - nazir vurğulayıb.Qeyd olunub ki, Azərbaycan dövləti Qarabağda ayrı-ayrı tarixi-mədəni irsimizə qarşı törədilən vandallıqlar, vəhşiliklər haqqında faktlarla, sübutlarla dəfələrlə dünya ictimaiyyətinə, Avropa Parlamentinə və digər qurumlara müraciət etsə də bunlara heç bir reaksiya verilməyib. Və Avropa Parlamentinin Azərbaycanı Qarabağda guya Ermənistanın mədəni irsinə zərbə vurmaqda ittiham etməsi şübhəsiz ki, ölkəmizə qarşı növbəti qərəzli hücum dalğasının nəticəsidir.Bütün bunlar isə Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn, o cümlədən 1954-cü il Haaqa Konvensiyasının və onun Protokollarının kobud şəkildə pozulmasıdır. Öz qətnaməsində UNESCO-ya dəfələrlə istinad edən, lakin qeyd olunan faktları inkar edən və Azərbaycanı UNESCO-nun missiyasını əngəlləməkdə ittiham edən Avropa Parlamentinin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının nəticələri, mədəni irsinə qarşı törədilən vandallıqlara dair ötən illər ərzində bir dəfə də olsun məsələ qaldırmaması olduqca düşündürücüdür. Avropa Parlamentinin hazırkı qətnaməsi nəinki beynəlxalq humanitar hüququn prinsiplərinə, eyni zamanda mədəni və dini abidələrin dağıdılmasına qarşı Avropa İttifaqının özünün qəbul etdiyi prinsiplərə də ziddir.
Avropa Parlamenti artıq bir sıra faktları qəbul etməlidir
Qeyd edək ki, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində işğaldan azad edilən Qarabağın ümumi vəziyyəti bütün dünyaya bir daha sübut etdi ki, vəhşi qəbilələrin və tayfaların işğal etdikləri yerlərdə həyata keçirdikləri barbarlığı və vandalizmi haqqında sivil ölkə vətəndaşlarının tarix kitablarından haqqında oxuduğu vəhşilikdən daha artığını həyata keçirməyə həmişə hazır olan Ermənistan adlı dövlət var. Və işğaldan sonrakı vəziyyət göstərdi ki, 30 ilə yaxın bir dövrdə Qarabağda Ermənistan tərəfindən məqsədli şəkildə urbisid, kultursid və ekosid həyata keçirilib. Nəticədə Qarabağın və Şərqi Zəngəzurun tarixi, maddi-mədəni irsi, mülki və sosial obyektləri, həmçinin bütün infrastrukturu dağıdılıb, mədəni sərvətləri talanıb, yeraltı və yerüstü resursları istismar olunub, bölgənin ekosistemi isə tamamilə pozulub. Əsası 1752-ci ildə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən qoyulmuş və sıldırım qayalar üzərində salınmış və 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Şuşa şəhəri 28 illik əsarətə və dağıntıya məruz qalıb. 2020-ci il noyabrın 8-də Azərbaycanın rəşadətli Ordusu 44 günlük Vətən Müharibəsi nəticəsində Şuşanın işğaldan əzad olunması xəbərini Ali Baş Komandan İlham Əliyevdən eşidən xalqımız bu tarixi milli qürur, böyük coşqu və sevinc hissi ilə qeyd edib. Çünki Şuşanın işğaldan azad olunması Zəfər tariximizin ən şanlı səhifəsini təşkil edib. İndi Azərbaycan postmünaqişə dövründə geniş bərpa-quruculuq mərhələsinə qədəm qoyub. İşğaldan azad olunmuş ərazilərdəki bütün dini, mədəni abidələrə, o cümlədən xristian irsinə aid abidələrə dəymiş ziyanın müəyyən edilməsi, faktlaşdırılması və onların bərpası üzrə praktiki addımlar atılır.
Riyakarlıq və ikiüzlülük Avropa Parlamentinin fəaliyyətinin təsdiqidir
Bu yerdə Avropa Parlamentinə bir faktı da bir daha xatırlatmaq lazımdır ki, cari ilin fevral ayının 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilmiş görüşün nəticəsi olaraq UNESCO missiyasının Azərbaycana və Ermənistana göndərilməsinə dair razılıq ifadə edib. Bu, Ermənistan ərazisində Azərbaycan xalqına məxsus mədəni irsin vəziyyətinin öyrənilməsi zərurətinin təsdiqidir. Avropa Parlamenti isə nədənsə bu məsələyə ümumiyyətlə toxunmur. Və Avropa Parlamenti ermənilərə aid olduğunu iddia etdiyi mədəni abidələri qədim xristian irsinin və bəşəriyyətin ümumi irsinin bir hissəsi kimi təqdim edir. İşğal dövründə dağıdılmış və ciddi ziyan vurulmuş 67 məscidi, yerlə-yeksan edilmiş İslam mədəniyyəti abidələrini inkar edən düşüncə tərzi dini, irqi ayrı-seçkiliyi təşviq etməklə olduqca təhlükəli tendensiyalara rəvac verir. Ümumiyyətlə, qətnamədə Azərbaycanın mədəni irsi ifadəsinə heç bir yerdə rast gəlmək mümkün deyil - bunun adı riyakarlıq və ikiüzlülükdür.Sözsüz ki, hər hansı dövlət və yaxud təşkilat tərəfindən Azərbaycan əleyhinə səsləndirilən hər hansısa bəyanat, qəbul edilmiş hər hansısa qətnamə dövlətimizin bu istiqamətdə tutduğu düzgün yolu dəyişdirə bilməz. Ermənilər isə Qarabağda onlara məxsus olmayan tarixi-mədəni irsin guya məhv edilməsi ilə bağlı beynəlxalq aləmə yaydıqları dezinformasiyadan uzaqlaşaraq, vaxtilə Azərbaycan torpaqlarında yaradılan indiki Ermənistanda azərbaycanlılara məxsus bütün tarixi, mədəni və dini irsin nə üçün məhv etdiklərinə dair sualları cavablandırmalıdırlar.Bir sözlə, Avropa Parlamenti Azərbaycanla bağlı son qərəzli qətnaməni qəbul etməklə öz riyakarlığını, ikiüzlülüyünü bir daha nümayiş etdirdi. Ancaq Avropa Parlamenti bir həqiqəti anlamalıdır ki, bu günə kimim hazırladıqları qondarma qətnamələri Azərbaycan xalqının yüksək milli, mənəvi və mədəni dəyərlərinə kölgə sala bilməyəcək adi bir kağız parçasıdır.
RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər