Bu Qalib Liderin “Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözü ilə əməlini üst-üstə düşməsinin reallığıdır
Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci ili "Şuşa ili" elan etməklə hər bir azərbaycanlının 30 illik həsrətinə son qoydu. Mədəniyyət, fəxarət, Zəfər tariximizin məntiqi nəticəsi olan "Şuşa ili" Böyük Qayıdışın ilk ilidir. Çünki Şuşa qaladır. Xurşidbanu Natavanın muzeyi, Vaqif məqbərəsi, Yuxarı Gövhar Ağa Məscidi, Cıdır düzü, mədəniyyətimizin paytaxtı, 2022-ci ilin özüdür Şuşa. Bu, "Şuşasız Qarabağ, Qarabağsız Şuşa yoxdur" deyən Ulu Öndər Heydər Əliyevin arzusunu da bu gün Prezident İlham Əliyev "Şuşasız işimiz yarımçıq qalar" sözü ilə əməlini üst-üstə düşməsinin reallığıdır. Bütövlükdə, bu Qalib Liderin "Əziz Şuşa, biz səni dirçəldəcəyik!" sözünün təsdiqidir. 2020-ci il noyabrın 8-də Qarabağın tacı olan Şuşamızın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən Müzəffər Ali Baş Komandanımızın bildirmişdir: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”.
"MƏN PREZİDENT KİMİ, ALİ BAŞ KOMANDAN KİMİ HƏR ZAMAN AZƏRBAYCANIN MARAQLARININ KEŞİYİNDƏ DURACAĞAM, ÖLKƏMİZİN HƏRTƏRƏFLİ İNKİŞAFI, HƏRBİ GÜCÜNÜN ARTIRILMASI, VƏTƏNDAŞLARIN DAHA YAXŞI YAŞAMASI ÜÇÜN ƏLİMDƏN GƏLƏNİ ƏSİRGƏMƏYƏCƏYƏM”
Bəli, heç kəsə sirr deyil ki, Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün vədləri yerinə yetirib. Biz bunun canlı şahidləriyik. Prezident hər zaman çıxışlarında bildirib ki, “Mənim sözüm imzam qədər qüvvətlidir”. 18 il öncə deyilənlər, bu gün öz müsbət nəticəsini verir. Ulu Öndər Heydər Əliyevin "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm", - vəsiyyətini reallaşdıran İlham Əliyev "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm", - deyərək bunu əməlləri ilə sübuta yetirdi. Son 18 illik Prezidentlik fəaliyyətinin nəticəsidir ki, bu gün 30 il ərzində həsrətində olduğumuz - Qarabağ Azərbaycandır! - şüarlı haqq və şərəf işimiz olan, Azərbaycan Respublikamızın suverenliyi və ərazi bütövlüyünə və nəhayət, Qələbəyə nail olduq!.
"Şuşasız Qarabağ, Qarabağsız Şuşa yoxdur" deyən Ulu Öndər Heydər Əliyevin bu arzusunu da bu gün Prezident İlham Əliyev "Şuşasız işimiz yarımçıq qalar" deyərək reallaşdırdı: "Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!".
Azərbaycan Prezidenti İlham Əliyev son 18 ildə öz vədini yerinə yetirdi və bu gün də xalqı qarşısında bir daha sözü ilə əməli bir olan Liderdir! Bəli, bu, həqiqətən də belədir. "Əsl siyasət konkret, real iş görməkdən ibarətdir", deyən dövlət başçısının ötən illərdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar Cənab Prezidentin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə, verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, gerçəkliyə adekvat olduğunu göstərib. Ali Baş Komandanımız Prezident İlham Əliyev çıxışlarında ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacağını demişdi. Bu sözlər də artıq reallığa çevrilib və artıq həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub. Xurşudbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşada güllələnmiş büstləri erməni vandalizminin şahidləridir. Birinci Qarabağ müharibəsi dövründə ermənilər dahi şəxsiyyətlərimizin büstlərini təhqir edəndən sonra onları əridib satmaq, pul əldə etmək üçün Ermənistana aparmışdılar. Lakin Ulu Öndər Heydər Əliyevin tədbirləri nəticəsində bu büstlər ermənilərdən pulla alınmışdı və artıq onlar Şuşadadırlar.
Şuşanın düşməndən azad edilməsinin və qələbəmizin simvolu olan “Zəfər yolu”nun inşası artıq başa çatıb. Ötən il noyabr ayının 16-da təməli qoyulmuş “Zəfər yolu”nun tikintisi ilə bağlı dövlət başçımızın verdiyi sözün reallığını görürük.
“ŞUŞA İLİ” ELAN EDİLMƏSİ AZƏRBAYCANIMIZIN DÜNYAYA TANINMASIDIR
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncamı xalqına, torpağına, Vətəninə olan sonsuz sevgisinin təcəssümüdür. “Şuşa İli” elan edilməsi Azərbaycanın hərb meydanı ilə yanaşı, diplomatiya müstəvisində də qələbəsinin təsdiqi və dünyaya təqdimatıdır, Zəfərimizin tarixi təntənəsidir. Bir sözlə, 2022-ci ildə Qarabağımızın gözü olan Şuşanın bərpası və yenidən qurulması işi də yeni vüsətlə davam edəcək, milli-mədəni irsin qorunması prosesinin davamı olacaq. Xalqımız üçün müqəddəs olan bu şəhərə çoxsaylı səfərlər təşkil olunacaq. Şuşa öz tarixi keçmişini qaytaracaq və bütün dünya bu şəhərdə baş verən möhtəşəm hadisələrin şahidi olacaq. Ən əsası isə, bu il - “Şuşa İli”ndə şuşalıların Şuşaya qayıdışı ən yüksək dəyər, sevincli anlar olacaq.
Bir sözlə, 2022-ci ilin “Şuşa İli” elan edilməsi Şuşanın tarixi kimliyini bir daha özünə qaytarılması, “Şuşasız Qarabağ, Qarabağsız Şuşa yoxdur” deyən Dahi Öndər Heydər Əliyevin bu arzusunun bu gün Prezident İlham Əliyev “Şuşasız işimiz yarımçıq qalar” deyərək reallaşdırılmasıdır. Bəli, Prezident İlham Əliyevin xüsusi nəzarət və diqqəti ilə şəhidlərimizin qanı bahasına azad edilmiş şəhərlərimiz, kəndlərimiz qısa zamanda dirçələcək, işğal dövründə düşmənə boyun əyməyən Şuşa, milli mədəniyyətimizin ünvanı kimi tarixi şöhrətini bərpa edəcək. Dövlət başçımızın dediyi kimi: "Şuşa nəinki Azərbaycanın, bölgənin, bəlkə də dünyanın mədəniyyət paytaxtlarından birinə çevriləcəkdir. Şuşada çox zəngin mədəni həyat olmalıdır”.
RƏFİQƏ KAMALQIZI